Rusiya üç aydan çoxdur ki, Ukraynada işğalçı müharibə aparır. Müharibənin ilk günlərindən etibarən bütün dünya, o cümlədən Ukrayna işğalçını danışıqlar masasına dəvət edir. Lakin şimal qonşumuz öz bildiyini etməyə davam edir.
Bu günlərdə isə Ukrayna Prezidenti Volodimir Zelenski qeyd edib ki, Putindən başqa Rusiyadan heç kimlə görüşü qəbul etmir. O, eyni zamanda dövlət başçıları səviyyəsində danışıqların təşkilinin getdikcə çətinləşdiyini də diqqətə çatdırıb.
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Fikrət Sadıxov bildirib ki, yalnız liderlər arasında görüş aparılarsa nəticə əldə etmək olar:
“Zelenski öz fikirlərində tamamilə haqlıdır. Çünki hazırki şəraitdə onun başqaları ilə müzakirələr aparması tamamilə mənasızdır. Rusiyanın rəhbəri Putindir. Qərarları da məhz Putin verir. Zaman göstərdi ki, Türkiyədə, Belarusda nazir müavinləri səviyyəsində aparılan danışıqlar heç bir nəticə vermədi. Ukrayna lideri yaxşı başa düşür ki, yalnız liderlər arasında görüş aparılarsa, nəticə əldə etmək olar”.

F.Sadıxov bu görüşün tezliklə baş tutacağına ümid etmədiyini də söylədi:
“Lakin yaxın gələcəkdə belə bir görüşün baş tutacağını hesab etmirəm. Çünki Rusiya işğalçı niyyətindən imtina etmək istəmir. Müharibə davam edir və hərbi əməliyyatlar gedir. Ukrayna torpaqları işğal olunur. Lakin istənilən halda gec-tez bu görüş olmalıdır, çünki başqa variant yoxdur. Bütün münaqişələr və müharibələr görüşlərlə nəticələnir. Amma fikrimcə, indiki məqamda Putinlə Zelnskinin arasında görüşün olacağı real deyil”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
