Üç gündür itkin düşən Yusifin meyiti tapıldı – FOTO – YENİLƏNİBbackend

Üç gündür itkin düşən Yusifin meyiti tapıldı - FOTO - YENİLƏNİB

Sentyabrın 2-də Sumqayıtda itkin düşən uşağın meyiti tapılıb.

KONKRET.az-ın məlumatına görə, 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun meyiti bu gün Ceyranbatan su anbarından tapılıb.

Qeyd edək ki, sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. İlkin olaraq, Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu və polis əməkdaşlarının iştirakı ilə Y.Davudovun itkin düşdüyü ehtimal olunan ərazidə axtarış işlərinə başlanılıb. Uşağın Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

12:19
Samur-Abşeron kanalında 10 yaşlı uşaq batıb.

KONKRET.az xəbər verir ki, bu barədə onun dayısı Tural Cavadlı bildirib.

O qeyd edib ki, bacısı oğlu, 2010-cu il təvəllüdlü Yusif Davudzadə üç gün əvvəl təxminən saat 18 radələrində Samur-Abşeron kanalının “Stansiya Sumqayıt” ərazisindən keçən hissədə baş verib:

“Həmin vaxt Yusif əmisi uşaqları ilə kanalın kənarında oynayırdı. Bu vaxt Yusif ayağını suya salıb-çıxarmaq istəyib. Bu zaman ayağı sürüşüb, kanala düşərək boğulub. Bizə Yusifin boğulması barədə yanında olan uşaqlar deyib, onlar da prokurorluq əməkdaşları tərəfindən dindiriliblər. Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib axtarışa başladı.

Onlar guya üç gündür Yusifi axtarır. Lakin axtarışlar heç bir nəticə vermir, bu da bizi qane etmir, nəticə əldə olunmasını istəyirik. Deyirlər ki, axtarış aparılır, lakin bu barədə heç bir sübut yoxdur. Onlar bizə suyun altından video və fotolar təqdim etmirlər. Biz bu axtarışlara inanmırıq.

Hazırda bizi Ceyranbatan su anbarına buraxmırlar, orada kiçik bir aksiya keçiririk. Uşağımızın tapılmasını tələb edirik. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, bizim balamızın tapılması üçün ciddi axtarış aparılısın”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, sentyabrın 2-də nazirliyin “112” qaynar xəttinə Yusif Bəhlul oğlu Davudzadənin itkin düşməsi barədə məlumat daxil olub:

“Məlumatda hadisənin “Stansiya Sumqayıt” ərazisində qeydə alındığı bildirilib. İlkin olaraq uşağın kanala düşməsi, su hövzəsi ilə bağlı bizə məlumat verilməyib. Həmin məlumatı aldıqdan sonra nazirlik dərhal həmin məlumatı aidiyyəti qurumlara ötürüb və axtarışlara başlanılıb. Axtarışlara nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Kinoloji Xidməti də cəlb edilib. Daha sonra araşdırma nəticəsində Yusifin yanında olan digər uşaq bildirib ki, Yusif həmin ərazidəki təxminən 2 metr dərinliyi olan gölməçəyə düşərək boğulub. Dərhal əraziyə nazirliyin xilasediciləri yönəldilib. Gecə suda xilasetmə işləri aparılıb və heç bir nəticə əldə olunmayıb. Sonra Yusifin yanında olan uşaq təkrar dindirilib. O deyib ki, “Yusif həmin gölməçədə deyil, Samur-Abşeron kanalına düşüb boğulub və mən də qorxub qaçmışam”. Həmin uşağın əvvəl dediyi gölməçə ilə Samur-Abşeron kanalı arasında təxminən 3 kilometr məsafə var.

Samur-Abşeron kanalında da çox sürətli su axını var. Kanalda axtarışlara başlanılması üçün tərəfimizdən aidiyyəti qurumlara müraciət olunub. Çünki kanalda su kollektoru bağlanmalıdır. Fəslə görə də bunun bağlanması problemli olduğu üçün hələ də su kollektoru bağlanmayıb. Hazırda sürətli su axınında xilasediciləri kanala salıb, axtarış aparmaq mümkün deyil. Bir daha vurğulayıram ki, bütün bu axtarış işləri ehtimallar üzərindən aparılır. Çünki Yusifin yanında olan uşağın ilkin olaraq dediyi yerdə axtarış aparılıb. Uşağın dəqiq harada batdığı məlum deyil”./report/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*