1967-ci ildə amerikalı müəllim Ron Cons cəmi bir həftə ərzində öz sinfində Hitler gəncliyini xatırladan bir hərəkat yaratdı. Şagirdlər qısa müddətdə sərt intizama, kollektiv itaətə və seçilmişlik düşüncəsinə alışdılar. Təcrübə isə insan psixologiyasının, kütləvi itaətin və avtoritar ideologiyanın nə qədər təhlükəli ola biləcəyini nümayiş etdirdi.
Təcrübənin nəticələri barədə Cons da, onun şagirdləri də uzun illər danışmadılar. Hadisə haqqında ilk məlumatlar yerli məktəb qəzetində dərc olunsa da, geniş ictimaiyyət bu əhvalatı yalnız 1976-cı ildə professorun xatirələrini və təcrübə ilə bağlı essesini yayımlamasından sonra öyrəndi. Yazı oxucuların, eləcə də televiziya prodüserlərinin böyük marağına səbəb oldu.
Ron Cons Kaliforniyanın Palo-Alto şəhərində yerləşən məktəblərdən birində yuxarı siniflərə tarix dərsi deyirdi. Bir gün İkinci Dünya müharibəsi və Nasist Almaniyası mövzusunu müzakirə edərkən şagirdlərdən biri ona belə bir sual verdi: Almaniyanın adi vətəndaşları nasist rejiminin törətdiyi dəhşətlərə necə bu qədər uzun müddət göz yuma bilmişdilər? Müharibədən sonra bir çox alman öz hərəkətsizliyini baş verənlərdən xəbərsiz olması ilə necə əsaslandırırdı?
Consun bu suala hazır cavabı yox idi. O, insan psixologiyasının mürəkkəbliyi barədə uzun mühazirə oxumaq əvəzinə, şagirdlərə həmin sualın cavabını praktik şəkildə anlamağa kömək edəcək bir təcrübə keçirməyi təklif etdi. Təcrübə bir dərs həftəsi davam etməli idi: bazar ertəsi başlayacaq, cümə günü isə başa çatacaqdı.
İntizamdan başlayan dəyişiklik
İlk gün Cons şagirdlərə intizamın gücünü nümayiş etdirməyə başladı. O, əmr tonunda hamıya yeni oturuş qaydasını izah etdi: qollar kürəyin arxasında birləşdirilməli, ayaqlar yerə tam basılmalı, dabanlar yanaşı saxlanılmalı, dizlər 90 dərəcə bucaq altında bükülməli, bel düz tutulmalı, çənə isə bir qədər aşağı salınmalı idi.
Şagirdlər bu vəziyyəti yadda saxlamalı və parta arxasında əyləşən kimi dərhal həmin qaydaya əməl etməli idilər. Məşq dəfələrlə təkrarlandı. Müəllim ayrı-ayrı şagirdlərin duruşuna, qollarının və ayaqlarının vəziyyətinə diqqət yetirərək səhvləri düzəldirdi.
Daha sonra Cons sinifdə yeni davranış qaydalarını elan etdi. Şagirdlər zəng çalınmazdan əvvəl yerlərində olmalı, hər dərsə qələm və kağız gətirməli idilər. Sual vermək istəyən ayağa qalxmalı və müəllimə “Cənab Cons” deyə müraciət etməli, cavablar isə mümkün qədər qısa, üç sözdən artıq olmamalı idi.
Düzgün cavab verənləri və yerində suallar ünvanlayanları müəllim tərifləyirdi. Dərsin sonuna yaxın bütün şagirdlər müzakirələrdə fəal iştirak etməyə başladılar. Halbuki bu, Consun sinfi üçün adi hal deyildi. Əvvəllər müzakirələrdə əsasən bir neçə fəal şagird iştirak edir, digərləri isə kənarda qalırdılar.
Müəllim yeniyetmələrin həvəsinə və onun bütün göstərişlərini belə həvəslə yerinə yetirmələrinə heyran qalmışdı.
Ertəsi gün sinfə daxil olan Cons bütün şagirdlərin əvvəlki gün öyrədilən qaydada oturduğunu gördü. O, lövhəyə iki şüar yazdı: “Güc intizamdadır” və “Güc birlikdədir”.
Daha sonra şagirdlərə vahid orqanizm kimi fəaliyyət göstərməyin, hər kəsin digərinin dəstəyini hiss etdiyi sıx kollektivə çevrilməyin vacibliyindən danışdı.
