“Türkü oyatmaq olmaz, bu, onlara baha başa gələcək” – Səfirliyimizə edilən hücumla bağlı AÇIQLAMAbackend

“Türkü oyatmaq olmaz, bu, onlara baha başa gələcək” – Səfirliyimizə edilən hücumla bağlı AÇIQLAMA

Böyük Britaniyadakı səfirliyimizdə törədilə hadisələr və bayrağımıza qarşı edilən hörmətsizlik dünya azərbaycanlılarının hiddətinə səbəb olub. Damarında Türk qanı axan hər kəs cinayətkarların layiqli cəzalandırılmasını tələb edir. Bu hadisənin arxasında kimlərin dayanması isə maraq doğurur. Əslində bu barədə müəyyən fikirlər səsləndirilsə də, daha dəqiq motivlər İngiltərə hökumətinin araşdırmasından sonra məlum olacaq. Görünən isə odur ki, Azərbaycanı istəməyən, uğurlarımızı həzm etməyən qüvvələr ölkəmizə qarşı ciddi təxribatlara start verib.  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Cümşüd Nuriyevin sözlərinə görə, dövlətçiliyimizə qarşı heç bir təhlükə yoxdur: “Məsələ ondadır ki, Azərbaycanın son zamanlar tutduğu mövqe Ermənistanı və onu dəstəkləyənləri narahat edir. Bundan başqa Xameneinin son fikirlərindən sonra Azərbaycan mediası İranın üzərinə çox getdi. Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının pozulması məsələsini gündəmə gətirdi. Bu, İranın yuxarı dairələrini həddindən artıq narahat edir. İran hesab edir ki, türklərin yenidən oyanması və azadlıq istəməsi təhlükəsi mövcuddur. Molla rejimi öz ağlına görə bu metoda əl atdı. Çünki hər kəs gözəl bilir ki, Küveyt İranın öz təriqətini ixrac etmək istədiyi körfəz ölkələrindən biridir. Buradakı təşkilatlar bilavasitə Hizbullah və İranın nəzarəti altındadır. Amma bunlar öz aralarında Azərbaycana, “biz İngiltərə kimi ölkədə belə sizin səfirliyinizi işğal edə və oradan bayrağınızı endirə bilərik” mesajını vermək istədilər. Bu, İranın çıxılmaz vəziyyətə düşməsinə və həddən artıq qorxu içərisində olmasına dəlalət edir. Amma bu, əks effekt verdi. İran anlamalıdır ki, bumeranq effekti hər zaman təhlükəli olur. Bunlar dərk etməlidirlər ki, Türkü oyatmaq olmaz. Onların atdığı addım təkcə Azərbaycana yox, bütün Türk dünyasına qarşı yönəlib. Azərbaycan mediası proseslərin üzərinə gedir. Bu çox vacib məsələdir”.

Cümşüd Nuriyev: “Gizli plana görə, İran 5 yerə parçalanmalıdır. Farslar bunu bizə bağışlamaq istəmir” - ŞOK DETALLAR | KONKRET

Cümşüd Nuriyev əlavə edib ki, Azərbaycan İrandan, Ermənistandan və Rusiyadan bu cür təxribatları çox görüb: “Azərbaycan bayrağına qarşı edilən hərəkət isə heç bir çərçivəyə sığmır. Bayraq bizim üçün çox müqəddəsdir. Onların ən böyük səhvi odur ki, Azərbaycanın əsas atributu olan, şəhidlərimizin qanı ilə yenidən yüksələn bayrağımızı yeri endirdilər. Bu, onlara baha başa gələcək. Amma öncə İngiltərə 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq yoxlamaları başa çatdırmalıdır. Onlar konkret müəyyənləşdirməlidirlər ki, bu hadisəni törədən Birliyi kim qeydiyyata alıb?. Əgər qeydiyyata alınmayıblarsa, o zaman niyə Londonda fəaliyyət göstərirlər?. Yaxud qeydiyyatları varsa, bu zaman onların nizamnaməsinə baxmaq lazımdır. Yəni burada böyük bir cinayət törədilib. Biz İngiltərənin mövqeyini görməliyik. Azərbaycan mediası İngiltərənin üzərinə getməlidir. Özlərini dünyada demokratiyanın çarcısı kimi təqdim edən bir dövlətdə Vyana Konvensiyasının pozulması İngiltərə üçün biyabırçılıqdır. Bütün məlumatlar dəqiqləşəndən sonra Azərbaycan öz mövqeyini bildirməlidir. Baş verənlərin arxasında kimin dayanmasının fərqinə varmadan Azərbaycan həmin ölkəyə NOTA göndərməlidir. Daha sonra isə Azərbaycan mediası İranla bağlı bütün məsələləri gündəmdə saxlamalı və cənublu soydaşlarımızın hüquqlarının qorunmasını tələb etməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*