Ukrayna hərbi kəşfiyyatının əldə etdiyi son məlumatlar rəsmi Kiyevi hərbi-sənaye kompleksinin təhlükəsizliyi ilə bağlı təcili addımlar atmağa sövq edib. Rusiya ordusunun yaxın zamanlarda Ukraynanın strateji hərbi müəssisələrinə zərbələr endirməyi planlaşdırdığı məlum olub.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Baş Kəşfiyyat İdarəsinin (GUY) rəisinin məruzəsindən sonra bu barədə bəyanatla çıxış edib. Zelenskinin sözlərinə görə, Rusiya xüsusilə raket texnologiyaları və raketdən müdafiə sistemləri hazırlayan Ukrayna müdafiə şirkətlərini hədəf seçə bilər. Ukrayna lideri ölkəsinin bu təhdidlərə qarşı artıq müvafiq cavab tədbirləri hazırladığını vurğulayıb.
Bundan əlavə, Ukrayna kəşfiyyatı Rusiyanın Ukrayna və qonşu regionlara dair siyasi planlarını əks etdirən yeni daxili sənədlərini ələ keçirib. Sözügedən sənədlərdə rəsmi Moskvaya Ukraynanın beynəlxalq əlaqələrini məhdudlaşdırmaq və onun qonşu dövlətlərlə diplomatik xətlərini kəsmək barədə tapşırıqların yer aldığı qeyd olunur.
Natiq Səlim,
KONKRET.az
