Avropada həyəcan təbili: Trampın Rusiya ilə “böyük sövdələşməsi” nəyi dəyişəcək?backend

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan “Böyük sövdələşmə” planlarından ciddi narahatlıq keçirirlər.

Brüsseldə ehtiyat edirlər ki, Vaşinqton Moskva ilə NATO-nun gələcək rolu, ABŞ-ın Avropadakı hərbi mövcudluğu və qitənin təhlükəsizlik prinsipləri barədə avropalıların razılığı olmadan razılaşa bilər.

Bu barədə “Financial Times” və “Politico” Avropa İttifaqının rəsmilərinə, NATO diplomatlarına və Avropa hökumətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.

Narahatlığa səbəb Donald Trampın noyabrın 5-də Ağ Evdə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra səsləndirdiyi fikirlər olub. ABŞ prezidenti tərəflərin Ukrayna münaqişəsinin hüdudlarını aşan genişmiqyaslı razılaşmaya yaxınlaşdığını bildirib.

“Bu, çox böyük bir saziş olacaq. O, təkcə Ukraynaya aid olmayacaq. Hətta deyə bilərəm ki, bütün Avropanı əhatə edə bilər. Bu, böyük, möhtəşəm bir sövdələşmə olacaq və hamı məmnun qalacaq”, – deyə Tramp mümkün razılaşmanın konkret məzmununu açıqlamadan bəyan edib.

Diqqətçəkən məqamlardan biri də həmin gün Ağ Evdə Ukrayna nümayəndəsi David Arahamiya da olsa da, Trampın onunla deyil, yalnız Dmitriyevlə ayrıca görüş keçirməsidir. Ukrayna tərəfi həmin görüşdə iştirak etməyib. Bu barədə “The Washington Post” yazıb.

Demək olar ki, eyni vaxtda ABŞ prezidentinin kürəkəni və Ukrayna üzrə danışıqlarda iştirak edən Cared Kuşner Rusiyanın da iştirakı ilə yeni Avropa təhlükəsizlik sisteminin yaradılması ideyasını irəli sürüb. Onun sözlərinə görə, Amerika administrasiyası təkcə hərbi əməliyyatların dayandırılmasına deyil, gələcəkdə yeni münaqişələrin qarşısını ala biləcək uzunmüddətli mexanizmlərin formalaşdırılmasına çalışır.

“Bizim məqsədimiz bütün tərəflərin təhlükəsizlik maraqlarını nəzərə alan praktiki razılaşmalar hazırlamaq, gələcək münaqişələrin riskini azaltmaq, daha sabit və proqnozlaşdırıla bilən təhlükəsizlik mühiti yaratmaqdır”, – deyə Kuşner bildirib.

O, gələcək sazişin beş əsas istiqamətini də açıqlayıb. Bunlara təhlükəsizlik məsələləri üzrə daimi məsləhətləşmələr, böhran vəziyyətlərində etibarlı rabitə kanallarının yaradılması, hərbi fəaliyyətin şəffaflığının artırılması, eskalasiya riskinin azaldılması üçün qarşılıqlı tədbirlər və uzunmüddətli Avropa təhlükəsizlik sisteminin formalaşdırılması daxildir.

Lakin məhz bu təşəbbüs Avropanın ən sərt reaksiyasına səbəb olub.

“Politico” nəşrinin 12 NATO diplomatı, Aİ nümayəndəsi və milli hökumət rəsmisi arasında keçirdiyi sorğudan məlum olub ki, Vaşinqton avropalı müttəfiqləri planları barədə əvvəlcədən məlumatlandırmayıb. Alyansın üç diplomatı da tərəfdaş ölkələrin müvafiq izahat almadığını təsdiqləyib.

“Kuşnerin konkret olaraq nəyi nəzərdə tutduğu tam aydın deyil. Avropada ümumi qənaət belədir ki, Rusiya ilə gələcək təhlükəsizlik arxitekturasına dair istənilən danışıqlar Moskva tərəfindən öz tələblərini legitimləşdirmək üçün istifadə olunacaq. Avropa müttəfiqləri buna razı olmayacaqlar”, – deyə NATO diplomatlarından biri bildirib.

Digər yüksək vəzifəli avropalı rəsmiyə görə, Kuşnerin açıq şəkildə sadaladığı təkliflər ilk baxışdan məqbul görünür. Ancaq onların arxasında daha genişmiqyaslı siyasi və geosiyasi razılaşmaların dayanması ehtimalı Brüsseli narahat edir.

“Formal baxımdan irad tutulacaq bir məqam yoxdur. Lakin biz bilirik ki, pərdə arxasında başqa proseslər gedir”, – deyə o vurğulayıb.

