Şuşaya atılmış “İskəndər” müəmması: Rusiyadakı araşdırmalar məsələyə aydınlıq gətirəcəkmi…backend

Şuşaya atılmış “İskəndər” müəmması: Rusiyadakı araşdırmalar məsələyə aydınlıq gətirəcəkmi...

Azərbaycana qarşı beynəlxalq cinayətə yol verilməsi faktı ətrafında müzakirələr səngimir; operativ-taktiki raket komplekslərinin “izi” hara aparacaq?

Ermənistanın insanlıq əleyhinə törətdiyi daha bir cinayətinin üstünün açılması istiqamətində cərəyan edən proseslər növbəti mərhələyə adlayıb. Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat Departamenti Ermənistana qanunsuz ötürülmüş və Qarabağda tətbiq edilmiş “İskəndər-M” operativ-taktiki raketləri ilə bağlı təhqiqat başladıb.

İddialara görə, məlum olub ki, həmin raketlər Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rrusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülüb. Bu, Rusiya hərbi və xüsusi xidmət dairələri tərəfindən olduqca sərt cavab tələb edən situasiyadır. Haqqin.az Moskvadakı mənbələrdən öyrənib ki, ötən ilin payızında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana Rusiyadan qanunsuz silah təchizatı barədə bəyanatından sonra Rusiya Müdafiə Nazirliyinin bəzi məmurlarının bu işə cəlb olunması ilə bağlı xidməti araşdırma başladılıb. Araşdırma şok nəticələr üzə çıxarıb. Hərbi dairənin raket-artilleriya silahları anbarından verilmiş şübhəli qaimələr, hərbi-nəqliyyat aviasiyasının Ermənistana tərəf izahedilməz reysləri, nəhayət, Rusiyada yaşayan erməni biznesmen Karen Karapetyanın “metallom” qiymətinə aldığı “İl-76″ təyyarəsi əks-kəşfiyyat əməkdaşlarında şok effekti yaradıb. Sözügedən materialda bildirilir ki, Rusiyadan muzdluların və silahlıların Qarabağa göndərilməsi, bəzi məmurların bank hesablarındakı köçürmələr barədə FTX-nin ərazi idarələrindən daxil olan məlumatlar bir infomasiya axınına cəmləşdirilib, ümumi mənzərə yaranıb.

Məlum olub ki, Cənub hərbi dairəsində Rusiyadakı erməni diasporu Ermənistana qeyri-leqal silah təchizatı üçün öz şəbəkəsini qurub. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, erməni diasporunun və onunla bağlı olan adamların hərəkətləri bütün qırmızı xətləri keçib. İctimai-siyasi fəaliyyətlə bir araya sığmayıb və dövləti xəyanət sayıla bilər. Tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç “İskəndər-M” raketi, üstəlik minalar, patronlar, atıcı silahlar Rusiya hərbi dairəsinin anbarlarından iri miqyasda Ermənistana ötürülüb. Pullarını isə Krasnoyarskdan, Krasnodar vilayətindən, Tula, Orlov vilayəti, Moskva, Sankt-Peterburq və hətta Xabarovskdan olan erməni biznesmenlər öz hesablarından ödəyib. Ticarət mərkəzləri, tikinti kontorları, hər cür mallar satan erməni dükanları-hamısı bu sxemdə yer alıblar. Lakin erməni xəsisliyi bu işdə də özünü göstərib. “İşlər belədir ki, onlar bir çox şeylər alıblar, dərk etməyiblər ki, istər ”Kornet” olsun, istər “İsgəndər”, mürəkkəb idarəetmə, tuşlama və digər sistemlər tələb edir. Bu mürəkkəb sistemləri almaqda xəsislik ediblər, fikirləşiblər ki, düyməni basdın, vəssalam, raket gedib hədəfə dəyəcək”, – Rusiya hərbi-sənaye çevrələrindəki bir mənbə Haqqin.az-a deyib. Mənbə bildirib ki, FTX və Müdafiə Nazirliyinin rəhbərliyi “İskəndər-M” raketlərinin Ermənistana qanunsuz təchizatı ilə bağlı ölkə rəhbərliyinə məruzə ediblər.

Qeyd edək ki, 44 günlük müharibədə “İskəndər” raketlərinin tətbiq olunduğu barədə ilk rəsmi etiraf baş nazir Nikol Paşinyandan gəlmişdi. Onun bu açıqlaması təkcə erməni cəmiyyətində deyil, beynəlxalq aləmdə də şok effekti yaratmışdı. Baş nazir dağıdıcılıq gücünə görə böyük imkanlara malik olan raketlərin cəmi 10 faizinin partladığını iddia etməklə saysız-hesabsız polemikalara rəvac verib. Düzdür, burada Rusiya hərbi potensialına zərbə vurmaq elementlərinin olduğu da iddia olunur. Ancaq hər halda, söhbət bir ölkənin hökumət başçısının iddialarından gedir. Keçmiş prezident Serj Sərksiyan isə demişdi ki, “İskəndər”dən müharibənin ilk günlərində istifadə olunmalı idi, ancaq gec istifadə olundu. Bundan əlavə, general Movsesyan başda olmaqla bir sıra erməni generalları da Azərbaycana qarşı bu silahdan istifadəni etiraf ediblər və hazırda dünyanın bir çox media orqanları ANAMA tərəfindən Şuşada aşkarlanan “İsgəndər”in qalıqlarından bəhs edir. 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiyanın balansı qorumaq üçün Ermənistana “İsgəndər” operativ raket komplekslərini verdiyi barədə çoxsaylı materiallar dərc olundu və heç biri rəsmən təkzib edilmədi.

