Rusiya və Türkiyənin Müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzin yaradılması barədə memorandum imzalayıblar.
Bununla bağlı KONKRET.az-a danışan deputat Elman Nəsirov bildirib ki, noyabrın 10-na keçən gecə Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş naziri arasında hərbi əməliyyatların dayandırılması bağlı sənəd imzalandı: “Bu sənəd 9 bənddən ibarətdir. Bu bəndlərin birində sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Razılaşmaya əsasən sülhməramlıların içərisində Rusiya silahlı qüvvələrin iştirakı nəzərdə tutulur. Onlar Dağlıq Qrabağ və Laçın dəhlizində yerləşdirilirlər. Eyni zamanda bütün bu atəşkəslə bağlı əldə edilmiş razılaşmanın həyata keçirilməsi, monitorinqin aparılması və bu proseslərə nəzarət etmək üçün Sülhməramlılar Mərkəzi yaradılıb. Bu mərkəzdə Türkiyə hərbiçilərinin iştirakı məsələsi də öz əksini tapıb. Bəyanatda öz əksini tapmış bu bənd üzrə Rusiya və Türkiyə müdafiə nazirləri arasında danışıqlar getdi. Bu danışıqların nəticəsi olaraq bir memorandum imzalandı. Bu memoranduma əsasən bu 30 ildə ilk dəfə qardaş, dost Türkiyə dövlətinin tənzimləmə prosesində iştirakı öz əksini tapdı. Bu baxımdan Türkiyənin bu prosesə cəlb edilməsi gələcək proseslərdə də ölkəmizin uğurlarını təmin edəcək”.
Deputat vurğulayıb ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü idi: “Bu münaqişənin həllini də 3 dövlət Rusiya, Fransa və ABŞ həyata keçirirdi. İndiki vəziyyətdə Fransa və ABŞ proseslərdən tamamilə kənarda qalıb. Sülh yaratma prosesini sülhməramlı qüvvələrin təmsilçisi kimi Türkiyə və Rusiya həyata keçirəcək. Bu nöqteyi-nəzərdən qardaş Türkiyənin bu prosesə ilk dəfə bu statusla cəlb edilməsi böyük siyasi əhəmiyyəti və mənası var. Bu, xalqımız tərəfindən böyük qiymətləndirilir. Hesab edirəm ki, yaxın günlərdə bu proses real təsdiqini tapacaq. Artıq Türkiyə hərbiçiləri razılaşmaya əsasən öz tarixi missiyasını həyata keçirəcək. Bütövlükdə 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbə, torpaqlarımızın geri qaytarılması tarixi bir hadisədir. Yüz illiklər keçsə də, bu, tariximizin ən yüksək məqamı kimi qeyd olunacaq. Həmin qələbənin qəhrəmanı Ali Baş Komandanın qeyd etdiyi Azərbaycan Ordusudur. Müzəffər Ordunun ən yüksək şəkildə formalaşması və idarəçiliyin yüksək səviyyədə qurulması Ali Baş Komandanın adı ilə bağlıdır. Xalqımızın da dəstəyi bizim tarixi qələbəmizi təmin etdi”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
