“Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?” – Rasim Musabəyovdan DAHA BIR AÇIQLAMAbackend

“Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?” - Rasim Musabəyovdan DAHA BIR AÇIQLAMA

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı verdiyi müsahibə ciddi qalmaqala səbəb olub. Sosial şəbəkələrdə onun ünvanına ən ağır tənqidlər səslənməkdədir. Çoxları hesab edir ki, politoloq bu fikirləri ilə Türkiyə qoşunlarının Azərbaycanda sülhməramlı qismində iştiraklarının əleyhinə çıxıb.

KONKRET.az xəbər verir ki, gedən müzakirələrdə sovet dövründə bolşeviklər tərəfindən güllələnən Qəzənfər Musabəyovun da adı hallanır. Deputatın babası olduğu iddia edilir. Q.Musabəyovun vaxtı ilə qaniçən daşnak ermənisi Stepan Şaumyanın quldur dəstəsinin tərkibində yer aldığı və bu səbəbdən R.Musabəyovdan belə mövqeyin gözlənilən olduğu vurğulanır.

Səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a danışan R.Musabəyov bundan qətiyyən narahat olmadığını qeyd etdi: “Məni o hücumlar zərrə qədər narahat etmir. Kim nə istəyirsə, danışsın. Dediklərimi hər kəs diqqətlə dinləsin. Mən orada demişəm ki, türk qoşunlarının Qarabağ ermənilərinin yaşadıqları yerlərə daxil olmaları mümkün deyil. Bunu indi hər kəs necə təsəvvür edə bilər? Türk qoşunu gedib Xankəndində post quracaq, bayrağını asacaq, bu mümkündürmü? Suriyada bunlar ruslarla birlikdə post yaratmağı bacarmadılar, birgə müşahidəni də təşkil edə bilmədilər. Çünki müxtəlif tərəflərdən atəş açılırdı, zirehli maşınları partladırdılar. Onu da deyim ki, Dağlıq Qarabağ ifadəsi artıq ümumiyyətlə işlədilməməlidir. Qarabağda ermənilərin yaşadıqları yerlərə türk sülhməramlılarının daxil olması o deməkdir ki, gəlin təzədən müharibə başlayaq. O zaman sadəcə olaraq, ermənilər tərəfindən ruslar, biz tərəfdən də türklər vuruşacaq. İndi deyin görüm, bu mümkündürmü? Ona görə bütün razılaşmalar bu yöndə gedirdi ki, Monitorinq Mərkəzi yaransın. İndi biz türkləri Ağdam, Kəlbəcər, Laçında yerləşdirmək üçün gedib ruslardan icazə almalıyıq? Rusiya tərəfi də demişdi ki, Azərbaycan öz ərazisində harada türk qoşunlarının yerləşməsini istəyirsə, bu bizlik deyil.

Türklər indi gəlib bizə minalardan təmizləmə prosesində köməklik göstərirlər. Söhbət ondan gedir ki, türk qüvvələrinin ermənilərin, rusların postlarının olduğu yerdə yerləşmələri mümkün görünmür. Aydın məsələdir ki, orada silahlı ermənilər də qalıb, atəş, təxribat ola bilər. İndi təzədən müharibəyə başlamalıyıq? Bir daha deyirəm ki, türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir. Bizi ermənilərdən qorumağa ehtiyac yoxdur. Şükürlər olsun ki, özümüz özümüzü ermənilərdən qorumağa qadirik. Ermənilər türklərinin iştirakını heç də özlərinin təhlükəsizliklərini möhkəmləndirmək kimi görmürlər. Kim indi nə yozur, nə qələt edir, özləri bilərlər. Bir çoxlarını son zamanlar telekanallarda çox görünməyim qıcıqlandırır. Mənim 70 yaşım var. Heç bir siyasi ambisiyalarım da qalmayıb. Bunlar nahaq yerə narahat olurlar. Bu yaşda əlimə silah götürüb gedib vuruşmaq yaşım da deyil. Sadəcə olaraq, informasiya sahəsində çalışırdım ki, əlimdən gələni edim. İndi bunu kimlərsə görürdü, kimlərsə də yox. Bu dövrdə 20-dən çox xarici mediyaya, o cümlədən, Rusiya. Ukrayna, Çexiya kimi ölkələrin KİV-lərinə müsahibə vermişəm, Azərbaycan həqiqətlərini çatdırmışam. Kimlərsə bundan sadəcə qıcıqlanıblar. Bu yazılanlar dediyim kimi, məni zərrə qədər narahat etmir. Kim nə yozursa, yozsun”.

