Tanınmış vəkil Roman Qaraşov “Arzum” ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın adının hallandığı yol qəzası ilə bağlı aparılan cinayət işinin son aylarda sosial şəbəkələrin müzakirə mövzularından birinə çevrilməsinə, bir çoxlarının İ.Hacıyevanın həbsini tələb etmələri ilə bağlı müzakirələrə hüquqi baxımdan aydınlıq gətirib.
KONKRET.az xəbər verir ki, Roman Qaraşov Pravda.az-a açıqlamasında deyib ki, sözügedən hadisəyə hüquqi qiymət verilərkən ilk növbədə qəzanın mexanizmi, nəqliyyat vasitələri arasında faktiki təmasın olub-olmaması və həmin təmasla baş vermiş ağır nəticə arasında səbəbli əlaqə araşdırılmalıdır.
Roman Qaraşovun sözlərinə görə, ekspertiza və digər sübutlarla avtomobillər arasında toxunma faktı təsdiq olunarsa, bu halda sola dönmə manevri edən sürücünün təqsiri məsələsi hüquqi baxımdan aktuallaşır: “Çünki yol hərəkəti qaydalarına əsasən, manevr edən sürücü arxadan gələn nəqliyyat vasitəsinin hərəkət istiqamətini, sürətini, məsafəsini və ümumi yol şəraitini nəzərə almalı, manevrin digər hərəkət iştirakçıları üçün təhlükəsiz olduğuna əmin olduqdan sonra hərəkətə başlamalıdır. Bu mənada, sola dönmə manevri arxadan gələn avtomobilin hərəkət trayektoriyasına müdaxilə yaradıbsa və nəticə etibarilə qəzanın baş verməsinə səbəb olubsa, həmin sürücünün məsuliyyət payı istisna edilmir. Bununla yanaşı, arxadan gələn nəqliyyat vasitəsinin sürət həddini kəskin aşması da iş üzrə mühüm hüquqi əhəmiyyət daşıyır. Əgər 60 km/saat sürət həddi müəyyən edilmiş yolda avtomobilin, təxminən, 150-160 km/saat sürətlə idarə olunması təsdiqlənərsə, bu hal qəzanın baş vermə mexanizminə ciddi təsir edən amil kimi qiymətləndirilməlidir. Belə sürət rejimində sola dönən sürücünün arxadan gələn avtomobili vaxtında görməsi, onun real sürətini və məsafəsini düzgün qiymətləndirməsi obyektiv olaraq çətinləşə, bəzi hallarda isə praktiki olaraq mümkün olmaya bilər. Bu səbəbdən həmin məqam mütləq kompleks yol-nəqliyyat ekspertizası ilə müəyyən edilməlidir. Eyni zamanda, qeyd edilən sürət həddinin bu dərəcədə aşılması mərhum sürücünün də hadisənin baş verməsində ciddi təqsir payının olduğunu göstərən hal kimi nəzərdən keçirilməlidir. Çünki belə sürətlə hərəkət edilən şəraitdə qəza riski artıq adi ehtimal çərçivəsindən çıxaraq qaçılmaz təhlükə xarakteri ala bilər. Cəza məsələsinə gəldikdə isə burada yalnız nəticənin ağırlığı deyil, təqsirin dərəcəsi, səbəbli əlaqənin xarakteri, zərərçəkmiş şəxsin öz davranışı, təqsirləndirilən şəxsin şəxsiyyəti, həmçinin hadisə zamanı və hadisədən sonrakı davranışları birlikdə qiymətləndirilməlidir. Mənim mövqeyimə görə, məhkəmə təqsiri təsdiqlənmiş hesab edərsə belə, real azadlıqdan məhrumetmə ən sərt cəza tədbiri kimi bu işin bütün halları baxımından yeganə və mütləq ədalətli həll kimi görünmür. Daha uyğun yanaşma cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi və ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tədbirinin tətbiqi ola bilər. Bu zaman həm digər sürücünün yüksək sürətlə hərəkət etməsi, həm də təqsirləndirilən şəxsin ailə vəziyyəti, şəxsiyyəti və iş üzrə digər yüngülləşdirici hallar nəzərə alınmalıdır. Bununla belə, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı da cinayət-hüquqi baxımdan əhəmiyyətsiz sayıla bilməz. Hadisədən sonra ölkədən getməsi, təqsirli olub-olmaması və qəzanın nəticələri hüquqi qaydada müəyyən edilmədən ərazini tərk etməsi obyektiv baxımdan hadisə yerindən yayınmaya bənzər əlamətlər yaradır. Biletin iki ay əvvəl alınmış olması bu davranışı tam şəkildə bəraətləndirmir. Digər tərəfdən, onun sonradan könüllü şəkildə ölkəyə qayıtması müsbət hal kimi qiymətləndirilə bilər. Lakin cinayət hüququnda şəxsin hadisə zamanı və hadisədən sonrakı davranışı onun səmimi peşmançılıq hissinin, məsuliyyətə münasibətinin və ümumi xarakteristikasının müəyyən edilməsində mühüm rol oynayır. Bu baxımdan həmin davranışlar cəzanın fərdiləşdirilməsi mərhələsində ayrıca və diqqətli hüquqi qiymətləndirmə tələb edir”.
