Totalitarizmin PSİXOLOJİ TƏLƏLƏRİ: Təbliğat insani hissləri necə silaha çevirirbackend

Totalitarizmin PSİXOLOJİ TƏLƏLƏRİ: Təbliğat insani hissləri necə silaha çevirir

Bütün totalitar rejimlərin öz vətəndaşları üzərində eyni psixoloji tələlərdən istifadə etməsi o qədər də təəccüblü deyil. Axı diktatura şəraitində vətəndaş anlayışı arxa plana keçir, insanlar idarə olunan təbəələrə çevrilirlər. Təəccüblü olan budur ki, insanlar bu ucuz manipulyasiyalara hələ də inanırlar.

Ən təhqiredici məqam isə təbliğatın insanları öz tərəfinə çəkmək üçün daim ən ali insani keyfiyyətlərə – mərhəmətə, həmrəyliyə, ədalətə və empatiyaya müraciət etməsidir. Məqsəd isə mümkün qədər çox normal insanı canilərin tərəfinə çəkməkdir.

“Humanizm” tələsi

“Biz corab və dərmanları müharibə üçün deyil, bizim oğlanlar üşüməsinlər deyə toplayırıq”.

Xeyr! Bu, işğalçı ordunun döyüş qabiliyyətinin gücləndirilməsidir. Ordunun geyim və dərmanla təmin edilməsi dövlət büdcəsində digər hərbi xərclər, o cümlədən mərmi və raketlərin alınması üçün əlavə vəsaitin ayrılmasına imkan yaradır.

Təcavüzkar ordusuna yardım göstərmək müharibənin davam etdirilməsinə xidmət etməkdir.

Cəbhədəki rus əsgərinə göndərilə biləcək ən yaxşı halda günəbaxan tumudur.

Bir də bu “oğlanlar”, “uşaqlar” ifadələri nə deməkdir? Bu, pioner düşərgəsinin leksikonudur? Söhbət Ukraynaya insanları öldürmək üçün pul müqabilində gəlmiş muzdlu döyüşçülərdən gedir.

1941-ci ilin dekabrında, alman ordusu Moskva ətrafında şaxtadan donarkən, Yozef Göbbels Şərq cəbhəsi üçün ümumxalq qış geyimi toplama kampaniyası elan etmişdi. Almanlar öz kürklərini, əlcəklərini, corablarını və xizəklərini cəbhəyə göndərirdilər. Guya onların sarışın oğlanları soyuqdan qorunmalı idi.

Nasist təbliğatı “şorba bazarları” adlı kampaniyalar da təşkil edirdi. Ailələr həmin gün adi şorba ilə kifayətlənməli, qənaət etdikləri vəsaiti xüsusi fonda köçürməli idilər. İanə edənlərin adları isə açıq şəkildə dərc olunurdu.

Beləliklə, humanizm və həmrəylik hissləri müharibəyə dəstək vasitəsinə çevrilirdi.

“Həmrəylik” tələsi

“Haqlı olsun, ya olmasın, bu, mənim ölkəmdir”.

Xeyr! Təbliğatın əsas məqsədlərindən biri ölkə, dövlət, hökumət və müharibə anlayışlarını bir-birinə qarışdırmaqdır. Belə olduqda müharibəyə qarşı çıxmaq ölkəyə xəyanət kimi təqdim edilir.

Halbuki bunlar tamamilə fərqli anlayışlardır.

Əgər ölkəniz oğruların, talançıların və qatillərin əlindədirsə, onlar ölkəni öz mülklərinə çeviriblərsə, həmin ölkə artıq sizin azad vətəniniz olmaqdan çıxıb, sizin həbsxananıza çevrilir.

Bir də bu ifadəni dilinizdə təkrarlayın: “Haqlı olsun, ya olmasın, bu, mənim həbs düşərgəmdir”.

Necə səslənir? Yəqin ki, həbsxana yeməyinin dadsızlığını xatırladan bir acılıq var.

Əgər həbsxana ilə müqayisə sizə təhqiredici gəlirsə, “Karib dənizinin quldurları” filminin seriyalarından birinin başlanğıcını xatırlayın. Orada lord Bekketin fərmanı ilə müharibə şəraitində bir sıra hüquqların müvəqqəti dayandırıldığı elan edilir:

– Toplaşmaq azadlığı – ləğv olunur!
– Şəxsi toxunulmazlıq hüququ – ləğv olunur!
– Vəkil müdafiəsindən istifadə hüququ – ləğv olunur!
– İşə andlılar məhkəməsində baxılması hüququ – ləğv olunur!

