“Süni intellekt insanı əvəz edə bilməyəcək. Süni intellektdən düzgün istifadə etsək, risklərin qarşısını qismən ala bilərik. İnsanlar “ChatGPT” ilə ailə məsələlərini, psixoloji problemlərini, fərdi məlumatlarnı paylaşırlar. Başa düşmürlər ki, əgər hücum olsa, görün nə qədər təhlükəsizlik təhdid altına düşəcək”.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, bu sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” adlı panel sessiyada deyib.
“Süni intellektlə bir-birindən fərqli fotolar hazırlayıb sosial şəbəkələrdə paylaşırlar. Anlamırlar ki, bunu edən vətəndaşların şəkilləri bir çox yerlərdə artıq var. Dünyada elə bir vətəndaş yoxdur ki, fərdi məlumatları sızdırılmasın. Hətta qurumların da. Qurumlar təqdimat hazırlayırlarsa, fərdi şəkildə özləri hazırlamalıdırlar. Düşünürük ki, “İnstaqram”dan fotoları siləndə tam silinir. Xeyr, hamısı sistemdə qalır. Məsələn, “TikTok”a valideyn nəzarəti mütləqdir. Bu istiqamətdə işlər aparılır. Valideynlər övladlarının fotolarını açıq şəkildə sosial şəbəkələrdə paylaşırlar. Dələduzlar isə bundan istifadə edirlər. Bütün bunlar daha faciəli məsələlərə gətirib çıxarır”, – o bildirib.
