Xaricdəki azərbaycanlılara “yaşıl işıq”: Vətəndaşlıq proseduru sadələşdirilə bilərbackend

Xaricdəki azərbaycanlılara “yaşıl işıq”: Vətəndaşlıq proseduru sadələşdirilə bilər

Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan vətəndaşlığına qəbulu məsələsinə yalnız ümumi miqrasiya proseduru kimi yanaşmaq düzgün deyil. Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən, vətəndaşlığa qəbul üçün, bir qayda olaraq, son beş il ərzində Azərbaycanda fasiləsiz və qanuni əsaslarla daimi yaşamaq, qanuni gəlir mənbəyinə malik olmaq, Konstitusiyaya və qanunlara riayət etmək barədə öhdəlik götürmək, eləcə də dövlət dilini bilmək tələb olunur.

Bu fikirləri Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasında bildirib.

Tanınmış vəkil Dövlət Xidmətində yüksək vəzifəyə TƏYİN OLUNDU | KONKRET

Onun sözlərinə görə, bu tələblər şəxsin milli mənsubiyyətindən asılı olmayaraq tətbiq edilir. Buna görə də məsələnin yalnız Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması hüquqi baxımdan düzgün yanaşma deyil:

“Dövlət Miqrasiya Xidməti qüvvədə olan qanunvericiliyi icra edir. Əsas məsələ isə qanunvericiliyin özündə xaricdə yaşayan azərbaycanlılar üçün ayrıca və aydın sadələşdirilmiş vətəndaşlıq mexanizminin nəzərdə tutulmamasıdır.

İnsanların narazılığını da anlamaq mümkündür. Azərbaycan dilini bilən, milli kimliyini qoruyan, ailə və tarixi kökləri Azərbaycanla bağlı olan, Vətənə qayıdaraq burada yaşamaq istəyən soydaşımız haqlı olaraq soruşur: Azərbaycanla bu qədər real bağlılığım olduğu halda, niyə vətəndaşlığa gedən yolum ümumi naturalizasiya prosedurundan ciddi şəkildə fərqlənməməlidir? Hesab edirəm ki, dövlət məhz bu suala qanunvericilik səviyyəsində aydın cavab verməlidir”.

Vəkil hesab edir ki, gələcəkdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna xaricdə yaşayan soydaşlar üçün ayrıca sadələşdirilmiş naturalizasiya və repatriasiya mexanizminin əlavə edilməsi məqsədəuyğun olar.

“Burada söhbət yalnız etnik azərbaycanlı olduğuna görə kiməsə avtomatik vətəndaşlıq verilməsindən getməməlidir. Əksinə, qanunda “Azərbaycan mənşəli şəxs”, “soydaş” və ya “repatriant” anlayışları dəqiq müəyyən edilməli, şəxsin Azərbaycanla real bağlılığını sübut edən obyektiv meyarlar yaradılmalıdır.

Şəxsin özünün, valideynlərinin və ya əcdadlarının Azərbaycanla bağlılığı, doğum və arxiv sənədləri, ailə bağları, Azərbaycan dilini bilməsi və ölkə ilə davamlı əlaqələri bu meyarlar sırasında nəzərə alına bilər. Bu şərtlərə cavab verən şəxslər üçün mövcud beşillik daimi yaşayış müddətinin əhəmiyyətli dərəcədə azaldılması, xüsusi hallarda isə həmin tələbdən azadolmanın nəzərdə tutulması müzakirə edilə bilər”.

Roman Qaraşovun sözlərinə görə, müraciətlərin Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə qəbulunun genişləndirilməsi, sənədləşmə prosesinin elektronlaşdırılması və müraciətlərə baxılması üçün konkret müddətlərin müəyyənləşdirilməsi proseduru daha şəffaf və əlçatan edə bilər.

“Bununla belə, dövlət dilini bilmək, təqdim olunan məlumat və sənədlərin həqiqiliyinin yoxlanılması, məhkumluq və milli təhlükəsizliklə bağlı zəruri yoxlamalar saxlanılmalıdır. Yəni sadələşdirilmiş vətəndaşlıq nəzarətsiz vətəndaşlıq demək deyil. Məqsəd dövlətin təhlükəsizlik maraqlarını zəiflətmək yox, Azərbaycanla real bağlılığı olan soydaşımızın bu bağlılığını hüquqi prosedurda nəzərə almaqdır.

Azərbaycan bu məsələyə təkcə miqrasiya hüququ çərçivəsində deyil, daha geniş şəkildə – repatriasiya, diaspor, demoqrafik inkişaf və milli insan kapitalının ölkəyə cəlb edilməsi siyasəti baxımından yanaşmalıdır.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir hissəsi tarixi Vətəninə qayıtmaq, burada işləmək, ailə qurmaq, sahibkarlıq fəaliyyəti göstərmək və övladlarının gələcəyini Azərbaycanda qurmaq istəyirsə, dövlət belə insanların qarşısında hüquqi baxımdan aydın və ədalətli yol açmalıdır.

Mən “azərbaycanlıdırsa, avtomatik vətəndaşlıq verilsin” yanaşmasını deyil, Azərbaycanla real və sübut edilən bağlılığı olan soydaşlar üçün Vətənə qayıdış və sadələşdirilmiş vətəndaşlıq yolunun yaradılması prinsipini daha doğru hesab edirəm. Bu, həm hüquqi bərabərlik prinsipinin qorunmasına, həm dövlətin təhlükəsizlik maraqlarına, həm də xaricdə yaşayan soydaşlarımızla bağlı uzunmüddətli milli siyasətə uyğun olardı.

Vətəndaşlıq sadəcə pasport və ya inzibati sənəd deyil, insanla dövlət arasında davamlı hüquqi, siyasi və mənəvi bağlılıqdır. Əgər bu bağlılıq xaricdə yaşayan soydaşlarımızın bir hissəsində tarixən mövcuddursa, qanunvericilik də həmin reallığı görməli və onu obyektiv meyarlar əsasında hüquqi mexanizmə çevirməlidir. Gələcəkdə vətəndaşlıq qanunvericiliyində aparılmalı əsas islahatlardan biri məhz bu istiqamətdə olmalıdır”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*