“Türkiyədən hansısa şəxsə bağlı xəritə paylaşımı ciddi təxribatdır” – Naxçıvan paylaşımı ilə bağlı AÇIQLAMAbackend

“Türkiyədən hansısa şəxsə bağlı xəritə paylaşımı ciddi təxribatdır” – Naxçıvan paylaşımı ilə bağlı AÇIQLAMA

Araşdırmaçı yazar Engin Avcının Türkiyənin 2025-ci il xəritəsini paylaşması birmənalı qarşılanmayıb. Xüsusilə xəritədə Naxçıvan ərazisinin də Türkiyənin nəzarətinə keçəcəyi ilə bağlı iddiaların yer alması ciddi müzakirələrə səbəb olub. Belə ki, türkiyəli araşdırmaçı Suriyanın şimalı və İraqın mərkəzi, bütövlükdə Ermənistan və bəzi Yunan adaları ilə yanaşı Naxçıvanın da Türkiyənin nəzarətinə keçəcəyi haqda iddialar səsləndirib. Bəs görəsən xəritədə əks olunanların reallaşması nə dərəcədə mümkündür?

Mövzunu KONKRET.az-a şərh edən Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, vaxtaşırı bu cür xəritələr paylaşılır: “Əslində bunun təxribat olduğu qənaətindəyəm. Hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyü Türkiyənin suverenliyi anlamına gəlir. Türkiyədən hansısa şəxsə bağlı xəritə paylaşımı ciddi təxribat hesab olunmalıdır. Hazırda Türk dünyasının parçalanması deyil, birləşməsi prosesi gedir. Bu prosesdə Türkiyə çox önəmli rol oynayır. Rəsmi Ankaranın hazırki missiyası Zəngəzur dəhlizi vasitəsi ilə Türk dünyasına çıxış əldə etməkdir. Təbii ki, Suriyanın şimalında, İraqın mərkəzi bölgələrində, Balkanlarda, adalar və Ermənistanda Türkiyənin nüfuzunun olmasını heç kəs istisna edə bilməz”.

Əziz Əlibəyli: "Dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır  cinayətdir"

Siyasi şərhçi əlavə edib ki, hazırda dünyanın parçalanaraq yenidən bölüşdürülməsi prosesi başlayıb: “Biz artıq bunun qığılcımlarını ötən ildən görməkdəyik. Xüsusən Vətən müharibəsindən sonrakı qlobal siyasi proseslərdə bunu daha aydın müşahidə edirik. Bu xəritənin reallaşması bölgədəki güc faktorlarının sıradan çıxması anlamına gələ bilər. Məsələn Rusiyanın Avropada apardığı hərbi əməliyyatlar ona hansı imkanları yaradar sualı ətrafında düşünmək olar. Təbii ki, Avropanın Rusiya neft-qaz sanksiyası altında nə qədər dözə biləcəyi də sual altındadır. Digər tərəfdən Suriya-Türkiyə münasibətləri yeni formata qədəm qoyub. Artıq xüsusi idarələrin rəhbərləri görüşlər keçirirlər. Hesab edirəm ki, Suriyanın suverenliyi və unitarizmi də mübahisəli məsələdir. İraqda da eyni vəziyyət hökm sürür. Balkanlar hər an dünya müharibəsinin baş verə biləcəyi bir zonadır. Təbii ki, Yunanıstanın cəzalandırılması mümkündür. Ancaq biz bütün bunlara nəzəri cəhətdən yanaşırıq. Praktiki olaraq 2025-ci ildə Türkiyənin sözügedən xəritəni reallaşdıra biləcəyi real görünmür. Naxçıvan isə bizim xüsusilə etiraz bildirdiyimiz bir məsələdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*