Xaricdə oxuyacaq uşaqların attestatı ilə bağlı YENİLİKbackend

Xaricdə oxuyacaq uşaqların attestatı ilə bağlı YENİLİK

Xəbər verdiyimiz kimi,  tanınmış müğənni Murad Arif Elm və Təhsil Nazirliyinə müraciət edərək elektron attestat sistemi ilə bağlı yaranan problemin həllini istəyib.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, sənədlərin elektron qaydada verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin bu ildən müvafiq sərəncamı var.

Ekspert qeyd edib ki, sistemdə müəyyən boşluqlar olsa da, xaricdə təhsil almaq istəyən məzunların sənədlərinin gecikməməsi üçün məktəb direktorlarına əvvəlcədən müvafiq tapşırıqlar verilib:

“Siz bilirsiniz ki, bütün məktəb direktorlarına, xüsusilə Bakı şəhəri üzrə olan məktəb direktorlarına qabaqcadan belə bir tapşırıq var idi ki, övladları xaricdə oxumaq istəyən valideynlərin işləri yubanmasın. Bir neçə məktəb direktorunun artıq sosial şəbəkələr üzərindən iş başında olduqları, yəni xaricdə təhsil almağa gedənlərin attestatlarını Bakı Şəhəri üzrə Təhsil İdarəsindən almaları üçün təşəbbüs göstərdikləri görünürdü”.

M. Məmmədlinin sözlərinə görə, Murad Arifin övladı Bakı şəhərində təhsil alırsa, məsələnin həlli üçün birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və ya övladının oxuduğu məktəbə müraciət etmək mümkündür.

“Murad Arifi bilirəm ki, o, sosial şəbəkədə kifayət qədər fəal və aktiv biridir. İnanmıram ki, bu kimi məsələdə o acizlik çəksin. Yaxşı olardı ki, bu məsələ ilə bağlı – əgər övladı Bakı şəhərində oxuyursa – birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və yaxud da övladının təhsil aldığı məktəbə müraciət etsin. Əgər müraciət etsəydi, əlbəttə ki, bu problemi yəqin ki, həll etmiş olardı”.

Ekspert hesab edir ki, sənətçi attestat, qiymət cədvəli və apostilin xaricdə təhsil üçün tamamilə elektron qaydada təqdim ediləcəyini düşünərək bu problemlə üzləşib.

“Böyük ehtimalla o arxayın olub ki, həm apostil, həm də qiymət cədvəlini və attestatı elektron qaydada xaricdə təhsil ilə bağlı təqdim edə biləcək. Amma əvvəlcədən də sosial şəbəkələr üzərindən belə bir fikir yayılmışdı ki, xaricdə təhsil almağa gedən şagirdlərin attestatları məktəb rəhbərliyi tərəfindən hazırlanır və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gecikmədən onlara verilməsi təmin olunur”.

M. Məmmədli vurğulayıb ki, Murad Arif aidiyyəti qurumlara və məktəb rəhbərliyinə müraciət etsəydi, məsələnin həlli daha asan ola bilərdi.

“Düşünürəm ki, Murad Arif bir cəhd, bir təşəbbüs göstərsəydi, məktəblə işi bu qədər çətinə düşməzdi”, – deyə ekspert əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*