Cons iki şagirdi ayağa qaldıraraq lövhədəki şüarları ucadan səsləndirməyi tapşırdı. Ardınca onlara daha iki nəfər qoşuldu və tədricən bütün sinif bu prosesə cəlb edildi.
Dərsin sonunda müəllim şagirdlərə bir-birini salamlayarkən istifadə edəcəkləri xüsusi jest göstərdi. Sağ qol dirsəkdən bükülərək çiyin səviyyəsinə qaldırılır, əl isə dalğa hərəkətini xatırladan formada əyilirdi. Bu salamlaşma “Üçüncü dalğa” adlandırıldı. Consun izahına görə, dalğalar zəncirində üçüncü dalğa ölçüsünə və gücünə görə ən əhəmiyyətlisi idi.
Yeni salamlaşmadan yalnız hərəkatın üzvləri arasında istifadə olunmalı idi. Həmin gün şagirdlər tənəffüsdə dəhlizdə, nahar zamanı yeməkxanada, kitabxanada və idman zalında bir-birlərini bu jestlə salamlayırdılar.
Tezliklə digər şagirdlər də yeni hərəkatla maraqlanmağa başladılar. Onlar qrupa qoşulmağın mümkün olub-olmadığını soruşurdular. Nəticədə ertəsi gün hərəkatın üzvlərinin sayı 30 nəfərdən 43 nəfərə çatdı.
“Üçüncü dalğa” məktəbi bürüyür
Çərşənbə günü Cons şagirdlərə hərəkətin və fəallığın vacibliyindən danışdı. Onun fikrincə, birlik və intizam əməli fəaliyyətlə müşayiət olunmadıqda öz mənasını itirirdi.
Müəllim bütün şagirdlərə üzvlük kartları payladı. Kartlardan üçünün üzərində “X” işarəsi vardı. Bu kartları alanlar qaydalara nəzarət etməli və bütün pozuntular barədə müəllimə məlumat verməli idilər.
Cons şagirdlərdən tələb etdi ki, hərəkatın üzvü olmayan heç kim onun sinfinə daxil olmasın. Onlar, həmçinin kiçik siniflərdən ən azı 20 şagirdi xüsusi oturuş qaydasının daha yaxşı təhsil üçün zəruri olduğuna inandırmalı idilər.
Bundan əlavə, hər bir şagird hərəkatına qoşula biləcək etibarlı dostunun adını və ünvanını kağıza yazaraq müəllimə təqdim etməli idi. Bütün bu yeniliklər şagirdlər tərəfindən böyük həvəslə qarşılandı. Dərsin sonunda Cons onlara hərəkatın vahid rəmzini – “Üçüncü dalğa”nın loqotipini hazırlamağı tapşırdı.
Yeni üzvlərin qəbulu üçün də xüsusi prosedur müəyyənləşdirilmişdi. Hər bir namizəd artıq hərəkatın üzvü olan şagirdlərdən biri tərəfindən qrupa dəvət edilməli, sonra Consdan üzvlük kartı almalı idi. Bundan sonra yeni üzv hərəkatın qaydalarını bildiyini və onlara qeyd-şərtsiz əməl etməyə hazır olduğunu nümayiş etdirməli idi.
Təcrübə barədə xəbər bütün məktəbə yayıldı. Consun xatirələrinə görə, çərşənbə günü hətta məktəbin direktoru da onunla qarşılaşarkən “Üçüncü dalğa”nın salamlaşma jestindən istifadə etdi.
Təcrübənin üçüncü gününün sonuna doğru hərəkatın üzvlərinin sayı 200 nəfəri keçmişdi. Maraqlıdır ki, qayda pozuntuları barədə məlumat vermək səlahiyyəti cəmi üç şagirdə həvalə olunsa da, artıq 20 nəfər könüllü şəkildə xəbərçiliklə məşğul olmağa başlamışdı.
Consun sözlərinə görə, dərslərində və idmanda xüsusi uğurları ilə seçilməyən, məktəbdə özünü çox vaxt tənha və kənarda qalmış hiss edən Robert adlı şagird müəllimin şəxsi mühafizəçisi rolunu öz üzərinə götürmüşdü. O, gün ərzində Consu addım-addım müşayiət edir, onun üçün qapıları açır və daim yanında olmağa çalışırdı. Robert müəllimin başına nəsə gələ biləcəyindən narahat idi.
