Vardanyan Rusiyaya xəyanət edib: Moskva onun üçün heç bir iş görməyəcək – ŞOK AÇIQLAMAbackend

Vardanyan Rusiyaya xəyanət edib: Moskva onun üçün heç bir iş görməyəcək - ŞOK AÇIQLAMA

Qondarma “Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri” Ruben Vardanyan ötən gün Laçından Gorusa keçməyə cəhd edərkən həbs edilib. O, Bakıya gətirilərək hüquq-mühafizə orqanlarına təhvil verilib.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) məlumatına görə, Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Səbail rayon Məhkəməsinin qərarı ilə Vardanyan haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan İrəvanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. “Forbes” jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir.

Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Arayik Arutyunyanın “dövlət naziri” vəzifəsini tutmaq təklifini qəbul edib.

Vardanyan 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa köçüb. Artıq 2022-ci ilin noyabr ayında Arayik Arutyunyan onu separatçıların “dövlət naziri” təyin etmişdi, bir neçə aydan sonra Azərbaycanın tələblərindən sonra o, “vəzifəsindən” uzaqlaşdırıldı.

R.Vardanyanın məhz Rusiyanın himayəsi altında Qarabağa gəldiyi istisna olunmur. Vardanyanın həbsindən sonra Rusiyanın necə reaksiya verəcəyi də maraq doğuran məqamdır.

 


Rusiya parlamentinin yuxarı palatasının – Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin bildirib ki, Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından könüllü imtina etməsi onun şəxsi seçimi olub. Rusiyalı senatorun sözlərinə görə, Vardanyanın saxlanılması həmin seçimin nəticəsidir. Başkin deyib ki, bu hadisə Rusiya pasportunun qiymətinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər. Federasiya Şurasının üzvü onu da əlavə edib ki, R.Vardanyan Rusiya vətəndaşı olmadığından Moskvadan kömək ala bilməyəcək: “Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. İndi o, Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq”.


KONKRET.az xəbər verir ki, rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a açıqlamasında bildirib ki, Rusiya Vardanyanla bağlı heç bir iş görməyəcək:

“Bildiyiniz kimi, artıq Vardanyan Rusiya vətəndaşı deyil. O, çətin anında açıq şəkildə Rusiya pasportundan imtina edərək Rusiyaya xəyanət edib. Ona görə də Rusiya onu müdafiə etməyəcək. Azərbaycan tərəfindən də tutulacağını çox yaxşı bilirdi. Ona görə də deyə bilərəm ki, bu addımı qəsdən atıb. Görünür, Qərb ona görə nəsə vəd verib. Ona xarici dəstək də güclü olacaq. Belə bir addım atması onunla bağlı ola bilər. Əminəm ki, Qərb mediasında informasiya səs-küyü olacaq. Beynəlxalq təşkilatlar onun üçün mübarizə aparacaq. Rusiya isə onun üçün heç bir iş görməyəcək. Azərbaycanın atdığı addım düzgün qiymətləndirilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*