Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib ki, yaxın zamanda Azərbaycan–İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək. Məlumata görə, burada piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq.
KONKRET.az xəbər verir ki, sözügedən açıqlamada xüsusilə “piyadaların keçidi üçün şərait yaradılması” hissəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bu anons Teleqramdakı bəzi xəbər kanallarında quru sərhədlərin açılmasının anonsu kimi dəyərləndirilib. Lakin hələ ki bununla bağlı hər hansı qərar yoxdur. Bildirilir ki, quru sərhədlərin açılması ilə bağlı qərar olarsa, bu, ictimaiyyətə rəsmi səviyyədə elan ediləcək.
Ekspertlər bildirir ki, Azərbaycanın həm şimalında, həm də cənubunda davam edən müharibə, eləcə də dünyada artan təhlükəsizlik təhdidləri quru sərhədlərin açılmamasını şərtləndirir.
Bəs DGK sərdi Şahin Bağırovun sözügedən açıqlaması nədən bəhs edir?
Həmin açıqlamanı Globalinfo.az-a şərh edən deputat Vüqar Bayramov deyib ki, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata əsasən, Ağbənddə, yəni Zəngilan rayonunda gömrük məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulub:
“Bu istiqamətdə artıq işlər aparılır və dövlət büdcəsindən vəsait ayrılıb. Kifayət qədər ciddi infrastruktur qurulub. Bu da İranla Azərbaycan arasında işğaldan azad olunmuş ərazilərimizdə gömrük-keçid məntəqəsinin istifadəyə veriləcəyi anlamına gəlir”.
Deputat qeyd edib ki, proses intensiv şəkildə davam edir:
“Bu baxımdan gözlənilir ki, ayrılmış vəsait və qurulan infrastruktur yaxın müddətdə İranla Azərbaycan arasında gömrük-keçid məntəqəsinin istifadəyə verilməsinə imkan yaradacaq”.