Sinifdəki bir neçə qız, xüsusilə də Consun istedadlı və çalışqan şagirdlər hesab etdiyi yeniyetmələr baş verənləri valideynlərinə danışmışdılar. Professorun fikrincə, təcrübə ən yaxşı şagirdlərdə müəyyən narazılıq yaratmışdı. Çünki əvvəllər onları digərlərindən fərqləndirən bilik və bacarıqlar artıq əvvəlki əhəmiyyətini itirirdi. Yeni sistemdə əsas meyar fərdi nailiyyət deyil, kollektivə sədaqət və qaydalara itaət idi.
Həmin günlərdə bir ravvin də Consa zəng edərək şagirdlərdən birinin valideynlərinin narahatlığını ona çatdırdı. O, dərslərdə nələrin baş verdiyini nəzakətlə soruşdu. Cons təcrübənin məqsədini izah etdikdən sonra ravvinin ciddi etiraz bildirməməsinə təəccübləndi. Ravvin qızın valideynlərini sakitləşdirəcəyinə söz verdi və müəllimin metodikasına müsbət yanaşdığını bildirdi.
İtaət təhlükəli həddə çatır
Bütün bunlara baxmayaraq, Consun özü getdikcə daha çox narahat olmağa başlamışdı. Təcrübə nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzə idi. Şagirdlər başqa dərslərdən yayınaraq onun sinfinə gəlir, hərəkatın ideologiyasına sədaqət baxımından sinif yoldaşlarını sorğu-suala tutur, bəzən isə onları sərt şəkildə dindirirdilər.
Professor təcrübəni dayandırmağın vaxtı çatdığını anlayırdı. Lakin o, bu mərhələdə prosesi qəfil dayandırmağın şagirdlərin psixologiyasına daha ciddi təsir göstərə biləcəyini düşünərək onu planlaşdırıldığı kimi yekunlaşdırmaq qərarına gəldi.
Növbəti dərsin mövzusu “Qürurda güc” idi.
Cümə axşamı səhər sinifdəki şagirdlərin sayı 80 nəfəri keçmişdi. Otaq ağzına qədər dolmuşdu. Cons onların qarşısında çıxış edərək “Üçüncü dalğa”nın sadəcə məktəb daxilində keçirilən təcrübə olmadığını söylədi. O, guya bu hərəkatın gələcəkdə ölkənin idarəçiliyini öz üzərinə götürə biləcək istedadlı gəncləri müəyyənləşdirmək məqsədi daşıyan ümummilli proqramın bir hissəsi olduğunu bildirdi.
“Siz seçilmişlərsiniz”, “Qürur sizin heç kimin əlinizdən ala bilməyəcəyi dəyərdir”, “Məhz siz millətin gələcəyini dəyişə bilərsiniz”, “Sizin vəzifəniz son günlərdə öyrəndiklərinizdən istifadə edərək nizam yaratmaqdır” – Cons şagirdlərə bu cür müraciət edirdi.
Daha sonra o, təcrübəyə şübhə ilə yanaşan və baş verənlər barədə valideynlərinə danışan üç qızı ayağa qaldırdı. Onlara bir neçə şagirddən ibarət “mühafizə”nin müşayiəti ilə sinfi tərk etməyi əmr etdi.
Cons elan etdi ki, cümə günü televiziyada prezidentliyə yeni namizəd çıxış edəcək və “Gənclərin Üçüncü dalğası” adlı ümummilli proqramı təqdim edəcək. Onun sözlərinə görə, bu proqramda artıq Amerika məktəblərinin 1000-dən çox şagirdi iştirak edirdi.
Müəllim sinifdən jurnalistlərin qarşısına çıxaraq özlərini nümayiş etdirməyə hazır olub-olmadıqlarını soruşdu. Heç kim etiraz etmədi. Şagirdlər razılıqla başlarını tərpətdilər.
Onlar cümə günü günorta saat 12-yə on dəqiqə qalmış məktəbin zalında toplaşmalı və öyrəndiklərini – intizamı, birliyi və qüruru nümayiş etdirməli idilər.
Son dərs: insanı kütləyə çevirən nədir?
Təcrübənin son günü 200-dən çox şagird Consun çıxışını dinləmək üçün auditoriyaya toplaşdı. Müəllim fotoqraf və jurnalist rolunu oynamaq üçün bir neçə dostunu da dəvət etmişdi.
O, mətbuat konfransının beş dəqiqədən sonra başlayacağını bildirdi və həmin müddətdə şagirdlərdən öyrəndiklərini nümayiş etdirmələrini istədi. Cons “Güc intizamdadır” şüarını səsləndirdi. Auditoriyadakı yüzlərlə şagird eyni sözləri xorla təkrarladı.