Fərmana əsasən, quldurluqda, quldurluqda ittiham olunanlara yardım etməkdə və ya onlarla ünsiyyətdə olmaqda təqsirli bilinən hər kəs cəzalandırılmalıdır.

İndi isə, əziz rusiyalılar, düşünün: öz ölkəniz adlandırdığınız dövlətdə bu hüquqların hansına sahibsiniz?

“Unikallıq” tələsi

“Mənim yerimdə başqası olsaydı, vəziyyət daha da pis olardı. Mən o qədər qəddar deyiləm. Mən özümün unikal yaradıcı kollektivimi qoruyub saxlayıram…”

Bu, ən mürəkkəb psixoloji tələlərdən biridir. Çünki bəzi hallarda belə arqumentlərin müəyyən həqiqət payı da olur. Tarixdə vəzifəsində qalaraq həqiqətən insanların həyatını xilas etmiş şəxslər olub.

Fransada marşal Petenin rejimi nasistlərlə əməkdaşlığını belə əsaslandırırdı: guya onlar Fransa üçün bir növ “sipər” rolunu oynayırdılar. Əgər onlar olmasaydı, almanlar ölkəni birbaşa idarə edəcək və vəziyyət daha da ağır olacaqdı.

Lakin tarixçilər arxiv sənədləri əsasında sübut etdilər ki, Vişi rejimi almanların təzyiqi olmadan da antisemit qanunlar qəbul edir, yəhudilərin deportasiyasında fəal iştirak edirdi. Beləliklə, özünü “sipər” kimi təqdim edən hakimiyyət əslində cinayətkar sistemin alətinə çevrilmişdi.

Əgər sizin “unikal yaradıcı kollektiviniz” uşaqlar üçün Ukraynaya qarşı müharibəni təbliğ edən tamaşa hazırlayırsa, deməli, siz artıq təbliğatçısınız və müharibəyə xidmət edirsiniz.

Burada “bir az”, “çox da deyil”, “məcburiyyətdən” kimi bəhanələr işə yaramır.

İsraildə elmlər doktoru olan, müharibəyə xidmət etməmək üçün döşəmə yumağa razılaşan insanları görmüşəm. Siz də teatrınızı bağlasanız, aclıqdan ölməyəcəksiniz.

“Empatiya” tələsi

“Axı bizi də bombalayırlar!”

Bəli, mülki insanların çəkdiyi əzablar realdır və onlar həqiqətən də mərhəmətə layiqdirlər.

Amma tələ məhz bundadır: öz ölkəsində zərər çəkən insanlara duyulan mərhəmət həmin əzabları doğuran səbəblərə haqq qazandırmaq vasitəsinə çevrilir.

Müttəfiqlərin bombardmanlarından sonra nasist təbliğatı bu hücumları “terror bombardmanları” adlandırırdı. Alman mülki əhalisinin real itkiləri isə Almaniyanın haqlı olduğunu sübut edən arqument kimi təqdim edilirdi.

Beləliklə, “Müharibəni kim başladı və bütün bunlar niyə baş verir?” sualı arxa plana keçir, onun yerini isə “Axı biz də əziyyət çəkirik!” etirazı tutur.

Mülki insanların faciəsindən danışmaq vacibdir. Amma bu faciədən təcavüzü və işğalı bəraətləndirmək üçün istifadə etmək yolverilməzdir.

“Çarəsizlik” tələsi

Təbliğat sizə təlqin edir ki, guya hamı hakimiyyəti dəstəkləyir, müharibəyə qarşı yalnız sizsiniz və buna görə də heç nəyi dəyişmək mümkün deyil.

Xeyr! Siz tək deyilsiniz. Sizin kimi düşünən çoxlu insan var.

Rusiyada minlərlə insan siyasi məhbuslara yardım edir, gəncləri məcburi hərbi xidmətdən və səfərbərlikdən qorumağa çalışır, ukraynalı qaçqınlara dəstək verir.

Heç kim sizdən Qırmızı Meydanda özünüzü yandırmağı tələb etmir. Amma edə biləcəyiniz çox şey var.

Məsələn, Viktor Klemperer kimi gündəliklər yaza, sənədləri və baş verənlərin sübutlarını qoruya bilərsiniz. Gələcəkdə tarixçilər bu materiallar əsasında baş verənləri araşdıra, həqiqəti bərpa edə və keçmişin səhvlərinin təkrarlanmasının qarşısını almağa çalışa bilərlər.

Aleksandr Soljenitsın “Yalanla yaşamamaq” essesində insanlara qəhrəmanlıq tələb edən deyil, daha sadə və əlçatan bir mövqe təklif edirdi.

