Azərbaycanda enerji resurslarından səmərəli və qənaətlə istifadə məsələsi son illər daha çox gündəmə gəlir. Xüsusilə yeni çoxmərtəbəli binalarda fərdi kombi sistemlərindən istifadənin məhdudlaşdırılması və alternativ istilik sistemlərinə keçidlə bağlı müzakirələr aparılır.
Bəs gələcəkdə kombilər tamamilə ləğv edilə və onların istifadəsinə məhdudiyyət qoyula bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Azərbaycanda enerji resurslarının qorunması və onlardan səmərəli istifadə istiqamətində artıq müəyyən addımlar atılır.

Ekspertin sözlərinə görə, bu sahədə müvafiq qanunvericilik mövcuddur və yeni layihələndirilən binalarda fərdi istilik sistemlərinin tətbiqinə müəyyən məhdudiyyətlər nəzərdə tutulur:
“Azərbaycan Respublikasında enerji resurslarından səmərəli istifadə ilə bağlı qanunvericilik mövcuddur. Bu istiqamətdə bir sıra addımlar atılıb. Onlardan biri də yeni layihələndirilən binalarda, xüsusilə 5 mərtəbədən hündür tikililərdə kombi sistemlərindən istifadənin məhdudlaşdırılmasıdır”.
E.Azadov qeyd edib ki, söhbət bu binalarda qaz təchizatının tamamilə dayandırılmasından getmir. Əsas məqsəd mənzillərin fərdi kombilər vasitəsilə qızdırılması əvəzinə mərkəzləşdirilmiş və ya alternativ istilik sistemlərindən istifadə etməkdir:
“Qaz təchizatı olacaq. Amma vətəndaşlar kombini balkonda quraşdıra bilməyəcəklər. Əgər bina 5 mərtəbədən hündürdürsə, burada alternativ enerji və istilik mənbəyi nəzərdə tutulmalıdır. Belə binaların mərkəzləşdirilmiş qazanxanaya qoşulması planlaşdırılır”.
Ekspertin sözlərinə görə, yeni yaşayış komplekslərində yalnız iri mərkəzi qazanxanaların yaradılması deyil, konkret binaların ehtiyaclarını qarşılayan mini qazanxanaların qurulması da mümkün variantlardan biridir.
“Qazanxanaya qoşulmaq iki məna daşıyır. Qanunvericiliklə nəzərdə tutulan belə bir proses artıq başlayıb. Mini qazanxanaların tikilməsi gündəmdədir. Ya həmin binalar yaxınlıqdakı mövcud istilik sisteminə qoşulacaq, ya da tikinti şirkəti layihəni hazırlayarkən bina üçün müvafiq qazanxananı da layihəyə daxil etməlidir”, – deyə E.Azadov vurğulayıb.
Ekspertin fikrincə, hazırkı yanaşma Azərbaycanda mənzillərdə istifadə olunan kombilərin birdən-birə və tamamilə ləğv ediləcəyi anlamına gəlmir. Daha çox yeni tikililərin layihələndirilməsi zamanı fərdi istilik sistemlərinin əvəzinə mərkəzləşdirilmiş və ya layihə üzrə nəzərdə tutulan alternativ istilik həllərinə üstünlük verilməsi nəzərdə tutulur.
Beləliklə, mövcud kombilərin yaxın müddətdə tamamilə ləğv ediləcəyini söyləmək üçün əsas yoxdur. Lakin yeni çoxmərtəbəli binalarda fərdi kombilərin yerini mərkəzləşdirilmiş istilik sistemlərinin, mini qazanxanaların və digər alternativ həllərin tutması istiqamətində prosesin genişlənməsi mümkündür.
Aynurə İsmayıl
KONKRET.az
