11 noyabr 1918: Toplar susdu, amma Avropanın faciəsi bitmədibackend

11 noyabr 1918: Toplar susdu, amma Avropanın faciəsi bitmədi

1918-ci il noyabrın 11-də, səhər tezdən Parisdən təxminən 60 kilometr şimalda yerləşən Kompyen meşəsini sıx payız dumanı bürümüşdü. Retond stansiyasının yaxınlığındakı istifadəsiz dəmir yolu xəttində bir-birindən cəmi yüz metr aralıda iki xüsusi qatar dayanmışdı. Qatarların birində Antanta qüvvələrinin ali baş komandanı, marşal Ferdinand Foş, digərində isə alman nümayəndə heyətinin rəhbəri, mülki siyasətçi Mattias Ertsberger yerləşirdi.

Almaniya artıq məğlubiyyətin astanasında idi. Cəbhədə müdafiə xətləri dağılır, Kil limanında hərbi dənizçilər üsyan qaldırır, Berlində inqilabi hadisələr baş verirdi. Kayzer II Vilhelm isə bundan iki gün əvvəl taxtdan imtina edərək neytral Niderlanda qaçmışdı.

Dörd il ərzində ölkəni müharibəyə sürükləyən alman generalları Paul fon Hindenburq və Erix Ludendorf isə məsuliyyətdən yayınmağa çalışırdılar. Onlar kapitulyasiya sənədini imzalamaq üçün mülki nümayəndələri göndərmişdilər. Məqsəd gələcəkdə məğlubiyyətin bütün məsuliyyətini hərbçilərin deyil, siyasətçilərin üzərinə qoymaq idi. Sonralar bu yanaşma Almaniyada «arxadan vurulan zərbə» əfsanəsinin yaranmasına da zəmin yaradacaqdı.

2419D nömrəli vaqonda imzalanan kapitulyasiya

Noyabrın 11-də gecə saat 02:15-də alman nümayəndə heyəti yaş meşə torpağının üzərində salınmış taxta keçidlə marşal Foşun qərargah kimi istifadə etdiyi 2419D nömrəli vaqona daxil oldu.

Danışıqlar üçün geniş imkan yox idi. Almaniya tərəfinə faktiki olaraq ultimatum təqdim edilmişdi.

Marşal Foş alman nümayəndələrini soyuq qarşıladı və onlarla əl sıxmaqdan imtina etdi. Onun ilk sualı da olduqca sərt idi: “Bu cənablar nə istəyirlər?”

Təqdim olunan atəşkəs şərtləri son dərəcə ağır idi. Alman qoşunları 15 gün ərzində işğal etdikləri Belçika, Fransa və Lüksemburq ərazilərini, eləcə də Elzas-Lotaringiyanı tərk etməli idi. Almaniya Antantaya 5 min top, 25 min pulemyot, hərbi aviasiyasının böyük hissəsini, bütün sualtı qayıqlarını və donanmasının əhəmiyyətli hissəsini təhvil verməli idi.

Alman nümayəndə heyətinin rəhbəri Mattias Ertsberger bəzi şərtlərin yumşaldılmasına çalışırdı. O, heç olmasa müəyyən sayda pulemyotun Almaniyada saxlanılmasını xahiş edirdi. Arqumenti belə idi: ölkədə baş qaldıran inqilabi və bolşevik hərəkatlarını yatırmaq üçün hökumətin silahlı qüvvələrə ehtiyacı vardı.

Lakin müttəfiqlərin mövqeyi dəyişməz idi. Britaniya donanmasının nümayəndəsi admiral Rosslin Uemissin cavabı isə olduqca sərt səslənmişdi: “Bu sizin probleminizdir”.

Nəhayət, səhər saat 05:12-də alman nümayəndələri sənədi imzaladılar. Atəşin dayandırılması üçün dəqiq vaxt müəyyən edilmişdi: həmin gün, Paris vaxtı ilə saat 11:00.

Beləliklə, 1918-ci ilin 11-ci ayının 11-ci günündə, saat 11-də Birinci Dünya müharibəsinin əsas cəbhələrində döyüşlər dayandırılmalı idi.

Müharibənin son saatlarında törədilən mənasız qırğın

Sənədin imzalanması ilə atəşkəsin qüvvəyə minməsi arasında düz altı saat vardı. Müharibənin ən acı və faciəli məqamlarından biri də məhz bu zaman aralığı oldu.

Atəşkəs barədə məlumat artıq hərbi qərargahlara çatmışdı. Buna baxmayaraq, döyüş əməliyyatları saat 11:00-dək davam etdirilirdi. Parisdə və Londonda insanlar qələbəni qeyd etməyə hazırlaşdığı bir vaxtda cəbhədə əsgərlər hələ də ölüm-dirim mübarizəsi aparırdılar.

Artilleriya bölmələri qalan mərmiləri istifadə etməyə çalışır, bəzi komandirlər isə atəşkəs qüvvəyə minməmişdən əvvəl daha əlverişli mövqelər tutmaq istəyirdilər. Nəticədə piyada qoşunları son saatlarda da pulemyot atəşinin qarşısına göndərilirdi.

