Ukrayna Xarici İşlər Nazirliyi həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftarla bağlı etiraz edib.
KONKRET.az xəbər verir ki, nazirlik siyasətçini Kiyevə təhvil verməyə çağırıb.
“Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstanda dəmir barmaqlıqlar arxasında saxlanılan Ukrayna vətəndaşı Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftara kəskin etirazını bildirir. Gürcüstan hökuməti Saakaşviliyə qarşı psixoloji və fiziki zorakılıq tətbiq edir, onun təcili tibbi yardıma ehtiyacı olduğunu inkar edir, həyatı üçün qəsdən təhlükə yaradır. Biz Gürcüstan hakimiyyətindən Mixeil Saakaşvilini Ukraynaya təhvil verməyə çağırırıq”, – nazirliyin açıqlamasında deyilir.
Qeyd edək ki, Saakaşvili 2021-ci ilin oktyabrında keçiriləcək bələdiyyə seçkilərindən bir gün əvvəl Gürcüstana gizli şəkildə gəlib. O, həbs edilərək Rustavi şəhərindəki həbsxanaya yerləşdirilib. Səhhəti pisləşdikdən sonra Gürcüstanın keçmiş prezidenti həbsxana xəstəxanasına, daha sonra isə hərbi hospitala köçürülüb.
İqbal Rzayev,
KONKRET.az
