Stalinin ilk siyasi qurbanı – Frunzenin müəmmalı ölümübackend

Stalinin ilk siyasi qurbanı - Frunzenin müəmmalı ölümü

31 oktyabr 1925-ci ildə SSRİ İnqilabi Hərbi Şurasının sədri, hərbi və dəniz işləri üzrə xalq komissarı Mixail Frunze əməliyyat masasında vəfat etdi. Onun ölümü sonralar İosif Stalinin yaxın ətrafında baş verən müəmmalı ölümlər silsiləsinin ilk hadisələrindən biri kimi xatırlandı.

Frunzenin ölümündən əvvəl baş verənlər isə bu faciə ətrafında çoxsaylı sualların yaranmasına səbəb oldu.

Bağırsaq qanaxmasını dayandırmaq məqsədilə cərrahi əməliyyata hazırlanan Frunze bundan əvvəl bir neçə avtomobil qəzasına düşmüşdü. Maraqlıdır ki, o, əməliyyatdan əvvəl özünü normal hiss etdiyini, heç bir qanaxmanın olmadığını bildirirdi. Buna baxmayaraq, Stalin təcili əməliyyat keçirilməsində israr edirdi.

Sanki qarşıda onu nəyin gözlədiyini hiss edən Frunze əməliyyat masasına uzadılmasına bir neçə dəqiqə qalmış yaxınlarına belə deyirdi:

“İstəmirəm! Mənim artıq hər şeyim qaydasındadır! Amma Stalin israr edir…”

29 oktyabrda Moskvanın Botkin xəstəxanasında əməliyyat ölkənin ən tanınmış cərrahlarından biri, Vladimir Rozanovun rəhbərliyi ilə həyata keçirildi. Bu, dörd il əvvəl Vladimir Leninə qarşı sui-qəsd zamanı onun bədənindən gülləni çıxarmış cərrah idi.

Əməliyyat zamanı narkoz ağır keçdi və xloroformun dozasını artırmaq lazım gəldi. Cərrahlar qarın boşluğunu açdıqda isə gözlənilməz mənzərə ilə qarşılaşdılar: xora artıq sağalmışdı. Başqa sözlə, əməliyyat üçün ciddi tibbi zərurət görünmürdü.

Lakin xloroformun dozası artırıldıqdan sonra Frunze bir daha özünə gəlmədi. 31 oktyabr 1925-ci il, səhər saat 05:40-da o, rəsmi məlumata görə, kəskin ürək çatışmazlığından vəfat etdi. Cəmi 41 yaşı vardı.

Stalinin kölgəsində qalan ölüm

Frunzenin Stalinin göstərişi ilə aradan götürüldüyü barədə şayiələr onun ölümündən dərhal sonra yayılmağa başladı. Bu şübhələri artıran məqamlardan biri də Stalinin dəfn mərasimində söylədiyi qəribə sözlər idi:

“Bəlkə də elə belə olmalıdır ki, köhnə yoldaşlar bu qədər asanlıqla və bu qədər sadə şəkildə məzara enirlər. Təəssüf ki, gənc yoldaşlarımız köhnələrin yerini bu qədər asanlıqla və heç də bu qədər sadə şəkildə tuta bilmirlər”.

Bu sözlər sonralar Frunzenin ölümünün siyasi sifariş olması ehtimalını müzakirə edənlərin diqqətindən yayınmadı.

Həqiqətə işarə edən povest və yazıçının faciəli taleyi

Frunzenin qətlə yetirilməsi versiyasını 1926-cı ildə yazıçı Boris Pilnyak ədəbi əsər vasitəsilə gündəmə gətirdi.

Həmin ilin may ayında “Novıy Mir” jurnalında onun “Sönməmiş ayın povesti” adlı əsəri dərc olundu. Povestdə ordu komandanı Qavrilov ölkə rəhbərliyinin təkidi ilə keçirilən əməliyyatdan sonra cərrahi masada həyatını itirir. Onun taleyini isə “bir nömrəli evdən olan əyilməz adam” müəyyənləşdirir.

Pilnyak əsərdə Stalinin adını birbaşa çəkməsə də, oxucular müəllifin kimə işarə etdiyini dərhal anladılar.

Əsər hakimiyyətin kəskin reaksiyasına səbəb oldu. Siyasi Büro povesti “bədniyyətli, əksinqilabi və böhtan xarakterli hücum” kimi qiymətləndirdi. Jurnalın satışdakı nüsxələri müsadirə edildi. Nəticədə nəşr cəmi iki gün satışda qaldı və sonradan nadir biblioqrafik nümunəyə çevrildi.

Pilnyak əsərinə görə üzr istəməyə və tövbə etməyə məcbur edildi.

Lakin onun faciəsi bununla bitmədi. 1937-ci ilin oktyabrında yazıçı casusluq ittihamı ilə həbs olundu. 1938-ci il aprelin 21-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu ölüm hökmünə məhkum etdi. Hökm elə həmin gün Moskva yaxınlığındakı Kommunarka poliqonunda icra edildi.

“Sönməmiş ayın povesti” yalnız 1987-ci ildə yenidən oxuculara təqdim olundu.

Qətl, yoxsa faciəli tibbi səhv?

Əslində, Mixail Frunzenin Stalin tərəfindən sifariş verilmiş siyasi qətlin qurbanı olduğunu sübut edən qəti dəlillər yoxdur. Efir və xloroformun düzgün seçilməyən dozada tətbiqi o dövrün tibbi praktikasında ölümcül nəticələrə səbəb ola bilirdi.

Maraqlıdır ki, sərkərdənin qızı Tatyana Frunze ömrünün sonunadək atasının ölümünün siyasi qətl deyil, faciəli təsadüf olduğunu müdafiə edirdi. Onun fikrincə, sovet rəhbərliyinin yaxın çevrəsində siyasi motivli qətllər yalnız 1930-cu illərdə geniş vüsət almağa başlamışdı.

Bununla belə, hadisələrin üst-üstə düşməsi bir sıra suallar doğurur: sağalmış xora olduğu halda əməliyyatda israr edilməsi, əməliyyatdan əvvəl baş verən avtomobil qəzaları, narkozun ağırlaşması və Stalinin dəfn mərasimində səsləndirdiyi müəmmalı fikirlər…

Bütün bunlar Mixail Frunzenin ölümünü sovet tarixinin ən çox müzakirə olunan və müəmmalı hadisələrindən birinə çevirib.

Onun həqiqətən tibbi səhlənkarlığın qurbanı, yoxsa Stalin hakimiyyətinin ilk siyasi qurbanlarından biri olması məsələsi isə tarixdə açıq qalan suallardandır.

Hazırladı: Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*