Bu gün hər kəsi maraqlandıran məsələ müharibə başa çatdıqdan sonra işğaldan azad olunmuş şəhər və rayonların təhlükəsizlik məsələsidir. Çünki Ermənistan hər zaman təxribatçı addımlar atmağa meyillidir.
Bununla bağlı KONKRET.az-a danışan Ağ Partiyasının sədri Tural Abbaslı bildirib ki, Ermənistan öz ərazisində cəbhə bölgəsində olan və olmayan rayonları reaktiv, orta və qısa məsafəli raketlərlə atəşə tutur: “Bu gün əslində bu addımlar təxribat xarakterlidir. Məlumdur ki, düşmənin bu cəhdləri Rusiyanın prosesə cəlb edilməsi kimi qiymətləndirilir. Amma Müdafiə Nazirliyinin bəyanatı oldu ki, Azərbaycana qarşı istifadə edilən bütün hərbi hədəflər vurulacaq. Müharibədən sonra da belə olacaq. Necə ki, Rusiya və İranla sərhədimiz qorunur, Ermənistanla da elə qorunacaq.
Məhz bundan sonra Ermənistan öz ərazisindən raket atarsa, ona adekvat cavab veriləcək. Bax onda təcavüzkar ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edəcəyi məsələsi artıq qüvvədən düşmüş olacaq. Ona görə də müharibədən sonra nə olacağı ilə bağlı narahatlığım yoxdur. Ermənistan bu aqressiyanı və təcavüzü davam etdirəcəksə, layiqli cavabını alacaq. Həmçinin də burda digər bir məsələ də beynəlxalq hüquqa görə hər hansı dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün təhlükə yaradan qonşu ölkənin ərazisinə 5-10 kilometr daxil ola bilər.
Əgər görsək ki, Ermənistan öz ərazisindən bizə atəş açır, o zaman hüququmuz yaranacaq ki, onun ərazisinə girib təhlükəsizliyimizi təmin edək. Mən düşünmürəm ki, Paşinyandan sonra gələn kimsə bu aqressiv və təcavüzkar siyasəti davam etdirsin”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