Əksinə, o zaman prezident kürsüsündə oturan S.Sərksiyan demişdi ki, “”İskəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi məcburi atılmış addımdır. Bu addım regionda güc balansını bərpa etmək üçün atılmış məcburi addım idi. Sirr deyil ki, son bir neçə ildə Azərbaycan ən müasir silahlar alıb. Biz maliyyə baxımından Azərbaycanın malik olduğu imkanlardan məhrumuq, amma yenə də balansı qorumaq üçün vasitə tapırıq. Hesab edirəm ki, “İskəndər” məhz belə vasitədir”. Ermənistan prezidenti balansın qorunmasından Rusiyanın da böyük rolu olduğunu da söyləmişdi. “Düşünürəm ki, Rusiya məhz balansı qorumaq baxımından hərbi mənada çox əla olan bu sistemləri (İskəndər-red.) bizə satdı”. Düzdür, Ermənistanın “İskəndər”ləri pulla ala biləcək qədər imkanı olmayıb. Sadəcə, Sərkisyan “pay verdi” əvəzinə, “satdı” deyib. Amma axı, Moskva o vaxtdan bəri Sərkisyanı təkzib etməyib. Əksinə, Rusiyanın müstəqil hərbi icmalçısı, “Novaya qazeta”nın təhlilçisi Pavel Felqenqauer o zaman demişdi ki, istənilən halda bu komplekslərin Ermənistana tədarükü regionda balansı dəyişir. Sitat:  “Balans üçün ola bilsin Rusiya belə raket komplekslərini Azərbaycana satsın”. Bu fikirlər də rəsmi cavabını almamışdı. İndi necə olur “özəl şirkətlərin özbaşınalığı” müzakirə mövzusu olur?

Bəzi müşahidəçilərin fikrincə, buradan ortaya iki nəticə çıxır: Birinci, Rusiya bu raketin Ermənistan ordusunun ixtiyarında olan “İskəndər E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “İskəndər M” modifikasiyasına aid olmasının üzə çıxmasını bu şəkildə ört-basdır etməyə və məsuliyyətdən yayınmağa çalışır. Xatırladaq ki, “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İskəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. İkincisi, “İskəndər M” modifikasiyasına aid olan raketlər həqiqətən Ermənistana Rusiya siyasi hakimiyyətinin xəbəri olmadan ötürülüb. Rusiyanın, Putinin 44 günlük müharibədə Azərbaycana dəstək verməsi bu versiyanı müəyyən qədər inandırıcı edir. Bütün bunlar haqda ekspertlərimizin maraqlı təhlilləri var.

Elçin Mirzəbəyli: “”İskəndər-M” raketləri ilə bağlı yaranmış vəziyyətin əsas məsuliyyəti Rusiyanın üzərinə düşür”

