Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi İsrailin Rəfahdakı köçkün düşərgəsinə hücumu ilə bağlı şərh verib. Lakin onun İsrailin ABŞ-nin qırmızı xəttini keçmədiyi barədə bəyanatına reaksiyalar birmənmalı olmayıb.
KONKRET.az-ın məlumatına görə, Vaşinqtonda İsraili yumşaq şəkildə tənqid etsələr də, hər zaman İsrailə dəstək mesajları verən yüksək səviyyəli şəxslər arasında da fikir ayrılıqları dərinləşir. ABŞ-nin nüfuzlu qəzetlərindən olan “Washington Post” yazıb ki, ABŞ Dövlət Departamentinin Steysi Gilbert adlı yüksək səviyyəli diplomatı istefa verib. Qəzet bildirib ki, istefa səbəbi Bayden administrasiyasının İsrailə milyardlarla dollarlıq silah göndərməsi olub.
“Washington Post” qəzetinə istefa ilə bağlı danışan ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, fərqli fikirləri alqışlayır və onların ölkəni gücləndirdiyinə inanırlar. ABŞ mediası xatırladıb ki, Dövlət Departamentinin yüksək rütbəli əməkdaşı Coş Paul da ABŞ-nin Qəzzada baş verənlərə səssiz qalması səbəbindən istefa verib.
Oktyabr ayından Vaşinqtonda insan haqları ilə məşğul olan Anelle Şeline və Xarici İşlər Nazirliyinin ərəb ölkələri üzrə sözçüsü Hala Rharitt də istefa verib. Administrasiya daxilində fikir ayrılıqları davam edir və bir çox siyasətçi Vaşinqtonun siyasətindən narahat olduğunu açıq şəkildə ifadə edib.
Natiq Səlim,
KONKRET.az
