Üçüncü Qarabağ savaşı hər an başlaya bilər – POLİTOLOQLA MÜSAHİBƏbackend

Üçüncü Qarabağ savaşı hər an başlaya bilər - POLİTOLOQLA MÜSAHİBƏ

Üçüncü Qarabağ savaşı gözləntisi: “Dəmir yumruq” işə düşə bilər

Tofiq Abbasov: “Müharibə şüarı ilə küçələrə çıxanlara rəsmi Moskva hələ ki, dözür. Amma Azərbaycan buna dözmür, dözmək niyyəti də yoxdur”

İkinci Qarabağ müharibəsinin bitməsini nəzərdə tutan 10 noyabr Üçtərəfli Bəyanatının müddəalarının icrasına Ermənistan isti yanaşmır. Bir dəfə də olsun rəsmi İrəvan tərəfindən sülhün yaradılması haqqında fikirlər səsləndirilməyib. Əksinə, hər zaman verilən bəyanatlar pozuculuğa yönəlik olub. Bununla yanaşı, hazırda Dağlıq Qarabağda erməni yaraqlıları, müharibədə dağılan ordularının tör-töküntüləri qalmaqdadırlar. Hansı ki, Üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisində bir nəfər də olsun silahlı erməni qalmamalıdır. Qarabağ separatçılarından da mütəmadi olaraq xoşagəlməz açıqlamalar verilir.

Eyni zamanda, Ermənistan hakimiyyətində bəzi şəxslər, o cümlədən bütövlükdə erməni müxalifəti revanşist çağırışlar edirlər. Açıq-aşkar şəkildə bildirirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə, yenidən hazırlaşacaqlar, müharibəyə başlayacaqlar. Bir sözlə, düşmən niyyətindən əl çəkməkdə, sülhün yaranmasında maraqlı görünmür.

Azərbaycan cəmiyyəti müşahidə olunan vəziyyəti qiymətləndirərkən belə qənaətə gəlir ki, bu ilin yaz və ya yay aylarında Üçüncü Qarabağ müharibəsi başlaya bilər. Rəsmi Bakı səviyyəsində də bildirilib ki, Ermənistan Üçtərəfli Bəyanatın icrasında səmimi olmasa, bu sənədi pozmağa cəhd etsə, “Dəmir yumruq” əməliyyatı qaçılmaz ola bilər. Hətta Prezident İlham Əliyev xarici və yerli media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğalçı ölkəyə mesajlarını verdi – Ermənistan seçimini etməlidir, sülhün bərqərar olunmasına səy göstərməlidir. Əks təqdirdə, nəticə ağır olacaq.

Üçüncü Qarabağ müharibəsi ehtimalını politoloq Tofiq Abbasov AYNA-ya müsahibəsində dəyərləndirib. Onun sözlərinə görə, yeni müharibənin başlaması mümkündür…

Tofiq Abbasov: “Yeni prezident cəmiyyətdə parçalanmalara son qoymalıdır”

– Ermənistanda radikal qüvvələr, faşist ideologiyasında olanlar, terrorçular vəziyyəti gərginləşdirirlər. Çalışırlar ki, Ermənistan daxilində sabitlik pozulsun, qarşıdurmalar güclənsin. Düzdür, onların əsas niyyəti Ermənistanda yenidən hakimiyyətə qayıtmaqdır. Çünki biz burada keçmiş prezidentlər, terrorçu-quldurlar olan Köçəryanın, Sarkisyanın izlərini görürük. Başqa qüvvələr də var ki, bu terrorçulara havadarlıq edirlər, onların dediklərini təkrarlayırlar. Revanşist çağırışlara köklənən qüvvələr Ermənistanda xaosu daha da dərinləşdirmək niyyətindədirlər. Bu baxımdan, hesab edirəm ki, müharibənin yenidən alovlanması ehtimalı var.

Üçüncü Qarabağ müharibəsi başlayarsa, bu, Ermənistan üçün sonun başlanğıcı olacaq. Baxın, bu gün Ermənistan faktiki olaraq idarə edilmir. Onun nə siyasi institutları, nə vətəndaş cəmiyyəti, nə ordusu təkmil formada fəaliyyət göstərirlər. İkinci Qarabağ müharibəsində darmadağın olan dövlət toparlana bilməyib. Bundan da revanş çağırışçıları, vaxtilə hakimiyyətdə olmuş  quldurlar istifadə etməyə, hakimiyyətə gəlməyə can atırlar. Ermənistanda dövlət strukturları ilə yanaşı, erməni cəmiyyəti də dağınıqdır, hələ formalaşmayıblar.

Bunlar öz millətlərini üç kateqoriyaya bölürlər: klassik ermənilər, qondarma ermənilər – Qarabağ ermənilərini belə adlandırırlar – xaricdə yaşayan ermənilər…. Baxın, bu millətin formalaşmasının özü böyük şübhələr doğurur. Bütün bunlar, ritorik çağırışlar Azərbaycanın “Dəmir yumruğunu” yenidən gündəmə daşıyır.

– Yəni, yeni müharibə ehtimalı güclənir?