Müharibənin son günü də minlərlə insanın həyatına son qoydu. 11 noyabr 1918-ci ildə cəbhədə ölən və yaralananların sayı ilə bağlı müxtəlif hesablamalar mövcuddur. Lakin bir həqiqət dəyişmir: sülhün artıq imzalandığı məlum olduğu halda belə, qan tökülməsi davam edirdi.

Birinci Dünya müharibəsinin sonuncu rəsmi qeydə alınmış qurbanlarından biri ABŞ əsgəri Henri Günter oldu. 23 yaşlı hərbçi 11 noyabr səhəri, saat 10:59-da, atəşkəsin qüvvəyə minməsinə cəmi bir dəqiqə qalmış Fransa ərazisində alman mövqelərinə hücuma keçdi.

Alman əsgərləri atəşkəsin yaxınlaşdığını bildikləri üçün onu dayandırmağa çalışır, əl işarələri ilə hücumdan vaz keçməsini istəyirdilər. Lakin Günter irəliləməyə davam etdi. Alman pulemyotçuları atəş açdılar və o, həyatını itirdi.

Saat 11:00-da isə səngərlərdə silahlar susdu. Dörd il ərzində fasiləsiz atəş və partlayış səslərinə alışmış əsgərlər ilk dəfə başlarını səngərlərdən çıxarıb ətraflarına baxmağa başladılar. Artıq güllə yağışından qorxmadan ayağa qalxmaq mümkün idi.

İyirmi iki il sonra qayıdan müharibə

Təxminən 20 milyon insanın həyatına son qoyan, dörd böyük imperiyanın — Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı imperiyalarının süqutuna gətirib çıxaran müharibə başa çatmışdı. Avropa yeni dövrə qədəm qoyurdu.

Lakin marşal Ferdinand Foş gələcək hadisələrlə bağlı ciddi narahatlıq keçirirdi.

1919-cu ildə Versal müqaviləsinin şərtləri ilə tanış olduqdan sonra onun belə bir fikir səsləndirdiyi bildirilir: “Bu, sülh deyil. Bu, iyirmi illik atəşkəsdir”.

Tarix onun proqnozunun nə qədər dəqiq olduğunu göstərdi. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. Birinci Dünya müharibəsinin başa çatmasından cəmi 20 il 10 ay keçmişdi.

Foşun narahatlığının əsas səbəbi Versal müqaviləsinin Almaniyaya tətbiq etdiyi ağır şərtlər idi. Ölkə ərazilərinin bir hissəsini itirmiş, ordusu ciddi şəkildə məhdudlaşdırılmış, böyük təzminatlar ödəməyə məcbur edilmişdi. Bu vəziyyət Almaniya cəmiyyətində narazılıq və revanşist əhval-ruhiyyənin güclənməsinə şərait yaratdı. Sonradan nasistlər də bu narazılıqdan öz siyasi məqsədləri üçün istifadə etdilər.

Kompyen meşəsindəki 2419D nömrəli vaqon isə Birinci Dünya müharibəsinin başa çatmasının simvoluna çevrilmişdi. Fransa onu xüsusi pavilyonda qoruyub saxlayırdı.

Lakin 1940-cı ilin iyununda tarix ironik bir dönüş etdi. Fransa alman qoşunları qarşısında məğlub olduqdan sonra Adolf Hitler atəşkəs sənədinin imzalanması üçün məhz həmin vaqonun yenidən Kompyen meşəsinə gətirilməsini əmr etdi.

Hitler Foşun vaxtilə əyləşdiyi yerdə oturdu, fransız nümayəndə heyəti isə Almaniyanın təqdim etdiyi kapitulyasiya şərtlərini həmin vaqonda qəbul etməyə məcbur oldu.

Beləliklə, 1918-ci ildə Almaniyanın təslim olduğu yer 1940-cı ildə Fransanın məğlubiyyətinin səhnəsinə çevrildi.

1944-cü ildə alman qoşunları geri çəkilərkən vaqon məhv edildi. Onun qalıqları və pavilyonun yerləşdiyi ərazi də müharibənin dağıdıcı izlərindən xilas olmadı.

Sülhün gətirmədiyi əmin-amanlıq

Kompyen meşəsində 1918-ci ilin noyabrında başa çatan müharibə Avropaya gözlənilən sabitliyi gətirmədi. Qalib dövlətlər yeni dünya nizamı qurmağa çalışsalar da, məğlub ölkələrin problemləri, ərazi mübahisələri, iqtisadi böhranlar və siyasi qarşıdurmalar qitədə yeni gərginlik ocaqları yaratdı.

Birinci Dünya müharibəsinin nəticələri təkcə sərhədləri dəyişmədi, həm də Avropanın siyasi və ictimai həyatını kökündən sarsıtdı. Versal müqaviləsi müharibəni rəsmən başa çatdırsa da, onun yaratdığı ziddiyyətlər uzun illər davam etdi və yeni fəlakətin meydana çıxmasına təsirsiz qalmadı.

11 noyabr 1918-ci ildə toplar susdu. Lakin Avropa hələ uzun müddət müharibənin siyasi, iqtisadi və mənəvi nəticələrindən qurtula bilmədi. Tarix bir daha göstərdi ki, silahları susdurmaq mümkündür, amma ədalətli və davamlı sülh yaratmadan yeni müharibələrin qarşısını almaq olduqca çətindir.

Hazırladı Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*