İyunun 28-də NATO baş katibi Yens Stoltenberqin səlahiyyətləri uzadıla bilər.
KONKRET.az “Euractiv”ə istinadla xəbər verir ki, bunu alyansın məlumatlı diplomatları deyib.
“2014-cü ilin oktyabrından NATO-ya rəhbərlik edən Stoltenberqin bu ilin payızında istefa verəcəyi gözlənilirdi, lakin əvəzində o, daha bir il vəzifəsində qalacaq. Çox güman ki, onun mandatı uzadılacaq”, – deyə onlar qeyd edib.
Həmsöhbətlərdən birinin sözlərinə görə, fırtına zamanı rəhbərliyi dəyişmək təhlükəlidir.
Qeyd olunur ki, onun Danimarkanın baş naziri Mette Frederiksen, Böyük Britaniyanın müdafiə naziri Ben Uolles, İspaniyanın baş naziri Pedro Sançes kimi mümkün davamçılarından heç biri Şimali Atlantika Alyansına üzv olan 31 ölkə arasında böyük dəstək qazanmayıb.
Bununla belə, bəzi NATO üzvləri Stoltenberqin davamçısı üçün uzun axtarışların yarada biləcəyi problemə işarə ediblər.
“Əgər müttəfiqlər yeni kompromis namizəd tapa bilməsələr, bu, böyük bir demokratik kəsir kimi görünə bilər”, – alyansın diplomatlarından biri deyib.
