Bu gün bəzi media orqanlarında Ceyranbatan gölündən meyit tapılması ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyi açıqlanıb.
KONKRET.az xəbər verir ki, İri Şəhərlərin Su Təchizatının Mətbuat Xidməti məsələ ilə bağlı rəsmi açıqlama yayıb.
Bildirilib ki, Ceyranbatan Su Təchizatı İdarəsinin su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Ramazanov iş otağında qəfil vəfat edib.
Açıqlamada qeyd olunub ki, hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə əsasən, Mahir Ramazanov ürək tutması nəticəsində dünyasını dəyişib.
Qurum bəzi media orqanlarında yayılan məlumatların rəsmi mənbəyə istinad etmədən ictimaiyyətə təqdim olunduğunu vurğulayaraq, media nümayəndələrini və sosial şəbəkə hesablarının təmsilçilərini məlumatları yaymazdan əvvəl mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırıb.
Allah rəhmət etsin!
