Son günlər bazarlarda yumurtanın qiymətində müşahidə olunan ucuzlaşma istehlakçılar arasında başqa bir sual da yaradıb: görəsən, bu tendensiya toyuq əti, cücə və digər quşçuluq məhsullarının qiymətlərinə də təsir göstərəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda yumurta əsas istehlak məhsullarından biridir və hazırda müşahidə olunan qiymət azalması mövsümi xarakter daşıyır.

Onun sözlərinə görə, yay aylarında məhsuldarlığın artması və ixrac imkanlarında yaranan müəyyən çətinliklər daxili bazarda təklifin çoxalmasına səbəb olur ki, bu da qiymətlərin müvəqqəti enməsi ilə nəticələnir:
“Hazırda yumurtanın ucuzlaşması mövsümi amillərlə bağlıdır. Yay dövründə məhsuldarlıq yüksəlir, eyni zamanda xarici bazarlara ixracda müəyyən məhdudiyyətlər və çətinliklər yaranır. Nəticədə məhsulun bir hissəsi daxili bazara yönəlir və qiymətlər aşağı düşür. Lakin bu proses uzunmüddətli olmayacaq. Qış aylarına yaxın yenidən bahalaşma müşahidə ediləcək. Əgər maya dəyəri əsasında hesablamalar aparılsa, görünər ki, quşçuluq təsərrüfatlarının xərcləri heç də aşağı deyil. Enerji təminatı, yem bazası, baytarlıq preparatları və digər istehsal xərcləri qiymətlərin aşağı düşməsinə imkan vermir”.
Razi Abbasbəyli vurğulayıb ki, yumurtadakı müvəqqəti ucuzlaşmanın toyuq əti, cücə və digər quşçuluq məhsullarının qiymətlərinə ciddi təsir göstərəcəyi gözlənilmir:
“Dünya bazarında quşçuluq sektoru üzrə təminat xərclərinin artması, logistika sahəsindəki çətinliklər Azərbaycandakı istehsalçılara da təsir edir. Bu səbəbdən toyuq əti və digər quşçuluq məhsullarında ucuzlaşma gözləmək doğru deyil. Əksinə, payız aylarından etibarən qiymətlərdə yenidən artım tendensiyası müşahidə oluna bilər”.
Ekspertin fikrincə, hazırkı qiymət azalması qısamüddətli xarakter daşıyır və bazarda uzunmüddətli ucuzlaşma tendensiyasının başlanğıcı kimi qiymətləndirilməməlidir.
Aynurə İsmayıl
KONKRET.az
