Putinin verdiyi vədlər – Müxalifətin gətirdiyi arqumentlər doğrudurmu?backend

Putinin verdiyi vədlər - Müxalifətin gətirdiyi arqumentlər doğrudurmu?

İnsanların Putinə niyə inandığını hələ də anlaya bilmirəm. Axı söhbət öz vətəndaşlarını sistematik şəkildə aldadan bir siyasətçidən gedir. Gəlin, bununla bağlı bir neçə nümunəni xatırlayaq.

Ryazanda aşkarlanan “şəkər” olayı

1999-cu ilin sentyabrında Rusiyanın Ryazan şəhərində yaşayış binasının zirzəmisində üç kisə şübhəli maddə aşkar edildi. Partlayış üzrə mütəxəssislər həmin maddədə heksogen buxarları müəyyən etdilər. Kisələr detonator və taymerlə birləşdirilmişdi. İki şübhəli şəxs saxlanıldı. Sonradan məlum oldu ki, onlar Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarıdır.

Lakin bir müddət sonra saxlanılanlar azadlığa buraxıldı. FSB-nin direktoru Nikolay Patruşev isə açıqladı ki, bu, əslində, xüsusi xidmət orqanlarının təlimi olub və kisələrdə partlayıcı maddə deyil, adi şəkər yerləşdirilib.

Xatırladaq ki, həmin hadisədən az əvvəl FSB-yə Vladimir Putin rəhbərlik edirdi. O, bu zaman artıq Rusiyanın baş naziri idi.

“Nord-Ost” faciəsi

2002-ci ilin oktyabrında, Vladimir Putinin prezidentliyi dövründə Moskvadakı Dubrovka teatr mərkəzində girovların azad edilməsi məqsədilə keçirilən əməliyyat zamanı xüsusi təyinatlılar girovların əvvəlcədən məlumatlandırılmadığı naməlum qazdan istifadə etdilər.

Faciə nəticəsində 130 nəfər həyatını itirdi. Rusiya hakimiyyəti qazın tərkibi və zərərçəkənlərə tibbi yardımın təşkili ilə bağlı indiyədək bütün suallara dolğun cavab verməyib.

Dövlət qurumlarının həyata keçirdiyi əməliyyatın siyasi məsuliyyəti isə ölkə prezidenti kimi Vladimir Putinin üzərinə düşürdü.

Beslan faciəsi

2004-cü ildə Beslan şəhərində baş verən dəhşətli terror hadisəsindən sonra Putin həqiqətin tam üzə çıxarılacağına söz vermişdi.

Lakin faciədən 20 il sonra, 2024-cü ildə o, istintaqın niyə hələ də başa çatmadığını bilmədiyini bildirdi.

Diqqətçəkən məqam budur ki, bütün bu illər ərzində ölkəyə rəhbərlik edən şəxs elə Vladimir Putinin özü olub.

Konstitusiya və hakimiyyətdə qalmaq ehtirası

Putin dəfələrlə öz hakimiyyətini qorumaq naminə Konstitusiyanı dəyişdirmək niyyətində olmadığını bəyan etmişdi. Hətta 2006-cı ildə 2008-ci ildə prezidentlikdən gedəcəyini, müxalifətə keçərək hakimiyyəti tənqid edəcəyini vəd etmişdi. Bu açıqlama məşhur “Komsomolskaya Pravda” qəzetinin ilk səhifəsində dərc olunmuşdu.

Ancaq 2008-ci ildə prezident postundan getsə də, baş nazir oldu və ölkədə real siyasi hakimiyyəti əlində saxladı.

2020-ci ildə isə Konstitusiyaya dəyişikliklər edildi, Putinin əvvəlki prezidentlik müddətləri sıfırlandı və ona 2036-cı ilədək hakimiyyətdə qalmaq imkanı yaradıldı.

Pensiya yaşı ilə bağlı vəd

2005-ci ildə Putin açıq şəkildə bildirmişdi: “Mən prezident olduğum müddətdə belə bir qərar qəbul edilməyəcək”.

Lakin 2018-ci ildə Rusiyada pensiya yaşı artırıldı. Putin isə yenə də prezident postunda qaldı.

Krım məsələsi

2014-cü ilin martında Putin Krımda Rusiya hərbçilərinin iştirakını inkar edirdi.

Ancaq həmin ilin aprelində özü etiraf etdi ki, yarımadanın ələ keçirilməsi əməliyyatında Rusiya hərbçiləri iştirak ediblər.

Ukrayna ilə bağlı verilən vədlər

Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxilədən əvvəl Putin Rusiyanın müharibəyə başlamaq niyyətində olmadığını bildirirdi.

Lakin 24 fevral 2022-ci ildə Rusiya ordusu Ukraynaya hücum etdi.

Putin, həmçinin Ukrayna ərazilərinin işğalının Rusiyanın planlarına daxil olmadığını bəyan edirdi. Sonrakı hadisələr isə bu açıqlamaların nə dərəcədə həqiqətdən uzaq olduğunu göstərdi.

Və bu, heç də hamısı deyil.

Putinin korrupsiyaya qarşı mübarizə aparmaq, Konstitusiyanı qorumaq, beynəlxalq hüquqa hörmət etmək və müharibəyə yol verməmək barədə verdiyi vədləri də xatırlamaq olar.

Mənim isə çox sadə bir sualım var: Bir insan neçə dəfə yalan danışmalıdır ki, insanlar nəhayət ona inanmaqdan əl çəksinlər?

Mən heç kimə tibbi diaqnoz qoymaq niyyətində deyiləm. Ancaq hesab edirəm ki, sistemli yalan Vladimir Putinin siyasi idarəçilik metodlarından birinə, hətta ən mühüm alətlərindən birinə çevrilib.

Ən dəhşətlisi də onun yalan danışması deyil. Ən dəhşətlisi milyonlarla insanın bu yalanlara inanmaqda davam etməsidir. Hətta həmin yalanların nəticələri onların öz həyatını, gələcəyini və ölkələrinin taleyini məhv edəndə belə…

Müəllif: Stanislav Feofanov,
Tərcümə etdi: Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*