Uşaq və gənclərin inkişafına rəqəmsal təhlükə: Telefonlar nələri dəyişir?backend

Uşaq və gənclərin inkişafına rəqəmsal təhlükə: Telefonlar nələri dəyişir?

Müasir dövrdə telefon, kompüter və sosial şəbəkələr uşaqların və gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal texnologiyalar informasiya əldə etməyi, öyrənməyi və ünsiyyət qurmağı asanlaşdırsa da, bu vasitələrdən həddindən artıq istifadə bir sıra problemləri də gündəmə gətirir. Uzun müddət ekran qarşısında qalmaq fiziki aktivliyin azalmasına, canlı ünsiyyətin zəifləməsinə, eləcə də psixoloji gərginliyə səbəb ola bilər. Xüsusilə alqoritmlərin istifadəçilərə davamlı informasiya təqdim etməsi onların düşüncə və davranışlarına təsirsiz ötüşmür.

Bəs texnologiyaların uşaqların və gənclərin həyatına təsiri hansı həddə çatıb və bu prosesin mənfi nəticələrindən necə qorunmaq mümkündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, müasir dövrdə texnologiyalardan istifadə bütün yaş qrupları üçün zərurətə çevrilib. Onun sözlərinə görə, kompüter, mobil telefon, ağıllı texnologiyalar və süni intellekt olmadan bugünkü həyatı təsəvvür etmək çətindir. Lakin bu vasitələrdən həddindən artıq istifadə insan sağlamlığı və sosial davranışları baxımından müəyyən risklər yaradır.

Azərbaycanda növbə mədəniyyəti niyə yoxdur? | KONKRET

Sosioloq qeyd edib ki, saatlarla kompüter qarşısında oturmaq, telefondan uzun müddət ayrılmamaq fiziki sağlamlığa mənfi təsir göstərə, müxtəlif ağrılara və orqanizmdə problemlərə yol aça bilər:

“Əslində, hər bir texnologiyadan düzgün və səmərəli istifadənin öz şərtləri var. İnsan müəyyən fasilələrlə ekran qarşısında keçirdiyi vaxta nəzarət etməli, sağlamlığına diqqət yetirməli və rəqəmsal avadanlıqlardan məqsədyönlü şəkildə faydalanmalıdır. Bu baxımdan fiziki aktivlik, canlı ünsiyyət və sosiallaşma xüsusi əhəmiyyət daşıyır. Texnologiya insan həyatında əsas məqsəd deyil, köməkçi vasitə olmalıdır”.

Nail Cəlilin fikrincə, texnologiyaların müsbət tərəfləri də az deyil. Belə ki, rəqəmsal vasitələr informasiyaya daha sürətli çıxış imkanı yaradır, vaxta qənaət etməyə və gündəlik fəaliyyətləri daha səmərəli təşkil etməyə kömək edir. İnsanlar texnologiyaların dəstəyi ilə fiziki aktivliklərini planlaşdıra, sağlam həyat tərzi üçün müxtəlif proqramlardan yararlana bilərlər.

Bununla belə, sosioloq hesab edir ki, rəqəmsal mühitin yaratdığı əsas problemlərdən biri informasiya yüklənməsidir. Onun sözlərinə görə, sosial şəbəkələrin alqoritmləri bəzən insanları özləri üçün faydalı olmayan və ehtiyac duymadıqları informasiyalarla həddindən artıq yükləyir. Bu isə informasiya stressinə, psixoloji gərginliyə və davranış dəyişikliklərinə səbəb ola bilər.

“İnformasiya stresi dünyada ən mürəkkəb və aradan qaldırılması çətin olan davranış problemlərindən biridir. Hansı informasiyanı necə qəbul etmək və ondan necə faydalanmaq insanın seçimi olmalıdır. Lakin qlobal texnologiyaların təsiri nəticəsində bu seçimi hər zaman tam şəkildə həyata keçirmək mümkün olmur. Bəzən alqoritmlər insanı yönləndirir və onu ehtiyac duymadığı informasiyalarla yükləyir. Bu da psixoloji gərginlik yarada bilər”, – deyə sosioloq vurğulayıb.

O, əlavə edib ki, texnoloji məzmunlar, informasiya axını və rəqəmsal mühitdə formalaşan təəssüratlar insanların dünyagörüşünə, yaradıcılığına və davranışlarına da təsir göstərə bilər. Bəzi hallarda bu təsirlər qeyri-adekvat davranış formalarının inkişafına zəmin yaradır.

Sosioloqun sözlərinə görə, texnologiyalardan düzgün istifadə vaxt bölgüsü baxımından da mühüm üstünlüklər yaradır. İnformasiyanın daha qısa müddətdə əldə olunması insanlara ailələrinə, sağlamlıqlarına və digər fəaliyyətlərinə daha çox vaxt ayırmaq imkanı verir. Əsas məsələ bu vasitələrdən ölçülü və məqsədyönlü istifadə etməkdir.

Nail Cəlil hesab edir ki, texnologiyaların insan dünyagörüşünə təsiri birmənalı deyil. Düzgün tənzimləmə olmadıqda fərdlərin davranışında ziddiyyətlər və ikili yanaşmalar meydana çıxa bilər. Buna görə də rəqəmsal mühitdən istifadədə optimal qaydaların müəyyənləşdirilməsi, psixososial dəstək və maarifləndirmə tədbirləri vacibdir.

Sosioloq sonda bildirib ki, insanların təxminən üçdə ikisi texnologiyalardan istifadəni müəyyən qədər tənzimləməyi bacarsa da, üçdə birində bu istiqamətdə ciddi risklər və problemlər mövcuddur. Onun fikrincə, həmin problemlərin aradan qaldırılmasında peşəkar sosioloqların, tədqiqatçıların, sosial psixoloqların və sosial işçilərin müdaxiləsi mühüm rol oynaya bilər.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusuna uyğun olaraq dərc edilir.

medialoqo1

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*