Uşaq evində böyüdü, dövlət 1 otaqlı mənzil verdi: Vətəndaş niyə narazıdır? – RƏSMİ CAVABbackend

Uşaq evində böyüdü, dövlət 1 otaqlı mənzil verdi: Vətəndaş niyə narazıdır? - RƏSMİ CAVAB

Valideyn himayəsindən məhrum olan şəxslərin mənzil təminatı məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Dövlət tərəfindən sosial həssas kateqoriyaya aid vətəndaşlara mənzillər təqdim olunsa da, bəzi hallarda verilən yaşayış sahəsinin ailə tərkibinə uyğun olmaması narazılıq yaradır.

Bu dəfə Abşeron rayon sakini Xəlil Eldarov KONKRET.az-ın redaksiyasına müraciət edərək ona dövlət tərəfindən verilən mənzilin sahəsinin ailə tərkibi ilə uzlaşmadığını deyib.

Onun sözlərinə görə, valideynlərini itirən və internatda böyüyən şəxs kimi dövlət tərəfindən mənzillə təmin olunub. Ancaq verilən mənzil ailəsinin tərkibinə uyğun deyil.

Vətəndaş deyir ki, 1990-cı il təvəllüdlüdür və 1997–2005-ci illərdə Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli uşaq evində böyüyüb. Uşaq evindən məzun olduqdan sonra peşə məktəbinə yönləndirilib, daha sonra hərbi xidmət keçib.

Xəlil Eldarov qeyd edir ki, mənzili 2018-ci ildə almalı olsa da, ona ev yalnız 2021-ci ildə təqdim edilib:

“Ev veriləndə artıq ailəli idim, iki uşağım vardı. Buna baxmayaraq, ” Stansiya Sumqayıt ərazisindəki şəhərcikdə bizə 1 otaqlı mənzil verildi. Dörd nəfərlik ailə üçün bu şərait uyğun deyil”.

Onun sözlərinə görə, sosial xidmət müəssisələrinin məzunlarına əsasən bir otaqlı mənzillər təqdim olunur və bu, müvəqqəti yaşayış kimi nəzərdə tutulsa da, sonradan mənzil şəraitinin yaxşılaşdırılması mexanizmi tətbiq edilmir.

Eldarov bildirib ki, 2024-cü ildə imzalanan sərəncamdan sonra çətin şəraitdə yaşayan şəxslərin mənzil növbəsinə durması imkanının yaradılmasını istəyir:

“Ailə üzvlərinin sayına görə yaşayış sahəsi nəzərə alınmalıdır. Mənzil növbəsinə düşmək və şəraitimin yaxşılaşdırılmasını istəyirəm”.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən KONKRET.az-a bildirilib ki, sosial mənzillərin verilməsi qurumun səlahiyyətlərinə daxil deyil. Qeyd olunub ki, vətəndaşın aztəminatlı olması nəzərə alınaraq 2022-ci ildən etibarən ona müxtəlif sosial yardımlar göstərilib, bayram sovqatları təqdim olunub və məşğulluq yarmarkalarına dəvət edilib.

Sosial Xidmətlər Agentliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat müəyyən kateqoriyalar üzrə həyata keçirilir. Bunlara müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, Çernobıl AES qəzasının ləğvində iştirak edib əlilliyi olan şəxslər, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq müəssisəsi məzunları daxildir.

Agentliyin məlumatına görə, Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamına əsasən həmin tarixədək uçotda olan məzunların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillər təqdim olunub. 2021-ci ilin sentyabr ayından etibarən bu kateqoriyadan olan 283 nəfər, ümumilikdə isə 650 nəfər tam təmirli mənzillə təmin edilib.

Qurum qeyd edib ki, Xəlil Eldarov 4 oktyabr 2021-ci il tarixində Abşeron rayonu ərazisində birotaqlı mənzillə təmin olunub və tərəflər arasında təhvil-təslim aktı imzalanıb.

Agentlik vurğulayıb ki, imtiyazlı şəxslər dövlət tərəfindən yalnız bir dəfə mənzillə təmin olunur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*