Ukrayna-Rusiya müharibəsinin ilk günləri gözlənildiyi kimi tələfatsız keçmədi. Hər 2 tərəfdən xeyli sayda canlı qüvvə və texnikanın tələf oduğu söylənilir. Rəqəmlər bir qədər şişirdilmiş kimi görünsə də, fakt faktlığında qalır. Müharibə insanların ölümünə səbəb olur. Ona görə də vaxtsız ölümdən qaçmaq istəyən insanlar sürətlə dədə-baba ocaqlarını tərk edir, sakit bir guşə axtarırlar.
Ukraynanın 37 milyondan artıq əhalisi var. Bunun da xeyli hissəsi münaqişə bölgəsindədir. Artıq neçə gündür ki, münaqişə bölgəsindən, o cümlədən Xarkovdan, Kiyevdən və digər mərkəzi şəhərlərdən kütləvi köç başlayıb. Hələlik ən böyük axın Krım və Moldava istiqamətinədir. Çünki, münaqişə bölgəsinə yaxın ərazi bunlardır.
Rusiyanın populyar “Moskovskiy Komsomolets” nəşrinin əməkdaşları münaqişə bölgəsindəki insanların hara getməsi, gediş-gəlişin nə qədər baha olması və taksi sürücülərinin top atəşinə tutulmuş əraziləri necə dövrə vurması barədə eksklüziv material hazırlayıb. Nəşr olunmuş materialın maraqla qarşılanacağını nəzərə alıb ixtisarla oxucularımıza təqdim edirik.
“İnsanlar yalvarır ki, onları aparsınlar, hər şeyin pis olduğunu təsdiq edərək, atəşin videosunu göstərirlər. İndi əsas insan axını Xarkovu tərk edənlərdir. Onlardan biri Nikolay təəssüratını bizimlə bölüşür.
– Yaxşı sürə bilərsən?
– Pis deyiləm. Əsas odur ki, çözüm yolları var. Təbii ki, biz əvvəlcədən adamlarımızla marşrutu müzakirə edirik, bizə işarə verilir ki, atışma olmayan isti yollardan necə yan keçək.
– Bu səfər neçəyə başa gəlir?
– Xarkovdan Krıma orta gediş haqqı adambaşına 300 dollardır. Ancaq məsafələr kifayət qədərdir – təxminən 700 km.
– Getmək istəyənlər çoxdur?
– Çoxdur. İnsanda belə bir təəssürat yaranır ki, hamı Xarkov şəhərini tərk etməyə hazırdır. Sifarişləri çatdıra bilmirik. Artıq növbəmiz var. Hər şey bir neçə gün əvvəldən sifariş edilir. İnsanlar ağlayır, yalvarırlar ki, aparsınlar. Onlarla hər şeyin çox pis olduğunu təsdiqləmək üçün ərazilərinin necə atəşə tutulduğunu əks etdirən video və foto göstərirlər. Mikavtobuslarımız var, hər birində 12 nəfər yerləşə bilər. Bütün qaydaları pozaraq, daha çox insanı götürürük.
– Sürət necədir?
– Yavaş gedirlər. Qaçqınların olduğu avtomobillər dərhal buraxılır. Maşında gözləniləndən çox adam olsa belə, buna göz yumurlar. İndiyədək heç bir həmkarım cərimə olunmayıb.
– Ukrayna vətəndaşlarını sakitcə Krıma buraxırlar?
– Hər kəs qaçqın kimi Krıma sərbəst buraxılır.
– Deyirlər, kişiləri ölkədən buraxmırlar?
– Kişilər getmir. Yaşlılar da yoxdur. Yalnız qadınlar və uşaqlar“.
Bəli, qanlı müharibənin yaratdığı dəhşətli mənzərədən kiçik bir fraqmenti diqqətinizə çatdırdıq. Siyasi ambisiyaların, səriştəsiz siyasətçilərin günahı ucbatından hazırda Ukraynada günahsız insanlar ölür. Onların arasında uşaqlar, qadınlar və qocalar da var. Və bu qanlı savaş nə qədər sürəcək bilinmir. Tək bildiyimiz odur ki, o qanlı döyüşlər bizim sərhədlərimizdən çox uzaqdadır. Və bəlkə də bu bizim tək təsəllimizdir.
SURXAY,
KONKRET.az
