Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, sabah Birləşmiş Ərəb Əmirliklərində Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, görüş iki gün davam edəcək.
KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu barədə açıqlama verərkən bir sıra digər vacib məqamlara da toxunub. Zelenski bildirib ki, müharibənin başa çatdırılması ilə bağlı sənədlər demək olar ki, hazırdır və Rusiya da bu prosesə hazır olmalıdır. ABŞ nümayəndə heyətinin Moskvaya mümkün səfərinə münasibət bildirən Zelenski qeyd edib ki, hazırda hər şey Rusiyanın nə vaxt dayanmağa hazır olmasından asılıdır.
Prezident vurğulayıb ki, Ukrayna mürəkkəb vəziyyətdədir, lakin Rusiya da eyni dərəcədə çətin durumdadır və Ukrayna tərəfi Rusiya hücumlarına cavab verir. Onun sözlərinə görə, Rusiyanın itkiləri son bir ildə əhəmiyyətli dərəcədə artıb: aylıq itkilər 14 min nəfərdən 35 min nəfərə yüksəlib, səfərbərlik zamanı isə bu rəqəm 43 minə çatır.
Zelenski ABŞ prezidenti Donald Trampla söhbətinə də toxunaraq bildirib ki, danışığın sonunda bir neçə dəfə “Hava hücumundan müdafiəni unutmayın” deməklə bu məsələnin vacibliyini xüsusi vurğulayıb.
Ukrayna Prezidenti çıxışında Macarıstanın Baş naziri Viktor Orbanı da tənqid edib. Zelenski bildirib ki, Avropanın pulları ilə yaşayan, eyni zamanda Avropa maraqlarını satmağa çalışan hər bir Viktor buna görə cavab verməlidir. Onun bu sözləri Orbanın siyasətinə açıq eyham kimi qiymətləndirilib.
Natiq Səlim,
KONKRET.az
