Rusiya ordusu Ukraynada əraziləri itirirbackend

Rusiya ordusu Ukraynada əraziləri itirir

Ukrayna cəbhəsində Rusiya Silahlı Qüvvələrinin mövqeləri ilə bağlı diqqətçəkən dinamika qeydə alınıb. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatına əsasən, Rusiya ordusu ardıcıl olaraq ikinci aydır ki, Ukraynada nəzarət etdiyi əraziləri itirməkdə davam edir.

KONKRET.az xəbər verir ki, analitiklərin hesablamalarına görə, aprel ayında Rusiya tərəfinin təmiz ərazi itkisi 116 kvadratkilometr təşkil edirdisə, may ayının yekunlarına görə bu göstərici kəskin artaraq 281.1 kvadratkilometrə çatıb. Ekspertlər bu rəqəmləri hesablayarkən kiçik qrupların sızma zonalarını deyil, yalnız Rusiya hərbçilərinin tam nəzarətində olan sahələri nəzərə alıblar. ISW analitikləri mövcud vəziyyəti belə qiymətləndiriblər: “Ukrayna qüvvələri hazırkı mərhələdə Rusiyanın 2026-cı il yaz-yay hücumunu böyük ölçüdə dayandırmağa nail olub”.

“DeepState” OSINT layihəsinin məlumatları isə göstərir ki, Rusiyanın Ukrayna torpaqlarında geriləməsi cəbhədəki hücum cəhdlərinin kəskin artması fonunda baş verir. Məlumata görə, Rusiya ordusu may ayında 7000-dən çox hücum həyata keçirib ki, bu da əvvəlki ayla müqayisədə 37.5% çoxdur. Oxşar statistikanı Ukrayna Müdafiə Nazirliyi də təsdiqləyib; nazirliyin hesabatında apreldə 5085 döyüş toqquşması qeydə alındığı halda, mayda bu rəqəmin 7008-ə yüksəldiyi bildirilir.

“DeepState”in hesablamalarına əsasən, may ayı ərzində Rusiya ordusu cəmi 14 kvadratkilometr ərazi işğal edə bilib. Analitiklər vurğulayırlar ki, bu, 2023-cü ilin oktyabrından bəri son illərdə ilk dəfədir ki, işğal olunmuş ərazilərin artım tempində Rusiya üçün mənfi balans qeydə alınır. Həmçinin qeyd olunub ki, təhlükəsizlik mülahizələrinə görə, Ukrayna Silahlı Qüvvələrinin irəliləyişi xəritələrdə müəyyən gecikmə ilə əks olunur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*