“İranın ali dini liderinin vəfatından sonra hakimiyyətin kimə keçəcəyi məsələsi emosional və siyasi baxımdan nə qədər kəskin görünsə də, proses hüquqi baxımdan müəyyən edilmiş çərçivə daxilində baş verir. İran İslam Respublikasında ali lider postu monarxik irsiyyətlə deyil, dini-institusional mexanizmlə müəyyən olunur və yeni rəhbər ölkənin ali ruhanilərindən ibarət Ekspertlər Məclisi tərəfindən seçilir. Bu müddətdə idarəetmədə boşluq yaranmaması üçün müvəqqəti koordinasiya mexanizmi işə düşür və təhlükəsizlik strukturları sabitliyin qorunmasını prioritet elan edir”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“Reallıq ondan ibarətdir ki, sistem 1979-cu ildən bu yana fərdlər üzərində deyil, institutlar üzərində qurulub və xüsusilə təhlükəsizlik aparatı ilə dini elita arasında formalaşmış balans mexanizmi qəfil dağılmaya qarşı müəyyən dayanıqlılıq yaradır. Bu səbəbdən ilk mərhələdə radikal transformasiya deyil, nəzarətli keçid ssenarisi daha real görünür”.
Politoloq qeyd edir ki, Pəhləvi ailəsinin və ya Rza Pəhləvinin hakimiyyətə qayıdışı ehtimalı isə daxili siyasi arxitektura baxımından zəif qiymətləndirilir.
“İranın mövcud konstitusion modeli monarxiyanın bərpasını nəzərdə tutmur və ölkə daxilində bu istiqamətdə təşkilatlanmış, institusional dayağa malik siyasi mexanizm mövcud deyil. Bəzi şəhərli və diaspor çevrələrində monarxiya ideyasına simpatiya olsa da, real hakimiyyət keçidi üçün həm təhlükəsizlik strukturlarının neytrallaşması, həm də geniş daxili konsensus tələb olunur ki, hazırkı şəraitdə bu çətin görünür. Əksinə, prosesin daha çox sistem daxilində – ya mövcud xəttin davamı, ya da müəyyən taktiki yumşalma ilə müşayiət olunan yeni dini-siyasi fiqurun seçilməsi istiqamətində inkişaf etməsi ehtimalı yüksəkdir. İranın gələcək siyasi trayektoriyası isə əsasən elita daxilindəki güc balansından və təhlükəsizlik aparatının hansı namizədə üstünlük verəcəyindən asılı olacaq”.
Aynurə İsmayıl
KONKRET.az
