Erməni analitik və “Azad Vətəndaş” təşkilatının rəhbəri Ovsep Xurşudyan “Sotavision” YouTube kanalına müsahibəsində Ermənistanın xarici siyasət prioritetləri, Rusiya ilə münasibətləri və Avropa İttifaqına inteqrasiya perspektivləri barədə danışıb.
KONKRET.az xəbər verir ki, Xurşudyan seçkilər öncəsi verdiyi açıqlamada Ermənistanda Rusiyayönlü siyasi qüvvələrin Qarabağ münaqişəsindən daxili siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını iddia edib.
Onun sözlərinə görə, son illərdə Moskva İrəvanın müttəfiqi kimi ardıcıl davranmayıb və bu vəziyyət Ermənistanı yeni iqtisadi tərəfdaşlar və alternativ bazarlar axtarmağa sövq edir.
Analitik bildirib ki, Rusiya tərəfindən Ermənistan məhsullarına, o cümlədən mineral sulara, meyvə-tərəvəz və balıq məhsullarına tətbiq edilən məhdudiyyətlər ölkə iqtisadiyyatına mənfi təsir göstərib.
Xurşudyanın iddiasına görə, bu şəraitdə İrəvan Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirməyə çalışır və Brüssel Ermənistan fermerlərinə, eləcə də ixrac marşrutlarının şaxələndirilməsinə dəstək verir.
O, qeyd edib ki, Türkiyə və Gürcüstan üzərindən logistik marşrutların inkişaf etdirilməsi Ermənistan məhsullarının Avropa bazarına çıxış imkanlarını genişləndirə bilər.
Xurşudyanın fikrincə, Ermənistanın Avropa İttifaqına inteqrasiyası uzunmüddətli prosesdir və bunun üçün geniş hüquqi və institusional islahatlar tələb olunur. O, gələcəkdə geosiyasi amillərin təsiri ilə Ermənistanın Avropa İttifaqı ilə gömrük ittifaqına bənzər mexanizmlərə qoşula biləcəyini də istisna etməyib.
Bununla yanaşı, analitik parlamentdə Rusiyayönlü qüvvələrin güclü təmsil olunacağı təqdirdə Avropa inteqrasiyası prosesinin ləngiyə və ya müxtəlif maneələrlə üzləşə biləcəyini vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
