Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun Məhərrəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama əsasən, Ceyhun Məhərrəmov tanışı Xəlil Yusifovun (adı, soyadı şərtidir) maddi imkanlarının yaxşı olduğunu bildiyindən onun etibarından istifadə edərək pulunu ələ keçirmək qərarına gəlib. Bunun üçün o, bir neçə nəqliyyat vasitəsi alaraq onları taksi xidmətinə cəlb etməklə birlikdə yüksək gəlir əldə edəcəklərinə dair yalan vəd verib.
Zərərçəkmişi bu vədə inandıran Ceyhun Məhərrəmov 2024-cü ilin fevral ayının əvvəllərindən mart ayının ortalarınadək olan müddətdə ondan müxtəlif vaxtlarda pul alıb. O, Xəlil Yusifovdan ümumilikdə 67 500 manat vəsait hissə-hissə, nağd şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsində yerləşən “Bazarstore” marketinin qarşısında götürüb.
Ceyhun Məhərrəmov bu vəsaiti əldə etdikdən sonra verdiyi vədə əməl etməyib və nəticədə zərərçəkmişə 67 500 manat məbləğində külli miqdarda maddi ziyan vurub.
İttihamın ikinci epizodu isə 2024-cü ilin iyun ayının sonlarında baş verib.
Ceyhun Məhərrəmov Xəlil Yusifova qarşı təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə pul əldə edib. Bu dəfə o, zərərçəkmiş barəsində istintaq orqanlarının birində guya mövcud olmayan araşdırmanın aparıldığını deyib. Təqsirləndirilən həmin araşdırmanın idarədə yüksək vəzifədə işləyən tanışları vasitəsilə həllinə köməklik göstərə biləcəyinə dair zərərçəkmişə yalan vəd verib.
Bu vədlə Ceyhun 2024-cü ilin iyun ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Xəlil Yusifovdan daha 8 000 manat pul alıb.
Beləliklə, iş materiallarında əksini tapan iki epizod üzrə zərərçəkmişdən ümumilikdə 75 500 manat pul vəsaitinin alındığı göstərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ceyhun Məhərrəmovu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bundan əlavə, zərərçəkmiş və mülki iddiaçı Xəlil Yusifovun mülki iddiası qismən təmin olunub. Hökmə əsasən, təqsirləndirilən şəxs və mülki cavabdeh Ceyhun Məhərrəmovdan zərərçəkmiş şəxsin xeyrinə ümumilikdə 68 888,80 manat tutulmasına qərar verilib. Hökmdən Ceyhun Məhərrəmovun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O, hökmün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsi barədə yeni hökm qəbul olunmasını xahiş edib.