“Financial Times” da Kuşnerin Avropada yeni təhlükəsizlik sisteminin yaradılması ilə bağlı fikirlərinin Avropa paytaxtları üçün gözlənilməz olduğunu yazır.

Avropa hökumətləri ehtiyat edirlər ki, Amerika administrasiyası Moskva ilə qitənin təhlükəsizlik arxitekturasını yenidən müəyyənləşdirməyə çalışa və bununla da Rusiyanın qonşu ölkələr üzərində xüsusi təsir dairəsinə malik olması iddiasını faktiki olaraq tanıya bilər.

“Müharibə başa çatana qədər Avropanın təhlükəsizliyi ilə bağlı paralel danışıqlar aparılmayacaq. Üstəlik, Rusiyanın nə istədiyini bilirik və bu, baş verməyəcək”, – deyə Avropa rəsmilərindən biri “Financial Times” qəzetinə bildirib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, NATO-nun roluna yenidən baxılması və ya alyansın Avropadakı hərbi mövcudluğunun azaldılması müzakirə edilə biləcək güzəştlər sırasına daxil deyil. Çünki belə qərarlar bütün Avropa dövlətlərinin maraqlarına toxunur və yalnız ABŞ-Rusiya danışıqları çərçivəsində qəbul edilə bilməz.

Bununla belə, danışıqların özünün hansı formatda aparıldığı da hələlik aydın deyil. Avropa hökumətləri ortada razılaşdırılmış saziş layihəsinin olub-olmadığını, Vaşinqtonun Moskva ilə hansı öhdəlikləri müzakirə etməyə hazırlaşdığını bilmirlər.

“Bütün bu danışıqlar çox qeyri-mütəşəkkil, xaotik və qeyri-ardıcıldır. Hətta müzakirə olunan konkret sənəd və ya saziş layihəsi də yoxdur”, – deyə Avropa rəsmilərindən biri nəşrə bildirib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas noyabrın 6-da Rusiyanın şərtləri əsasında mövcud təhlükəsizlik mexanizmlərinə yenidən baxılması ideyasını açıq şəkildə rədd edib.

“Bizim artıq Avropa təhlükəsizlik arxitekturamız var – NATO və Avropa İttifaqı. Hər birinin öz rolu var. Biz Ukraynanın bu arxitekturaya inteqrasiyasını təmin etməliyik. Problem ondadır ki, Rusiya onun əsasını təşkil edən müqavilələri pozmaqda davam edir. Putinin Avropanın təhlükəsizliyinə veto qoymaq hüququ yoxdur”, – deyə Kallas Varşavada keçirilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, NATO 2021-ci ildə də Rusiya üçün təhlükə yaratmırdı, indi də yaratmır. Moskvanın alyansın fəaliyyətini məhdudlaşdırmaq cəhdləri isə Avropanın təhlükəsizlik sisteminə yenidən baxılması üçün legitim əsas sayıla bilməz.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də Vaşinqtonla Moskva arasında Avropa müttəfiqlərinin iştirakı olmadan hər hansı razılaşmanın əldə edilməsinə qarşı çıxıb.

“Ukraynanın və Avropanın gələcəyi ilə bağlı bizim başımızın üstündən bağlanacaq saziş nəinki məntiqsiz olardı, həm də faktiki olaraq mümkün deyil”, – deyə Sikorski bəyan edib.

Varşavadakı görüşlərdə iştirak edən Ukraynanın xarici işlər naziri Andrey Sibiha isə Rusiyanın Avropa təhlükəsizliyinin təminatçısı roluna iddia edə bilməyəcəyini bildirib.

“Biz Rusiyanın Avropada təsir dairələrini müzakirə etməli deyilik. Əksinə, Rusiyadan özümüzü necə qorumalı olduğumuz barədə danışmalıyıq”, – deyə Sibiha vurğulayıb.

Şimali Avropa və Baltikyanı ölkələrin səkkiz dövlətinin rəhbərlərinin görüşündən sonra Litva prezidenti Gitanas Nauseda da oxşar mövqedən çıxış edib. O, Avropa ölkələrinin həm Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda, həm də qitənin gələcək təhlükəsizlik sisteminin formalaşdırılması prosesində iştirak etməli olduğunu bildirib.

“Politico”nun məlumatına görə, Avropa diplomatları Rusiya ilə danışıqların zəruriliyini inkar etmirlər. Lakin onların fikrincə, müharibədən sonrakı təhlükəsizlik arxitekturası ilə bağlı məsələlər hərbi əməliyyatlar davam etdiyi bir vaxtda və Avropa dövlətlərinin iştirakı olmadan həll edilə bilməz.

