Hal-hazırda ATƏT Baş katibi olan, səfir Firudin (Feridun) Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq.
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxalq və diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin prinsip və məqsədlərinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini bir daha vurğulayırıq.
İnanırıq ki, davam edən məsləhətləşmələr və üzv dövlətlər arasında konstruktiv dialoq nəticəsində BMT-nin müasir qlobal çağırışlara daha səmərəli cavab vermək imkanlarını gücləndirəcək müvafiq qərar qəbul olunacaq”, – bəyanatda vurğulanıb.
Qeyd edək ki, Türkiyə BMT Baş katibi postuna F.Sinirlioğlunun namizədliyini bu gün rəsmi olaraq irəli sürüb.