– Ermənistan sülhə gedən yolun ən uzun variantını seçib. Onlar tərəfdən verilən açıqlamalar, çağırışlar, alternativ fikirlər məsələləri qəlizləşdirir. Onlar elə bilirlər ki, şıltaqlıqları ilə kimlərisə “mat” qoya bilərlər, kiməsə badalaq gələ bilərlər. Bu alınmayacaq. Azərbaycan Prezidenti yerli və xarici media mənsubları üçün keçirdiyi mətbuat konfransında qeyd etdi ki, Ermənistanın və ermənilərin qarşısında bir o qədər də alternativ yoxdur. Onların iki seçimi qalıb – sülh və ya müharibə. Sülhü seçsələr, onlar üçün yaxşı olacaq. Hansı ki, bu gün ölkənin Baş naziri bunu istəyir. Yox, əgər sülhü seçməsələr, yenə də müharibəyə can atsalar, o zaman boyunları dibindən sınacaq. Bununla da, bölgədə başqa konfiqurasiya yaranacaq. Azərbaycan 44 günlük Vətən müharibəsi və qələbəsi ilə bütün dünyaya mesaj verdi ki, bir daha bölgədə erməni faşizminin baş qaldırmasına imkan verməyəcək. Bu tezislə söyləmək olar ki, daha bir müharibə Ermənistanın axırı olacaq. Öz dövlətlərini və dövlətçiliklərini saxlamaq istəyirlərsə, sülhdə, normal qonşuluq münasibətlərində maraqlı olmalıdırlar. Ermənilər sağlam qətiyyət göstərməlidirlər ki, Azərbaycan və Türkiyə onlara dəstək olsun. Onların səfalətdən, kasıblıqdan, bədbəxtlikdən qurtuluş yolu budur. Əks təqdirdə, ermənilərin ölkələrindən qaçışı davam edəcək, nəticədə dövlət olaraq yox olacaqlar.

– Hakimiyyətə gəlmək istəyən erməni müxalifəti, xüsusən də, Köçəryan-Sarkisyan revanş bəyanatları verirlər. Amma maraqlı burasındadır ki, bu adamları istiqamətləndirən Rusiya müharibədə maraqlı olmadığını bəyan edir…

– Faktiki olaraq, bu gün Ermənistanda mərkəzləşmiş hakimiyyət qolları yoxdur. Prezidentlə Baş nazir arasında çəkişmə gedir, Baş Qərargah Paşinyanın istefasını tələb edir, Baş prokurorluq başqa mövqe göstərir və s. Yəni, Ermənistan daxilində inteqrasiya yoxdur, xaos baş alıb gedir. Bunun qarşısını ala bilmirlər, çünki ölkə başıpozuqluq şəraitindədir. Belə vəziyyətdə həmin kriminal ünsürlər – Köçəryan, Sarkisyan, Manukyan qarışıqlıqdan istifadə etməyə cəhd göstərirlər. Onlar Ermənistanın gələcəyini yox, hakimiyyəti ələ keçirməyi düşünürlər. İstəyirlər ki, yenidən gəlib erməniləri məhv etsinlər, ölkəni talasınlar. Xalqdan dəstək almaq üçün də revanşist açıqlamalar verirlər. Ermənilərin bəziləri onlara inanmırlar. Fikirləşirlər ki, onları iflasa gətirib çıxaran Köçəryanın, Sarkisyanın xəstə ideologiyasına qayıtmaq olmaz. Amma xəstə ideologiyanın tərəfdarları da var. Anlamırlar ki, bu yanaşmaları onları məhv etdi. “Zərərin yarısından qayıtmaq xeyirdir” – düşüncəsi onlarda yoxdur. Türk fobiyası ilə çalışırlar ki, olan-qalan dövlətçilikləri də məhv olsun. Müharibə etmək istəyirlər, müharibəyə başlamaq istəyirlər – başlasınlar. Azərbaycanın 44 günlük müharibədə “Dəmir yumruğu” bu dəfə daha amansız olacaq. Buna heç şübhə ola bilməz.

Qaldı ki, Rusiya məsələsinə, müharibə şüarı ilə küçələrə çıxanlara, Üçtərəfli Bəyanatı pozmaq istəyənlərə rəsmi Moskva hələ ki, dözür. Amma Azərbaycan buna dözmür, dözmək niyyəti də yoxdur.

Prezident İlham Əliyev də bildirdi ki, bu barədə Rusiya rəhbərliyi ilə danışıb. Rusiya nə istəyir istəsin, amma Azərbaycan bundan sonra ermənilərə şans tanımayacaq. İmkan verilməyəcək ki, ermənilər bölgədə yeni təhdidlər yaratsınlar, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparsınlar, vətəndaşlarımızı əsir, girov götürsünlər, insanlarımızı məhv etsinlər.

Elə mənfurdurlar ki, artıq Qarabağda minalardan təmizlənmiş ərazilərimizə onların kəşfiyyatçıları, diversantları yenidən mina qoyurlar. Görün, bunlar nə dərəcədə mənfurdurlar ki, özlərinin gələcəklərini görə bilmirlər. Hesab edirəm ki, bunların qarşıdurmaya meylli siyasətləri elə özlərinin axırına çıxacaq. Təxribatlarından dönməsələr, əlbəttə, itirən özləri olacaq. /ayna.az

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*