Tramp Danimarkadan istədiyini aldı – Qrenlandiya razılaşmasının PƏRDƏARXASIbackend

Tramp Danimarkadan istədiyini aldı – Qrenlandiya razılaşmasının PƏRDƏARXASI

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı planı üzrə yeni razılaşma əldə olunub.

KONKRET.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Trampın Danimarka və Qrenlandiya rəhbərləri ilə Arktika təhlükəsizliyi üzrə imzaladığı üçtərəfli sazişi şərh edib.

O vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasında iştirak məqsədilə Nyu-Yorkda keçirdiyi günlər səmərəli olub:

“O, həm Baş Assambleyada çıxış edib, həm də Nyu-Yorkda müxtəlif liderlərlə ikitərəfli görüşlər keçirib, Körfəz ölkələrinin başçıları ilə ayrıca toplantı təşkil edib. O cümlədən Danimarka və Qrenlandiya rəhbərləri ilə Arktika təhlükəsizliyi üzrə üçtərəfli saziş imzalayıb.

Sonuncu razılaşma Tramp üçün daha əhəmiyyətli olub. Müqavilə Danimarka və Qrenlandiya parlamentlərində ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.

ABŞ Qrenlandiyanın cənubundakı Narsarsuaqda Soyuq müharibə dövrünə aid keçmiş “Bluie West One” hərbi bazasını yenidən açacaq. Bu hərbi baza 1950-ci illərdə bağlanmışdı. ABŞ razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluğunu daha iki məntəqəyə genişləndirə biləcək. Hazırda ABŞ Qrenlandiyada kosmik bazadan istifadə edir və orada 150 amerikalı hərbçi xidmət edir. Vaşinqtonda hesab edirlər ki, bu azdır”.

Şahinoğlu qeyd edib ki, razılaşmaya əsasən ABŞ-ın yazılı razılığı olmadan NATO üzvü olmayan dövlətlərin adada hərbi bazalar qurması, qoşun yerləşdirməsi, həmçinin strateji sektorlara investisiya yatırmasına icazə verilmir:

“Digər tərəfdən ABŞ Danimarka və Qrenlandiyanı məlumatlandırmadan adada əlavə hərbi obyektlər inşa etmək, hərbi mövcudluğunu genişləndirmək hüququna malikdir”.

Elxan Şahinoğlu bildirib ki, Donald Tramp əvvəlki açıqlamalarında Qrenlandiyanın ABŞ-a verilməsinin vacibliyini bildirirdi:

“Bu açıqlamalar Qrenlandiyanın məxsus olduğu Danimarkada sərt qarşılanmış, Kopenhagenlə Vaşinqton arasında münasibətlər gərginləşmişdi. Bu qarşıdurma NATO daxilində də gərginlik yaratmışdı. Vəziyyət o həddə çatmışdı ki, NATO-nun 8 ölkəsi Danimarka ilə həmrəylik məqsədilə adaya hərbi heyət göndərmişdi. Tramp buna cavab olaraq həmin ölkələrə qarşı tariflərin artırılacağını bəyan etdi. Əldə edilən razılaşma gərginliyi ortadan qaldırdı”.

“Tramp Danimarkadan “Qrenlandiyanı Amerikaya təhvil ver” tələb etməklə əslində planlaşdırdığını əldə edib. ABŞ Qrenlandiyadakı hərbi bazalar vasitəsilə faktiki olaraq adada əsas söz sahibi olacaq. Təsadüfi deyil ki, dövlət katibi Marko Rubio razılaşmadan sonra verdiyi açıqlamada Qrenlandiyanın Şimali Amerika strateji müdafiə zonasının bir hissəsinə çevrildiyini bildirib. ABŞ Qrenlandiyada varlığını gücləndirməklə adanın zəngin strateji təbii sərvətlərinə də çıxış əldə edəcək”, – Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, Vaşinqtonun məqsədlərindən biri də Rusiya və Çinin Arktika bölgəsində mövqelərinin güclənməsinin qarşısını almaqdır:

“Qrenlandiya Arktikanın mərkəzindən keçən Transpolyar Dəniz Yolunun üzərində yerləşir. Bu marşrut ABŞ üçün həm də ona görə əhəmiyyətlidir ki, yol Şimal Buzlu Okeanın açıq sularından keçir və bu, Rusiya və Kanadanın sahil nəzarətindən yayınmaq imkanı yaradır. Arktikada buzların əriməsi nəticəsində gəmilərin hərəkəti artıb. Rusiya və Çin son illərdə Arktikada fəallıqlarını artırıblar. Bu iki ölkə həm Arktikanın təbii sərvətlərindən faydalanmağa çalışır, həm də bu bölgədə hərbi bazalar formalaşdırmağa başlayıblar. ABŞ Qrenlandiyada hərbi bazalarının sayını və imkanlarını artırmaqla Rusiya və Çinin bu bölgədəki fəaliyyətini nəzarətdə saxlamaq imkanı qazanacaq”.

“Venesuellanın ram edilməsindən sonra Qrenlandiya ilə əldə edilən razılaşma Donald Trampın xarici siyasətdə ikinci uğuru sayıla bilər. Buna baxmayaraq, Tramp Rusiya-Ukrayna müharibəsini dayandıra bilməyib və İranla qarşıdurma davam edir”, – politoloq əlavə edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*