ABŞ Prezidenti Donald Tramp Tehran rəhbərliyinin son hərbi qarşıdurma ilə bağlı irəli sürdüyü iddialara sərt şəkildə cavab verib.
KONKRET.az xəbər verir ki, Amerika lideri bu barədə özünün sosial media hesabında bəyanat yayaraq, İran tərəfinin təzminat tələblərini kəskin şəkildə rədd edib və əksinə, Vaşinqtonun Tehrana qarşı çoxmilyardlıq kompensasiya paketi irəli sürdüyünü açıqlayıb.
Tramp bildirib ki, İran İslam Respublikasının nümayəndələri son beş aylıq hərbi münaqişə zamanı onlara dəyən zərərə görə kompensasiya tələb edirlər, halbuki bu münaqişə məhz Tehranın nüvə silahına sahib olmaması gərəkdiyi prinsipi fonunda başlamışdı və heç vaxt aparılan danışıqlarda bu məsələ müzakirə olunmamışdı: “Lakin bu, olduqca maraqlı fikirdir, çünki indi mən də öz növbəmdə İrandan tələb edirəm ki, onlar illər ərzində yol kənarındakı partlayıcı qurğularla, general Süleymani daxil olmaqla törətdikləri saysız-hesabsız münaqişələrdə qətlə yetirdikləri və ağır yaraladıqları hərbçilərimizə, “USS Cole” gəmisində həlak olanların ailələrinə və döyüşlərdə həyatını itirən minlərlə digər şəxslərə görə təzminat ödəsinlər”.
ABŞ lideri həmçinin vurğulayıb ki, kompensasiya yalnız hərbi itkilərlə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, bu ödənişlər həm də son 50 il ərzində İran rejiminin qətlə yetirdiyi yüz minlərlə günahsız etirazçının, o cümlədən son beş ayda həyatını itirən 52 min insanın ailələrinə verilməlidir: “Mən nümayəndələrimə tapşırmışam ki, bu tələb gələcək bütün danışıqların əsas və dəyişməz şərti kimi qətiyyətlə daxil edilsin”.
Natiq Səlim,
KONKRET.az
