Sabah Azərbaycan xalqı daha bir əlamətdar hadisəni yaşayacaq. 27 il 7 aydan sonra ölkəmizin cənnət guşəsi Kəlbəcər erməni murdarlarından təmizlənəcək. Bir vaxtlar xəyal belə edə bilmədiyimiz o günün sevincini yaşatdığımıza görə göydə Allaha, yerdə isə Müzəffər Azərbaycan Ordusuna və Ali Baş Komandana minnətdarıq. Cəmi 44 günlük müharibə hər şeyi Azərbaycan üçün əlçatan etdi.Tarixdə 100 günlük müharibə olub. Amma 6 həftəlik ən qısa müharibəni tarixə Azərbaycan yazdı. Müharibənin bu qədər qısa ömürlü və uğurlu olmasının tək səbəbi isə Xalq-İlham Əliyev birliyidir. Bu birlik təkcə Ermənistanı diz çökdürmədi, həm də fövqəldövlətləri mat vəziyyətində qoydu. Nəticədə 28 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu, böyük qələbənin ən əlamətdar notlarından biri də Ermənistanın hərbi kaputilyasiyasıdır. Məhz bu səbəbdən bir çox ərazilərimiz – Laçın, Kəlbəcər, Xocalı, Xocavənd, Xankəndi və daha neçə-neçə əzəli Azərbaycan torpaqları döyüşsüz və heç bir itki vermədən düşməndən azad edildi. Belə hadisələrə tarixdə çox az rast gəlinir.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri atəşkəsin elan olunmasına dair birgə bəyannamə imzaladılar. Bu bəyannamə sətirbəsətir Azərbaycanın Ermənistan üzərində tam və qəti qələbəsini təmin etdi. Razılaşmaya əsasən, noyabrın 15-dək Kəlbəcər rayonu işğalçılardan təmizlənəcək. Artıq proses başlayıb. Amma ermənilər son anda da vəhşiliklərindən, vandalizmdən əl çəkmirlər. Köçüb gedərkən belə daşı daş üstündə qoymurlar, nə varsa hər şeyi dağıdır, yandırırlar. Nə yazıq ki, erməni vandalizmi sivilizasiyanın gözü qarşısında baş verir.
Qeyd edək ki, ötən gün BBC televiziyası bununla bağlı xüsusi reportaj hazırlayaraq yayımlayıb. Reportajdan da görünürdü ki, ermənilər aparılması mümkün olan hər şeyi özləri ilə götürürlər. Hətta pəncərə çərçivələrini, unitazları belə aparırlar. Apara bilmədikləri maddi-mədəni sərvətlərimizi, tarixi abidələrimizi isə dağıdırlar. Amma nə yazıq ki, sivilizasiya bu vəhşiliyi səssizcə seyr edir. Hələ digər ərazilərimizdəki vəhşilikləri demirəm.
Xatırlayırsınızsa, Prezident İlham Əliyev bir müddət əvvəl Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində bu barədə ətraflı danışmışdı. Demişdi ki, “Biz Füzuli şəhərini işğaldan azad edəndə orada bir dənə də olsun salamat bina tapa bilmədik. Təsəvvür edirsinizmi? Bütün şəhərdə. Halbuki orada on minlərlə insan yaşayırdı. Bircə bina da qalmayıb. Mənə zəng vurdular, dedim ki, bayrağı dirək üzərində qaldırın. Görün, onlar nə ediblər. Ağdamın, Cəbrayılın xarabalıqlarına baxın. Hər şey dağıdılıb. Elə bil buradan vəhşilər keçiblər. Elə bil bunlar insan deyilmiş. Onlar hər şeyi söküb-dağıdıblar: evlərin damlarını, pəncərə çərçivələrini, hətta
unitazları da. Bu, sadəcə, quldurluqdur”.
Ən dəhşətlisi odur ki, bu vəhşilik qarşısında özünü dünyada maddi-mənəvi dəyərlərin müdafiəçisi elan edən YUNESKO da susur, İSESKO da. BMT-nin isə heç cınqırı da çıxmır. Hələ dünyaya demokratiyadan, mənəvi dəyərlərdən dərs deyən ABŞ-ı, Fransanı, Almaniyanı, İtaliyanı və daha neçə-neçə fövqəlgücü demirəm. Elə bil dünyanın gözü kor, qulağı kar olub. Olsun, eybi yox! Onsuz da biz buna öyrəşmişik.
30 il idi Ermənistanın işğalçı bir dövlət olduğunu bar-bar bağırırdıq. Amma dünya səsimzi eşitmədi. Əksinə, dünya dövlətləri və yuxarıda adlarını çəkdiyim beynəlxalq təşkilatlar Ermənistanın yanında durdu. Amma Azərbaycan xalqı buna dözmədi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz haqqını özü müdafiə etdi. Cəmi 6 həftəyə Ermənistanı diz çökdürdü.
Odur ki, Dağlıq Qarabağdan və ətraf ərazilərdən qaçarkən ermənilərin törətdikləri vəhşiliklər bizi nə qədər sarsıtsa da, təmkinimizi pozmur. İnşallah, tezliklə qüdrətli Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş bütün ərazilərdə böyük quruculuq işlərinə başlayacaq. Dağılmış tarixi abidələrimiz, məhv edilmiş maddi və mənəvi sərvətlərimiz yenidən bərpa olunacaq. Azərbaycan dövləti 44 gündə dünyaya haqq-ədalətin müdafiəçisi olduğunu sübut etdiyi kimi, yaxın vaxtlarda tarixi abidələrin və mədəni irsin ən yaxşı müdafiəçisi olduğunu da bəşəriyyətə nümayiş etdirəcək.
Surxay Atakişiyev,
Konkret.az
