Son illər bu və ya digər səbəblərdən Avropaya getmək istəyənlərin sayı çoxalıb. Bu səbəbdən də dələduz şirkətlər insanları aldatmağa və pullarını almağa cəhd göstərirlər. Bu işin incəliklərindən xəbərsiz olan insanlar isə “Avropa eşqi” səbəbindən tələyə tez və asan düşürlər. Bəs aldanmamaq üçün nələrə diqqət yetirməliyik?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sözçüsü Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda bu məsələ hər zaman ciddi problem olub:

“Müxtəlif sahədə dələduz şirkətlər ortaya çıxır. Təəssüf ki, insanlar belə dələduzlara daha tez inanırlar. Yəni başqasının başına açılan oyunlardan xəbərdar olsalar belə, yenə tələyə düşürlər. Son olaraq Nigar Fərhad nümunəsi onu göstərdi ki, ölkədə hələ də bu cür dələduz şirkətlərə inananların sayı çoxdur. Elə şirkətlər var ki, insanları səyahət adı ilə aldadıb külli miqdarda pulunu mənimsəyir. Amma heç bir iş görmür. Vədlər yerinə yetirilmir. Avropaya gedən insanlar ortalıqda qalırlar, küçədə yatmaq məcburiyyəti ilə üzləşirlər və iş tapa bilmirlər. Belə olan halda etirazlar da fayda vermir. Ona görə də, hesab edirəm ki, dövlət tərəfindən bu məsələlərlə bağlı ciddi addımlar atılmalıdır. Onlara qarşı elə sərt cəzalar tətbiq edilməlidir ki, digərlərinə də dərs olsun. Bu cür şirkətlər yaradıb, insanların hissləri ilə oynamasınlar. Xüsusilə, hüquq mühafizə orqanlarının üzərinə bu məsələdə ciddi məsuliyyət düşür. Lisenziyası, qeydiyyatı olmayan şirkətlərə qarşı təcili tədbirlər görmək lazımdır”, – deyə ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
