İstanbulda Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olundu – FOTObackend

İstanbulda Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olundu - FOTO

ildırım musayev
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə büro rəhbəri

İyunun 2-də İstanbul şəhərində Türk Akademiyası və Marmara Universiteti tərəfindən 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş elmi-mədəni tədbir təşkil edilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə tədbir XX əsrin əvvəllərində türk dünyasının aparıcı ziyalılarını bir araya gətirən tarixi forumun yubileyinə həsr olunmuş beynəlxalq akademik görüşlər və elmi müzakirələr silsiləsinin davamı olub.

Proqram çərçivəsində Türk Akademiyasının elmi nəşrlərindən, eləcə də Birinci Türkoloji Qurultayın tarixini və irsini əks etdirən arxiv fotoşəkilləri və materiallardan ibarət sərgi təşkil edilib.

Sərgidə altı türk dilində nəşr olunan “1926-cı il Bakı Türkoloji Qurultayının Albomu” təqdim olunub. Nəşrdə tarixi qurultayın 131 nümayəndəsi haqqında məlumat yer alıb.

Bununla yanaşı, türk və rus dillərində çap olunan “1926-cı il Bakı Türkoloji Qurultayının Arxiv Sənədləri” kitabı da nümayiş etdirilib. Nəşr unikal arxiv materialları əsasında hazırlanıb və qurultayın tarixi əhəmiyyətini, keçirildiyi dövrün ictimai-siyasi mühitini əks etdirir.

Tədbirdə Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Marmara Universitetinin rektoru Mehmet Emin Okur, türkologiya üzrə alimlər, tədqiqatçılar və Türkiyənin akademik ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Müzakirələr zamanı 1926-cı ildə Birinci Türkoloji Qurultayın iştirakçıları tərəfindən irəli sürülən ideyaların XXI əsrdə də aktuallığını qoruduğu vurğulanıb.

Şahin Mustafayev çıxışında bildirib ki, yüz il əvvəl Bakıda müzakirə olunan türkologiyanın inkişafı, elm və təhsil vasitəsilə türk xalqlarının yaxınlaşması, ortaq elmi terminologiyanın və ümumi əlifbanın formalaşdırılması kimi məsələlər bu gün də elmi ictimaiyyətin diqqət mərkəzindədir.

O, qeyd edib ki, 2023-cü ildə Türk Akademiyasının koordinasiyası ilə türk dövlətlərindən olan alimləri birləşdirən Beynəlxalq Ümumi Türk Əlifbası Komissiyası yaradılıb və onun fəaliyyətinin nəticəsi olaraq 2024-cü ildə Ümumi Türk Əlifbası qəbul edilib.

İldırım Musayev,

KONKRET.az-ın Mərkəzi Asiya bürosu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*