İran tərəfi ABŞ-ın tətbiq etdiyi dəniz blokadasına cavab olaraq regionun ən kritik su yolu olan Hörmüz boğazı ilə bağlı sərt ultimatumla çıxış edib.
KONKRET.az xəbər verir ki, “Tasnim” agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, rəsmi Tehran ABŞ-ın geri çəkilməyəcəyi təqdirdə boğazı beynəlxalq gəmiçilik üçün yenidən qapatmaqla təhdid edib. Mənbənin bildirdiyinə görə, İran boğazdan keçid üçün bir sıra sərt şərtlər irəli sürüb ki, bura yalnız mülki gəmilərin müəyyən edilmiş qaydalar çərçivəsində hərəkəti daxildir.
Tehranın yeni tələblərinə əsasən, boğazdan keçən gəmilərin və daşınan yüklərin “düşmən ölkələr”lə, xüsusilə ABŞ və İsrail ilə heç bir bağlılığı olmamalıdır. Eyni zamanda, bütün mülki gəmilər yalnız İranın müəyyən etdiyi xüsusi dəhlizlə hərəkət etməli və hər bir keçid mütləq şəkildə Tehranla əvvəlcədən razılaşdırılmalıdır.
Analitiklər hesab edirlər ki, bu addım dünya neft ticarətinin təxminən 20%-nin keçdiyi Hörmüz boğazının tamamilə İranın hərbi-siyasi nəzarətinə keçməsi cəhdidir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə öz növbəsində dəniz blokadasını qorumaq üçün hərbi gücdən istifadə etməyə hazır olduğunu bəyan edib.
Tərəflərin qarşılıqlı “blokada” və “qapatma” təhdidləri qlobal enerji bazarlarında qiymətlərin kəskin artmasına və Oman körfəzində genişmiqyaslı hərbi toqquşma riskinin pik həddə çatmasına səbəb olub. Hazırda dünya birliyi Tehranın bu ultimatumunun real hərbi əməliyyata çevrilib-çevrilməyəcəyini və qlobal logistikaya vuracağı zərbəni böyük narahatlıqla izləyir.
Natiq Səlim,
KONKRET.az
