Türkiyədə ara qarışır: Erkən seçki qərarı Ərdoğanın siyasi planıdır, yoxsa…?backend

Türkiyədə ara qarışır: Erkən seçki qərarı Ərdoğanın siyasi planıdır, yoxsa...?

Türkiyədə növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı iddialar yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Ölkədə davam edən iqtisadi çətinliklər, həyat səviyyəsinin bahalaşması və müxalifət düşərgəsində yaşanan daxili proseslər seçki ehtimalını daha da aktuallaşdırır. Eyni zamanda, hakimiyyətin mümkün erkən seçki qərarının Prezident Rəcəb Tayyib Ərdoğanın gələcək siyasi planları ilə əlaqəli olub-olmaması da müzakirə edilir. Bəs noyabrda növbədənkənar seçki keçirilərsə, bu addım daha çox sosial-iqtisadi narazılığı yumşaltmağa hesablanacaq, yoxsa Ərdoğanın yenidən namizədliyini təmin etməyə yönəlmiş siyasi strategiya kimi qiymətləndirilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Faiq Ələkbərli bildirib ki, məsələyə birmənalı yanaşmaq mümkün deyil:

Faiq Ələkbərli başqan müavini təyin edildi | Modern.az

“Bu, siyasi prosesdir və Türkiyə tarixən siyasətin hər zaman ön planda olduğu dövlətlərdən biri olub. Ölkədə daim siyasi maraqlar və həmin maraqlardan irəli gələn hadisələr, proseslər yaşanıb. Əgər payızda növbədənkənar seçkilər keçiriləcəksə, siyasi qüvvələrin hər biri öz maraqlarını təmin etməyə çalışacaq.

Burada həm ana müxalifət olan CHP və onun ətrafında birləşən qüvvələr, həm də hakim Ədalət və İnkişaf Partiyası (AKP) öz siyasi hədəflərini gerçəkləşdirmək üçün fəaliyyət göstərəcəklər. Hər kəs seçkilərdən maksimum siyasi dividend əldə etməyə çalışacaq”.

Politoloqun sözlərinə görə, hazırda CHP-nin vəziyyəti də kifayət qədər mürəkkəbdir:

“Ana müxalifət partiyasında müəyyən daxili proseslər gedir və mövcud vəziyyət ürəkaçan görünmür. Belə şəraitdə CHP-nin seçkilərə uğurla gedib-getməyəcəyi ciddi sual doğurur. Ola bilsin ki, AKP də bu vəziyyətdən yararlanmaq niyyətindədir.

Kəmal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə gətirilməsi məhkəmə qərarı ilə baş verdi. Hesab edirəm ki, əgər hakimiyyət payızda növbədənkənar seçkilərin keçirilməsinə razılıq verərsə, həm CHP-dəki bu vəziyyəti, həm də Prezident Ərdoğanın yenidən namizədliyi məsələsini nəzərə alacaq”.

F. Ələkbərli hesab edir ki, mövcud şəraitdə növbədənkənar seçkilər CHP üçün müəyyən risklər yarada bilər:

“CHP üçün indiki şərait təhlükəli görünür. Bununla belə, partiyanın tərəfdarları seçkilərin keçirilməsi halında qələbə qazanacaqlarına inana bilərlər. Amma məncə, seçkilərə qədər CHP-nin qurultay keçirməsi və partiya sədrinin yenidən müəyyənləşdirilməsi vacibdir.

Növbədənkənar seçki baş tutarsa, bütün siyasi qüvvələr bundan öz xeyirlərinə istifadə etməyə çalışacaqlar. Lakin hazırkı vəziyyətdə ana müxalifətin şansları o qədər də yüksək görünmür”.

Politoloq vurğulayıb ki, Türkiyədə mümkün növbədənkənar seçkilərin arxasında həm siyasi, həm də strateji hesablamalar dayanır və proseslərin sonrakı inkişafı ölkədaxili siyasi balansdan asılı olacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*