Deputat babası kimi qələmə verilən Qəzənfər Musabəyov barədə deyilənlərə də cavab verdi: “O şəxs mənim ümumiyyətlə, babam deyil. Atamın heç əmisi də deyildi, dayısı idi. Biz iki tərəfdən də Musabəyovlarıq. Buna görə heç kəsə izahat da vermək istəmirəm. Qəzənfər Musabəyov Azərbaycan üçün xeyli işlər görüb. Nəriman Nərimanovla silahdaş olub. Ondan sonra Azərbaycanın baş naziri olub. Sonradan onu bolşeviklər sıxışdırıblar. 50 yaşında da güllələnib. Onun xalqımızın qarşısında hansısa günahları olubsa-o şəxslərin dediyi kimi-hər halda qanı ilə bu günahları silib. Bununla bağlı kim nə qələt edirsə, getsin etsin. Niyə mən türk qoşunlarının ölkəmizə gəlməsini istəməyim? Onsuz da onlar burdadırlar. Bizim Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız daha da dərinləşəcək. Rusiya deyir ki, NATO Ukrayna, Gürcüstanda olmamalıdır, amma NATO ölkəsi Türkiyə Azərbaycandadır.

Bizim ölkə də müstəqil dövlət kimi istənilən qərarı müstəqil şəkildə verə bilər. Düşünürəm ki, türklərin Azərbaycanda olmasını sülhməramlı libasa salmağa elə də ehtiyac yoxdur”.

  • Bəylər
    Dekabr 6, 2020 - 17:57

    Ruslar 30 min ermənini Xankə
    ndinə gətiriblər. Bəs nə qədər azərbaycanlı gətiriblər oraya? Rusiya sülhməramlılarinin ATƏT-in Minsk qrupundan fərqi nədir. Amerika, Rusiya, Fransa hər üçü bu illər ərzində həmişə Ermənistanin tərəfini saxlayıblar. Taxtabaş Musabəyov Suriya ilə Azərbaycani bir tərəziyə qoyur. Suriya münaqişəsi ilə Azərbaycan və Ermənistan arasında olan münaqişələr tamam fərqli munaqisələrdir, amma oxşar munaqisələrdir. Oradakı başlanan müharibə Türkiyənin zəiflədilməsi və yıxılması, burada isə Azərbaycanın ərazilərinin Ermənistana, Rusiya və İrana qatılması kimi bir ideya məqsədi qoyulmuşdu. Yəni, Azərbaycani yox etmək. Belə bir məqamda Azərbaycanin təklənməsini məqbul hesab etmirəm. Niyə Musabəyov bu illər ərzində ermənilərlə azərbaycanlılar arasında münaqişənin həllinə dair hər hansı bir təklifdə bulunmamisdi. O politoloq yox, sadəcə alçaqdır, xanımdır. Türk ordusu heç bir ölkədə heç bir millətə ziyan verməmişdir, onların gəlişindən Azərbaycana da ziyan gəlməz. Ümumiyyətlə, bundan sonra dünyada heç bir məsələ Türkiyəsiz həll oluna bilməz. Suriyada dinc əhalinin başına rusların necə bomba yağdirdiqlari mənim yadımdan çıxmayib, amma Rasimin çıxıb. Cəhənnəmə çıxsın. Amma türklər Suriyaya girdikdən sonra rusların səsi batdı. Burda da batar inşaallah. Musabekyan da özünü cira-cira qalacaq. Türklərin Azərbaycana gəlişi həm də bu hakimiyyətin sonu deməkdir. Ermənilərin hədsizliyinin sonu olduğu kimi, Azərbaycandaki erməni hakimiyyətinin hədsizliyinin sonunun olacağını düşünmək ərinin vaxtı çatmışdır.

  • Aydın Cəfərov
    Dekabr 7, 2020 - 22:21

    Gülləni Rasim atıb. Dedikləri göz qabağındadır. Sonradan heç bir izahata ehtiyac yoxdur. Belə deputatlara sadəcə ar olsun.

Aydın Cəfərov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*