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Şuşaya “İskəndər-M” raketlərinin atılması faktdır: “Kim atıb, necə atıb və nə üçün atıb, bunu müəyyənləşdirmək lazım gələcək. Əvvəla, qeyd edim ki, həm İrəvan, həm də Moskva Ermənistan ordusunun arsenalında ”İskəndər-M” raketlərinin olmadığını dəfələrlə bəyan edib. Yəni ruslar ermənilərə, özlərinin dediyi kimi, sözügedən raket sisteminin eksport variantını – “İskəndər-E” raketlərini hədiyyə ediblər. “İskəndər-M” raketləri isə Rusiyanın Gümrüdə yerləşən hərbi bazasında, bu ölkənin hərbi komandanlığının nəzarətində olub”. Politoloqun sözlərinə görə, Şuşada tapılan qalıqların “İskəndər-M” raketlərinə aid olduğunu, bugünədək verilən bəyanat və açıqlamaları nəzərə alsaq, o zaman belə anlaşılır ki, raketlər Azərbaycan ərazisinə Rusiyanın Ermənistandakı hərbi bazasından atılıb: “Bu ehtimal üzərində dayansaq, o zaman Gümrüdəki bazadan Azərbaycan ərazisinə ”İskəndər-M” raketlərinin atılmasının səbəblərini bir neçə aspektdən dəyərləndirmək olar: Birincisi, “İskəndər-M” raketləri Şuşaya Rusiyanın siyasi və hərbi komandanlığının göstərişi ilə atılıb. Məqsəd isə Azərbaycan Ordusunun Xankəndi istiqamətində irəliləməsinin qarşısının alınmasından ibarət olub. Raketlərin dağıntı yaratmadığı nəzərə alınarsa, onların atılmasının, sadəcə, xəbərdarlıq xarakteri daşıdığını, bu baxımdan ya səmada partladıldığı, ya da təlim üçün nəzərdə tutulan başlıqlardan istifadə edildiyini söyləmək olar. ANAMA-nın təqdim etdiyi qalıqlardan belə anlaşılır ki, raketlər partlayıb. Amma necə partlayıbsa, qalıqlarından başqa heç nə qalmayıb. Bir “İskəndər-M” raketinin dağıdıcı gücünün 15 min kv. metr olduğunu nəzərə alsaq, iki “İskəndər-M” raketi Şuşada daş üstə daş saxlamamalıydı. Qeyd edim ki, bu ehtimal, İkinci Qarabağ savaşında Rusiyanın neytrallığını təmin etmək üçün guya hansısa razılaşmanın olduğu versiyasını tamamilə sıradan çıxarır”. E.Mirzəbəyli ikinci ehtimaldan bəhs etdi: “”İskəndər-M” raketləri Gümrüdəki bazadan Rusiyanın siyasi və hərbi rəhbərliyinin məlumatı olmadan, yaxud orada çalışan çoxsaylı erməni zabitlərin şəxsi təşəbbüsü ilə atılıb və düşünürəm ki, bu ehtimala, ancaq psixotrop maddələrin təsiri altında inanmaq olaq… Yox əgər “İskəndər-M”lərin qeyri-leqal alınması, onların Ermənistana qeyri-leqal yolla gətirilməsi ilə bağlı ehtimalın həqiqiliyinə inansaq, bu, Rusiyanın hərbi sənaye kompleksindəki vəziyyətin, hətta bu ölkənin dövlət təhlükəsizliyini də ciddi təhdid etdiyi reallığını ortaya qoyur ki, qənaətimə görə, bu, ilk növbədə rəsmi Moskvanı narahat etməlidir”. Siyasi analitikin fikrincə, “İskəndər-M” raketlərinin Şuşaya atılması faktlarının indi ortaya çıxmasını, Ermənistanda keçiriləcək seçkilərlə əlaqələndirilməsini isə siyasi fantaziya kimi dəyərləndir: “Çünki faktla bağlı ortalıqda olan bütün ehtimallar Rusiyanın, Rusiya müdafiə sənayesinin və ordusunun nüfuzuna çox böyük zərbədir. Həmçinin Rusiya siyasətinin əsas sütunu – rus silahı haqqında təsəvvürləri tamamilə darmadağın edir ki, Kremlin Ermənistanda keçiriləcək seçkilərə görə öz nüfuzuna bu qədər ağır zərbə vura biləcəyi inandırıcı görünmür. Bütün hallarda, ”İskəndər-M” raketləri ilə bağlı yaranmış vəziyyətin əsas məsuliyyəti Rusiyanın üzərinə düşür və Azərbaycan tərəfinin təqdim etdiyi faktlarla bağlı obyektiv araşdırmalar aparılarsa, bu, ilk növbədə Rusiyanın özü üçün faydalı ola bilər. Bütün hallarda, yaxın 1 ay ərzində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlərin yerinə yetirilməsi ilə bağlı prosesin inkişafı, bir çox məqamlara, o cümlədən “İskəndər-M” raketləri ilə bağlı məsələnin də dolayısı ilə gün işığına çıxmasına imkan yaradacaq”.

Şuşaya atılan “İsgəndər” raketləri “Exo Moskva” radiostansiyasının “Budem nablyudat” (“Müşahidə edəcəyik”) proqramında aparıcı Sergey Buntmanla baş redaktor Aleksey Venediktovun söhbətində də geniş müzakirə olunub. Moderator.az bununla bağlı vacib məqamlara diqqət çəkib. Diqqət edin rusyiyalı ekspertlər nələr deyir? A.Venediktov: “Pardon, o zaman 9M723 nişanlı ”İsgəndər”lər ora (Şuşaya) necə uçub gedib, üstəlik, partlamayıb? Bu böyük sualdır. Doğrudur, indi nə istəsən fikirləşib tapmaq olar. Lakin Gümrüdən uçmayıb. “Markirovka” aydın deyil. Ümumən hələ ki bizim diplomatların reaksiyası belədir: “Bu nə işdir belə?” Və mənim də reaksiyam belədir. Hesab edirəm ki, bu suala, hər halda, kimsə cavab verməlidir: hərbçilər Putin qarşısında, Putin Əliyev qarşısında. Çünki bu ciddi əhvalatdır”.

S.Buntman: “Bəli, bu ”İsgəndər”lər aydın deyil. Onları “roqatkadan” buraxa bilməzsən ki, hətta səndə, sadəcə olaraq, raketlər varsa”.

Sular durulacaq çox güman ki. Suallar çoxdur, hər kəs cavab gözləyir. Terrorçu dövlətə belə dəhşətli silahı verənlər də məsuliyyət daşıyırlar… Bütün suallar Emənistanın ağası və patronuna yönəlib. “İsgəndər”dən istifadə zamanı Qarabağda sülhün təminatçısı kimi çıxış edən Moskvanın olan-qalan imicini də alt-üst etmək cəhdi var, bunu da unutmasınlar…/yeni müsavat/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*