Şirvan Apellyasiya Məhkəməsində Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləmiş İntiqam Abuşov və mərkəzin baş mühasibi Lalə Baxışova ilə birgə ittiham olunmuş şirkət rəhbəri Hüseynqulu Mənsimovun barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Abuşovla Lalə Baxışovaya bəraət verilib, Hüseynqulu Mənsimov isə 5 000 manat cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi isə təmin etməyib. Daha sonra porkuror kassasiya şikayəti ilə Ali Məhkəyə müraciət etsə də, qərar dəyişdirilmədən qüvvədə saxlayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən sonra Hüseynqulu Mənsimov apellyasiya şikayəti verməyib. Lakin o, bir müddət sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırıb. Vəsatətində müddəti üzrlü səbəblərdən buraxmasını qeyd edib. Amma üzrlü səbəbin nədən ibarət olmasını göstərməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 avqust 2024-cü il tarixli qərarı ilə məhkumun apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməyib. Daha sonra Hüseynqulu Mənsimov Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı həmin qərarının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdi.
Qeyd: Rəsmi məlumata görə, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləmiş İntiqam Abuşovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılıb.
İstintaq zamanı İntiqam Abuşovun həmin vəzifədə işləyərkən mərkəzin baş mühasibi Lalə Baxışova ilə əlbir olaraq əmək funksiyalarını yerinə yetirməyən işçilərin maaş kartlarını ələ keçirməsinə, habelə bir neçə MMC-nin faktiki rəhbəri olan Hüseynqulu Mənsimov ilə əlbir olaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini Mərkəzin hesabından həmin cəmiyyətlərin hesablarına imzaladıqları saxta sənədlər əsasında köçürülmələrinə, bu yolla da külli miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İntiqam Abışovun qeyd olunan şəxslərlə birlikdə müxtəlif qanunsuz üsullarla ona etibar edilmiş əmlakı təkrarən mənimsəməsi, cinayət yolu ilə əldə etdiyi pul vəsaitini leqallaşdırması, külli miqdarda rüşvət alma və digər cinayət əməllərini törətməsi də müəyyən edilib.
İntiqam Abışov, Lalə Baxışova və Hüseynqulu Mənsimov Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq- şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilikdə), 179.3.2 (mənimsəmə və ya israf etmə- külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.3 (rüşvət alma-külli miqdarda törədildikdə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs, polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilmişdi. Həmçinin iş üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilən pul ilə alınan və qəsdən ailə üzvünün adına sənədləşdirilmiş əmlaklar üzərinə həbs qoyulmuşdu.(pravdaaz)