Subay kişiləri niyə ailəvi restoranlara buraxmırlar? — AÇIQLAMAbackend

Subay kişiləri niyə ailəvi restoranlara buraxmırlar? — AÇIQLAMA

Restoranlarda müştəri seçimi ilə bağlı mübahisəli hallara tez-tez rast gəlinir. Xüsusilə bəzi iaşə obyektlərinin tək gələn kişiləri məkana buraxmaması narazılığa səbəb olur. Geniş müzakirə edilən bu davranışların hüquqi əsasının olub-olmaması isə ciddi sual doğurur. Qanunvericilik bu növ daxili qadağaları qəti şəkildə rədd edir.

İctimai iaşə obyektləri hər kəsə açıq məkanlardır və burada müştərilər arasında cinsinə görə fərq qoyulması birbaşa hüquq pozuntusudur. Sahibkarların öz mülklərində istədikləri qaydanı tətbiq edə biləcəkləri barədə düşüncələri qanundan kənardır. Qanunla müəyyən edilmiş qaydada fəaliyyət göstərən heç xidmət obyekti vətəndaşı tək olduğuna görə qapıdan geri qaytara bilməz.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı vəkil Turan Abdullazadə Demokrat.az-a bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, dövlət cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir:

“Həmçinin insan hüquq və azadlıqlarının cinsə görə məhdudlaşdırılması qadağandır. Restoranlar ictimai iaşə müəssisələri hesab olunur və mülki hüquq çərçivəsində bu cür müəssisələr xidmətlərini hamıya eyni şərtlərlə təqdim etməlidir. Bu yanaşma ictimai müqavilə prinsipi ilə tənzimlənir.

Ailəvi restoran anlayışı hüquqi kateqoriya deyil və bu status xidmət göstərərkən cinsə görə ayrıseçkiliyə əsas vermir. Buna görə də tək gələn bir şəxsin yalnız kişi olduğu üçün məkana buraxılmaması Konstitusiyanın 25-ci maddəsi və mülki qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir.

Avropa hüququnda da bu məsələ oxşar şəkildə tənzimlənir. 2004-cü ildə qəbul edilən direktiv mal və xidmətlərə çıxışda kişi və qadın arasında bərabər rəftarı nəzərdə tutur. Yəni istər kişi, istər qadın olsun, hər kəs restoranlara, otellərə və digər xidmət məkanlarına bərabər şərtlərlə daxil olmaq hüququna malikdir. Almaniya, İngiltərə və Fransa kimi ölkələrdə bu cür ayrıseçkilik hallarına görə müəssisələr hüquqi məsuliyyət daşıyır və cərimələrlə üzləşə bilir.

Nəticə olaraq, həm Azərbaycan, həm də Avropa hüququ baxımından cinsə görə xidmət göstərməmək və ya müştərini məkana buraxmamaq ayrıseçkilik hesab olunur. Belə hallarla rastlaşdıqda vətəndaşlar hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara şikayət edə bilərlər”,- deyə vəkil qeyd edib.

Yəni, qanunda “ailəvi restoran” anlayışı yoxdur və bir restoranın tək gələn kişini məkana buraxmaması qanunsuzdur, həmin şəxs hüquqlarının pozulması ilə bağlı şikayət edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*