Sonra müəllim otağın işığını söndürərək televizoru yandırdı. İki yüzdən çox cüt göz ekrana dikildi. Hamı televiziya çıxışının başlamasını gözləyirdi. Lakin iki dəqiqə ərzində ekranda yalnız boş görüntü – ağ fon göründü.
Nəhayət, bir neçə şagird yerindən qalxdı, auditoriyada narazı səslər eşidildi. Cons televizoru söndürdü və danışmağa başladı.
Otaqda tam sükut hökm sürürdü.
“Burada heç bir lider yoxdur. “Üçüncü dalğa” adlı ümummilli gənclər təşkilatı da mövcud deyil. Sizdən istifadə ediblər. Sizi manipulyasiya ediblər. Siz nasist Almaniyasının sakinlərindən nə yaxşısınız, nə də pis. Siz də onlar kimi baş verənlərə qoşuldunuz. Özünüzü seçilmiş hesab etdiniz, bu otaqda olmayan insanlardan üstün tutdunuz. Görəsən, daha nə qədər irəli gedə bilərdiniz? İndi sizə gələcəyinizin necə ola biləcəyini göstərəcəyəm”, – Cons şagirdlərə müraciət etdi.
Bundan sonra o, proyektoru işə saldı. Böyük ekranda Üçüncü Reyxin kinoxronikasından görüntülər peyda oldu: nasistlərin hərbi paradları, konsentrasiya düşərgələrindən çəkilmiş dəhşətli kadrlar və müharibədən sonrakı məhkəmə prosesləri.
Məhkəmədə təqsirləndirilən şəxslərin tez-tez təkrarladıqları bir ifadə xüsusi diqqətə çatdırılırdı: “Mən sadəcə öz işimi görürdüm”.
Nümayişin sonunda ekranda bu sözlər yazıldı:
“Hamı öz günahını dərk etməlidir. Heç kim baş verənlərdə bu və ya digər şəkildə iştirak etmədiyini iddia edə bilməz”.
Görüntülər bitdikdən sonra auditoriyada bir neçə dəqiqəlik sükut yarandı. Şagirdlər tədricən özlərinə gəlməyə başladılar.
Cons bir neçə suala cavab verdikdən sonra sonuncu və ən vacib dərsini izah etmək üçün yenidən söz aldı. Bu dərsin adı “Dərk etmə vasitəsilə güc” idi. Müəllim şagirdlərə ətraflarında baş verənlərə görə məsuliyyət daşıdıqlarını, öz davranışlarını və kollektiv şəkildə yol verdikləri səhvləri dərk etməli olduqlarını anlatmağa çalışdı.
Bir neçə şagird, o cümlədən müəllimin şəxsi mühafizəçisi rolunu üzərinə götürən Robert hönkür-hönkür ağladı. Bəziləri səssizcə auditoriyanı tərk etdi, digərləri isə yaşadıqları sarsıntıdan hələ də özlərinə gələ bilmədikləri üçün yerlərində donub qaldılar.
Təcrübənin yaddaşlarda qalan nəticəsi
Consun sözlərinə görə, keçmiş şagirdlərinin əksəriyyəti uzun illər bu hadisə barədə danışmadı. Çox güman ki, onlar öz davranışlarına görə xəcalət çəkirdilər.
1976-cı ildə professorun təcrübə haqqında essesinin dərc olunmasından sonra hadisəyə maraq xeyli artdı. Cons müxtəlif televiziya proqramlarına dəvət edildi. “Üçüncü dalğa” haqqında bədii və sənədli filmlər çəkildi, kitablar yazıldı, hətta musiqili tamaşa da səhnələşdirildi.
Bu təcrübənin əsas mesajı isə zaman keçdikcə daha da aktuallaşdı: avtoritarizm və kütləvi itaət yalnız qəddar liderlərin iradəsi ilə yaranmır. Onların formalaşmasında fərdi düşüncədən imtina edən, özünü “seçilmişlər” hesab edən və baş verənlərə görə məsuliyyət daşımadığını düşünən adi insanlar da iştirak edirlər.
İnsanları təhlükəli kütləyə çevirən proses çox vaxt böyük şüarlardan deyil, kiçik güzəştlərdən – intizama kor-koranə tabe olmaqdan, fərqli düşünənləri kənarlaşdırmaqdan və özünü digərlərindən üstün hesab etməkdən başlayır.
Tərcümə etdi: Natiq Səlim,
KONKRET.az
Müəllif: Darya Aleksandrova
Şəkildə: “Dalğa” filmindən kadr.
