Böyük şəhərlərdə tıxaclar artıq sadəcə nəqliyyat problemi deyil, həm də iqtisadi itkilərin əsas səbəblərindən birinə çevrilib. Saatlarla yolda itirilən vaxt, artan yanacaq sərfiyyatı və iş məhsuldarlığının azalması hər gün milyonlarla manatlıq zərərə səbəb olur. Bəs bu itkilərin real iqtisadi dəyəri necə hesablanmalı və tıxacların yaratdığı zərəri minimuma endirmək üçün hansı addımlar atılmalıdır?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a bildirib ki, böyük şəhərlərdə tıxac problemi dünyanın hər yerində mövcuddur və Bakı da artıq bir neçə ildir ki, bu problemlə sözün əsl mənasında mübarizə aparır:
“Tıxacların azaldılması təkcə nəqliyyat vasitələrinin tənzimlənməsi ilə həll olunmur. Bir çox ölkələrin təcrübəsinə baxdıqda görürük ki, tıxacların qarşısının alınması üçün kompleks tədbirlərə ehtiyac var. Bizdə bütün iqtisadi imkanların Bakıda cəmləşməsi bu problemə daha ciddi təsir göstərir. İnsanlar hələ də iş və digər iqtisadi imkanlar üçün regionlardan Bakıya üz tuturlar. Birincisi, regionların inkişafı ilə bağlı tədbirlər görülməlidir ki, bu axının qarşısı alınsın. Bundan sonra tıxacların azalması, yanacağa qənaət olunması və digər məsələlərin həlli daha mümkün olacaq. İkincisi, ictimai nəqliyyat o qədər rahat və sərfəli olmalıdır ki, hətta şəxsi avtomobili olanlar belə ondan istifadə etməyə üstünlük versinlər. Bizdə ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hələ də ciddi problemlər və nöqsanlar var, təəssüf ki, tam qaneedici mənzərə görmürük. Həllini gözləyən çox məsələlər var və həm ictimai nəqliyyatın inkişafı, həm də Bakı şəhərinin yükünün azaldılması tıxacların aradan qaldırılmasına kömək edə biləcək əsas vasitələrdəndir”,- deyə o qeyd edib.
