Zaxarova ermənilərin arzusunu ürəyində qoydu – Düşmənin təxribatı alınmadıbackend

Zaxarova ermənilərin arzusunu ürəyində qoydu - Düşmənin təxribatı alınmadı

“Ermənilər istəyərdi ki, Mariya Zaxarova hər iki suala “Gorus-Qafan yolunun bağlanması doğru deyil, Azərbaycan yolu açmalıdır” və “Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhə və sabitliyə zərbədir” şəklində cavab verərdi. Zaxarova ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırır. Ancaq Zaxarova Kremlin siyasətindən kənara çıxara bilməz. Bu siyasət isə bundan ibarətdir ki, Emənistan strateji müttəfiq olsa da, Azərbaycan da tərəfdaşdır və Azərbaycanı qıcıqlandırmaq olmaz. Halbuki, Rusiya hərbçilərinin Qarabağdakı hərəkətləri bizdə qıcıq oyadır, Laçınımızda “pilotsuz uçuş aparatlarına qarşı hərbi təlimləri” münasibətlərə zərbə vurur. Odur ki, Mariya Zaxarova da bilməmiş deyil ki, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiya hərbçilərinin təxribatına cavabdır”.

Bunu KONKRET.az-a politoloq Elxan Şahinoğlu Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dünənki mətbuat konfransında Gorus-Qafan yolu ilə bağlı bildirdiyi fikirləri şərh edərkən deyib.

Politoloq bildirdi ki, ermənilərin Mariya Zaxarovadan Azərbaycan əleyhinə söz qoparmaq cəhdi ilk deyil: 

“Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ənənəvi brifinqində erməni jurnalistlərinin iki sualına cavab verib. Erməni jurnalistlər onlayn formatda verdikləri suallarda həmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar. “Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir” sualına Zaxarova diplomatik cavab verərək Azərbaycanı ittiham etməkdən çəkinərək sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır. Daha sonra yayılan məlumata görə həqiqətən Moskva sərhədin delimitiasiyası və demarkasiyası məqsədilə təkliflərini Bakıya və İrəvana göndərib”.

Politoloq vurğuladı ki, Zaxarova təlimlərlə bağlı suala cavabında da erməniləri məyus etdi və manipulyasiyaya imkan vermədi:

Erməni jurnalistin digər “Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir” sualına Mariya Zaxarovanın cavabı isə belə olub ki, Rusiya haqqında danışılan təlimlə bağlı mövqeyini Bakının diqqətinə çatdırıb. Yəni Zaxarova dolayısıyla demək istəyib ki, Rusiya Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahat olub. Buna baxmayaraq, Zaxarova erməni mediasının manipulyasiya imkanlarını nəzərə alaraq cavabına bu cümləni də əlavə edib: “Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram”.

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*