Ermənistanda Köçəryanın timsalında revanşistlərə dəstək verən Rusiya eyni xətti Qarabağda da davam etdirir. Sülhməramlıların komandanı general Rüstəm Muradovun Xankəndidə görüşdüyü ermənilər bu kontekstdə təsadüfi deyil. Rüstəm Muradovun Xankəndidə iki biznesmenlə – bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla görüşüb nahar etməsi hər kəsdə bir sual yaradıb ki, sülhməramlı general nə etməyə çalışır?
Qeyd edək ki, Armen Balayan Robert Koçaryana yaxınlığı ilə tanınır. Bu naharın Putin-Koçaryan görüşündən sonra olması xüsusilə diqqət çəkir. Ekspertlər hesab edir ki, Rusiya İrəvanda Koçaryan, Xankəndində Balasanyan komandasını gücləndirir. Növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayan Rusiya Erməniləri Birliyinin rəhbəri (REB), milyonçu Ara Abramyanın əsas missiyasından biri də seçkidə rus cəbhəsinin maliyyəsini təmin etmək olacaq. Xankəndidə də Muradov pullu erməniləri Balasanyan komandasının maliyyələşməsinə cəlb edir. Həmçinin Rusiya Qarabağa qaytardığı ermənilərin orada yaşaması üçün lazım olan maliyyə vəsaitini erməni biznesmenlərin üzərinə qoyur. Bütün bunlar isə son nəticədə Rusiyanın Qarabağdakı mövcudluğunun ömrünü uzatmağa hesablanıb.
Məsələ ilə bağlı danışan politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rüstəm Muradovun fəaliyyətinin onun “sülhməramlı missiyası” ilə yaxından-uzağa heç bir əlaqəsi yoxdur:
“Bu şəxs Xankəndidə siyasətlə məşğul olur və özünü çar Rusiyasının general-qubernatoru kimi aparır. Onun Bakıdan boş təyyarə ilə geriyə qayıtdıqdan sonra, Robert Koçaryanın yaxın ətrafına, həmçinin ermənilərin Moskvadakı biznes elitasına daxil olan şəxslərlə görüşməsi də, ola bilsin ki, Rüstəmin Bakıdan suyu süzülə-süzülə geri qayıdışına onun və idarəçilərinin reaksiyasıdır. Ümumiyyətlə, Rusiyanın sülhməramlı missiyası ilə bağlı məsələyə, düşünürəm ki, yenidən baxmağın zamanıdır. Bu missiyanın Azərbaycan ərazilərindəki fəaliyyəti 10 noyabr 2020-ci il bəyanatının 3 və 4-cü bəndləri ilə tənzimlənir. 3-cü bənddə sülhməramlı kontingentin, onların istifadəsində olan hərbi və xüsusi texnikanın, avtomobillərin sayı göstərilir. 4-cü bənddə isə onların Azərbaycan ərazisində mövcud olacaqları müddət və sair bu kimi məsələlər yer alır. Sülhməramlı kontingentin Azərbaycan torpaqlarında olduğu müddətdə nə ilə məşğul olacağı, səlahiyyətlərinin sərhədləri ilə bağlı bəyanatda heç bir məqam yer almayıb. Bütövlükdə sülhməramlı missiyaların fəaliyyəti BMT-nin ümumi doktrinası ilə müəyyənləşir. Bu doktrinanın da əsas prinsiplərindən biri sülhməramlıların olduqları ərazidə həmin ərazi üzərində beynəlxalq səviyyədə tanınmış suveren hüquqları olan dövlətin qanunlarının işləməsini təmin etməkdən ibarətdir. Amma bəlli olduğu kimi, Rüstəm özünü dərəbəyliyin kəndxudası kimi aparır və səlahiyyətlərindən, başından böyük işlərlə məşğul olur. Bu baxımdan da Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindəki mövcudluğu ölkə qanunvericiliyi ilə müəyyənləşməli və Rüstəm Muradovun yaratdığı dərəbəyliyə son qoyulmalıdır. Qeyd edim ki, ölkəmizdə Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında” Qanun 11 may 2010-cu ildən qüvvədədir. Hüququn fəlsəfəsinə görə, Azərbaycan ərazisindəki sülhməramlıların fəaliyyəti də sözügedən qanunun fəlsəfəsinə uyğun tənzimlənməli və xarici sülhməramlı qüvvələrin ölkəmizin sərhədləri daxilində mövcudluğu ilə bağlı müvafiq hüquqi-normativ akt qəbul olunmalıdır”.
