“Böyük kredit götür, xaricə get, bir də geri qayıtma” – bu fikir az qala xalq arasında zarafata çevrilib. Bəs doğrudanmı, bankdan külli miqdarda borc götürüb ölkəni tərk etməklə məsuliyyətdən qurtulmaq mümkündür?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a tədqiqatçı-hüquqşünas Səməd Vəkilov danışıb.
Hüquqşünas deyib ki, krediti əvvəldən qaytarmamaq niyyəti ilə götürən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər:
“Təəssüflə qeyd etməliyəm ki, son vaxtlar bankla bağlı cinayətlər intensiv şəkildə artmaqdadır. Məqsəd əvvəlcədən kredit götürüb qaçmaqdırsa, burada artıq cinayət məsuliyyətindən söhbət gedir.
Şəxsin başqa ölkədə olması onun barəsində cinayət işinin başlanmasına mane olmur. Sırf mülki öhdəliklə bağlı münasibətlərdə isə məhkəmə onun barəsində qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin qərəzli şəkildə icra edilməməsi isə yenə də cinayət məsuliyyəti yaradır”.
Səməd Vəkilov bildirib ki, borcdan qaçmaq üçün ölkəni tərk edən şəxslər xaricdə də hüquqi problemlərlə üzləşir:
“Bundan başqa həmin şəxslər xarici ölkədə işlə məşğul olması üçün müvəqqəti yaşamaq icazəsi yaxud vətəndaşlıqla bağlı müraciət etdikdə onun öz ölkəsi qarşısında öhdəliyi olub-olmaması barədə sorğu verildikdə həmin şəxs üçün mənfi cavab veriləcək, bir sözlə, bu cür uğursuz düşüncə sonda arzuolunmaz nəticələrə səbəb olacaq”.
Hüquqşünas qeyd edib ki, ölkədən getmək bank qarşısında yaranmış borcu aradan qaldırmır. Kredit öhdəliyi şəxsin xaricə köçməsi ilə qüvvədən düşmür və hüquqi müstəvidə onun barəsində tədbirlər görülə bilər.