O, üsyana çağırmır, insanlardan həyatlarını qurban verməyi tələb etmirdi. Sadəcə, hər kəsə şəxsi olaraq şərəfsizliyə, yalanın və cinayətin bir hissəsinə çevrilməməyə çağırırdı.

Nəticə: öz təhlükəsizliyiniz naminə başqasının həyatını qurban verməyin

Siz özünüzün hansı bədəl ödəyəcəyinizi seçə bilərsiniz. Amma öz təhlükəsizliyinizi başqasının həyatı, azadlığı və ləyaqəti hesabına təmin etmək olmaz.

Özünüzün ödədiyiniz güzəşt şəxsi seçiminizdir. Başqalarının həyatı və azadlığı hesabına edilən güzəşt isə cinayətə şərik olmaqdır.

Əsas məqsəd cinayətlərin iştirakçısına çevrilməmək və öz insanlığını qoruyub saxlamaqdır.

Elə prinsiplər var ki, heç bir halda onlardan imtina etmək olmaz. Onların sayı əslində o qədər də çox deyil:

Silahlı qüvvələrə və güc strukturlarına qoşulmamaq. Rusiya Müdafiə Nazirliyi, Rosqvardiya, özəl hərbi şirkətlər və digər güc strukturları ilə bağlanan istənilən müqavilə cinayətkar müharibədə birbaşa iştirak deməkdir.

Hərbi-sənaye kompleksində və ona xidmət edən sahələrdə işləməmək. Silah, sursat və ikili təyinatlı məhsullar istehsal edən müəssisələr, eləcə də ordunun təchizatını təmin edən logistika şəbəkələri bu sistemin tərkib hissəsidir.

İnsanlar haqqında donos yazmamaq və repressiv istintaqla əməkdaşlıq etməmək. Heç bir halda həmkarlarınız, qonşularınız və yaxınlarınız haqqında şikayətlər yazmayın. Müharibə əleyhinə mövqedə olan insanların təqibinə kömək edəcək ifadələr verməyin. Özünüzün və yaxınlarınızın əleyhinə ifadə verməmək hüququndan istifadə edin (Rusiya Konstitusiyasının 51-ci maddəsi).

Təbliğatda və “vətənpərvərlik” adı altında aparılan ideoloji tərbiyədə iştirak etməmək. Müəllimlər və pedaqoqlar müharibəni təbliğ edən “Vacib söhbətlər” dərsləri keçirməməli, əsgərlərə məktublar toplamalı, gəncləri müharibəyə təşviq etməməlidirlər. Əks halda, onların ölümünə görə mənəvi məsuliyyət də sizin üzərinizə düşəcək.

Güc strukturlarına və dövlətin “xeyriyyə” fondlarına ianə etməmək. Cəbhəyə yardım, hərbi geyim, dronlar və Rusiya ordusuna humanitar dəstək adı altında keçirilən istənilən kampaniya cinayətkar müharibənin maliyyələşdirilməsidir.

Ukraynalı uşaqların qanunsuz köçürülməsində və “yenidən tərbiyə” adı altında assimilyasiyasında iştirak etməmək. İnsanların öz dilindən, tarixindən və yaddaşından məhrum edilməsi yolverilməzdir. Bu cür əməllər hərbi cinayət xarakteri daşıya bilər.

Müharibəyə dəstək verən kollektiv məktubları imzalamamaq, cinayətkar hakimiyyətin təbliğat xarakterli paradlarında, mitinqlərində və digər tədbirlərində iştirak etməmək.

Hanna Arendt “Diktatura şəraitində şəxsi məsuliyyət” mövzusunda mühazirələrində mühüm bir sual qoyurdu: nasist cinayətlərində iştirak edənlərlə iştirakdan imtina edən insanlar arasında fərq nədən ibarət idi? Üstəlik, bu imtina edənlərin heç də hamısı qəhrəman deyildi.

Arendtin yanaşmasına görə, cinayətlərdə iştirakdan imtina edən insanlar özlərinə “Məndən nə tələb edirlər?” sualını deyil, “Bunu etdikdən sonra özümlə necə yaşaya biləcəyəm?” sualını verirdilər.

Hətta qlobal şərə qalib gələ bilməsəniz belə, onun sizin məsuliyyət daşıdığınız ərazidə yayılmasının qarşısını ala bilərsiniz.

Ukraynaya qələbə!

Rusiyaya azadlıq!

Müəllif: Dmitri Çernışev,
Tərcümə etdi: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*