“Kiyevdə və Avropanın digər paytaxtlarında danışıqlarda iştirak etmək istəyi var. Rusiyaya etimad səviyyəsi isə olduqca aşağıdır. Bununla belə, Avropa İttifaqı bu prosesi bloklamır”, – deyə Avropa diplomatlarından biri nəşrə bildirib.

Həmin diplomat hesab edir ki, Amerika administrasiyası Ukrayna müharibəsinin Avropa dövlətləri üçün nə dərəcədə əhəmiyyətli olduğunu lazımi səviyyədə qiymətləndirmir.

“Trampın ətrafı bu münaqişənin Avropa üçün nə qədər vacib olduğunu və Ukrayna üçün əlverişsiz nəticənin bütün Avropa baxımından nə qədər təhlükəli ola biləcəyini lazımi səviyyədə dərk etməyib”, – deyə o qeyd edib.

Avropanın narahatlığını artıran digər məsələ dekabr ayında ABŞ-ın qitədəki hərbi mövcudluğuna yenidən baxılması ehtimalıdır. NATO diplomatları ehtiyat edirlər ki, Tramp administrasiyası Amerika qoşunlarının sayının azaldılmasını Rusiya ilə əldə ediləcək yeni razılaşmanın şərtlərindən birinə çevirə bilər.

“Bu, otaqdakı fildir. Bir məsələ Avropanın təhlükəsizlik arxitekturasını ABŞ-ın hazırkı hərbi mövcudluğu şəraitində müzakirə etməkdir. Tamamilə başqa məsələ isə gələcəkdə necə formalaşacağı bəlli olmayan şəraitdə belə müzakirələr aparmaqdır”, – deyə NATO diplomatlarından biri bildirib.

ABŞ hərbi qüvvələrinin Avropadan çıxarılması və ya sayının azaldılması perspektivi özlüyündə ciddi narahatlıq doğurur. Çünki Birləşmiş Ştatlar NATO-nun hərbi imkanlarının mühüm hissəsini, o cümlədən strateji kəşfiyyat, logistika, raketdən müdafiə və nüvə çəkindirməsi sahələrini təmin edir. Buna görə də Vaşinqtonun hərbi siyasətində mümkün dəyişikliklər Avropada qüvvələr balansına ciddi təsir göstərə bilər.

Digər tərəfdən, Avropa dövlətlərinin özləri də sülh danışıqlarında necə təmsil olunacaqları barədə vahid mövqeyə malik deyillər. “Financial Times” yazır ki, Avropa hökumətləri qitəni kimin təmsil etməli olduğu və Vaşinqtonun qərarlarına hansı mexanizmlərlə təsir göstərməyin mümkünlüyü barədə fikir ayrılığı yaşayırlar.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin baş müşaviri Byorn Zaybert noyabrın 6-da milli təhlükəsizlik üzrə müşavirlərin məsləhətləşmələrindən sonra Aİ-yə üzv dövlətlərin səfirləri üçün brifinq keçirib.

Avropa paytaxtları ümumi mövqe formalaşdırmağa çalışsalar da, diplomatik proses onların ortaq qərar qəbul etməyə macal tapmasından daha sürətlə inkişaf edir.

“Hadisələr çox sürətlə cərəyan edir”, – deyə Aİ diplomatlarından biri etiraf edib.

“Politico”nun məlumatına görə, Ukrayna məsələsi və Rusiya ilə mümkün danışıqlar gələn həftə Dublində keçiriləcək Avropa liderlərinin qeyri-formal görüşündə də müzakirə oluna bilər.

Əvvəlcə süni intellekt mövzusuna həsr olunması nəzərdə tutulan görüşün gündəliyi Vaşinqtonun son diplomatik təşəbbüsləri fonunda dəyişə bilər.

Beləliklə, Avropada narahatlığın əsas səbəbi təkcə Trampın Rusiya ilə mümkün razılaşması deyil. Daha ciddi məsələ qitənin gələcəyinə təsir edəcək qərarların Avropanın öz iştirakı olmadan qəbul edilməsi ehtimalıdır.

Görünür, avropalılar nəhayət, bir şeyi anlamağa başlayıblar: böyük dövlətlər arasında bağlanan sövdələşmələrdə masada olmayan tərəflər çox vaxt həmin sövdələşmənin nəticələrini yaşamağa məhkum olurlar.

Deməli, nəsə şübhələnməyə başlayıblar…

Müəllif: Aleksandr Timoşenko
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*